Rusiya son hərbi təlimlərinin son günündə nüvə silahı ssenariləri üzrə təlimlərə başlayıb.
Bu barədə News365.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, Moskvanın əsas “kozırı” hələ də nüvə arsenalıdır, lakin bu silahların real istifadəsi ehtimalı çox azdır.
Ekspertin sözlərinə görə, Rusiya uzun illərdir nüvə gücünü Qərbə qarşı psixoloji təzyiq aləti kimi saxlayır:
“Rusiyanın əlində ən böyük üstünlük – nüvə, yəni atom bombasıdır. Amma hər dəfə qarşı tərəf də cavab verir ki, bu silah yalnız səndə deyil. Avropa və ABŞ-ın ümumi nüvə başlıqlarının sayı 5500-dən çoxdur. Üstəlik, onların texniki vəziyyəti də Rusiyadan daha yaxşıdır. Ona görə Rusiya bu silahı atmaqla qələbə qazanmış sayılmayacaq, əksinə, beynəlxalq təcridə məruz qalacaq.”
İlham İsmayıl hesab edir ki, Kreml nüvə təhdidlərini artırmaqla müharibəni dayandırmaq üçün siyasi zəmin hazırlayır:
“Putin və komandası hazırda elə bir vəziyyətdədir ki, müharibəni öz şərtləri ilə dayandırmaq istəyir. Bunun üçün həm daxili, həm də beynəlxalq auditoriyaya ‘hərbi üstünlük’ görüntüsü yaratmağa çalışır. Məsələn, Pakrovsk istiqamətində hücumlar, Gerasimovla görüşlər, hərbi geyimdə səfərlər – bunlar hamısı eyni strategiyanın tərkib hissəsidir.”
Ekspert əlavə edib ki, Rusiya ordusunun bəzi ərazilərdə irəliləyiş əldə etməsi təbliğat məqsədi daşıyır:
“Rusiyanın bəzi qoşunları Pakrovska və ya digər kəndlərə daxil olub, orada bayraq asaraq ‘biz buradayıq’ görüntüsü yaradırlar. Lakin bu, ərazilərin tam ələ keçirilməsi demək deyil. Çox vaxt bu addımlar dezinformasiya məqsədi daşıyır.”
İlham İsmayıl qeyd edib ki, hazırda Kreml üçün əsas məqsəd Donetsk vilayətində işğal olunmamış hissələri tam ələ keçirməkdir:
“Putin istəyir ki, Danetskdə hələ Rusiya nəzarətində olmayan əraziləri də tutandan sonra ‘indi mənim şərtlərimlə sülh danışıqları aparaq’ desin. Yəni o, müharibəni öz diktəsi ilə dayandırmaq niyyətindədir.”
Ekspertin fikrincə, bu planın həyata keçməsi üçün nüvə təhdidi Kreml tərəfindən psixoloji vasitə kimi istifadə olunur, lakin real istifadəsi Rusiya üçün böyük risk daşıyır.