Təhsil eksperti Etibar Əliyev fırıldaqçılıqda günahlandırılan Kazım Abbasov (özünü “David Seliverstov” kimi təqdim edən şəxs) barədə sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
Ekspert bildirib ki, sözügedən şəxsi ilk dəfə “Bakı Dağ Yəhudilərinin İcması”nın binasında keçirilən rəsmi tədbirlərdən birində görüb:
"2025-ci ilin may ayının 7-də sabiq icra başçısı Vaqif Abdullayevin ivrit dilinə tərcümə olunmuş 'Dostumuz, müttəfiqimiz' kitabının təqdimatı keçirilirdi. Kazım Abbasov tədbirdə özünü təşkilatçı və İcmada əsas söz sahibi kimi aparırdı. Hətta başına yəhudilərin fərdi baş geyimi olan kipa da keçirmişdi. Ondan yəhudilər haqqında bir neçə sual soruşdum, lakin cavab verməkdən yayındı. Qeyd edim ki, həmin tədbirin aparıcısı sabiq deputat Çingiz Qənizadə idi."
Etibar Əliyevin bu açıqlaması özünü fərqli kimliklərlə təqdim edən Kazım Abbasovun ictimai və dini icmaların tədbirlərinə necə daxil ola bildiyi barədə ciddi suallar doğurub.