Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ilə nəticələnən Brexit qərarı üstündən illər keçməsinə baxmayaraq, ölkənin siyasi gündəmində müzakirə olunan əsas məsələlərdən biri olaraq qalır. Brexit-in iqtisadi nəticələri ilə yanaşı, qərarın krallığın daxili siyasi sabitliyinə və ayrı-ayrı ərazilərin gələcəyi ilə bağlı müzakirələrə təsiri də diqqət çəkir.
Politoloq Turan Rzayev hesab edir ki, Brexit məsələsinə Böyük Britaniyanın yalnız iqtisadi göstəriciləri baxımından yanaşmaq düzgün deyil. Onun fikrincə, qərarın yaratdığı əsas suallardan biri krallığın tərkibindəki ayrı-ayrı ərazilərlə münasibətlərin gələcəyidir.

O bildirib ki, Brexit-i düzgün və ya yanlış qərar hesab edən fərqli yanaşmalar mövcuddur. Bir qrup bu addımın Böyük Britaniyaya iqtisadi baxımdan ciddi itkilər gətirdiyini düşünür. Digər tərəfdən isə qərarın ölkənin Avropa İttifaqından kənarda daha müstəqil siyasət yürütmək imkanlarını artırdığı qənaəti səsləndirilir.
Politoloqun sözlərinə görə, Avropada uzun illər davam edən qarşıdurmalardan sonra II Dünya müharibəsindən sonrakı dövrdə formalaşan inteqrasiya modeli keçmiş rəqibləri vahid siyasi-iqtisadi məkan ətrafında birləşdirdi. Böyük Britaniyanın bu sistemdən çıxması isə Avropa ilə münasibətlərdə yeni mərhələ yaratdı.
Rzayev hesab edir ki, Brexit-dən sonra Britaniyada müzakirələrin əsas istiqamətlərindən biri ölkənin ərazi bütövlüyü ilə bağlı mümkün ssenarilərdir. Xüsusilə Şotlandiyanın gələcəkdə Böyük Britaniyadan ayrılaraq Avropa İttifaqına qoşulmaq istəyinin gündəmə gətirilməsi bu müzakirələri daha da aktuallaşdırır.
Politoloq qeyd edib ki, məsələ yalnız Şotlandiya ilə məhdudlaşmır. Şimali İrlandiyanın gələcəyi ilə bağlı müzakirələr, eləcə də Uelsdə daha geniş muxtariyyət tələbləri Britaniyanın daxili siyasi gündəmində mühüm yer tutur.
“Böyük Britaniyanın yenidən Avropa İttifaqına qayıdacağını düşünmürəm”
Turan Rzayevin fikrincə, Britaniyanın Aİ-yə qayıtması ilə bağlı çağırışların səslənməsi ölkə daxilindəki siyasi və sosial problemlərlə də əlaqələndirilə bilər.
O bildirib ki, son illərdə Britaniyada hökumətlərin iqtisadi problemlərin həlli, işsizlik və evsizlik kimi məsələlərdə ciddi təzyiqlərlə üzləşməsi ölkə daxilində narazılıqları artıran amillər sırasındadır. Bununla yanaşı, krallığın gələcəyi, Şotlandiyanın mümkün ayrılması və Şimali İrlandiyanın statusu ilə bağlı müzakirələr də siyasi gündəmdə qalır.
Politoloq hesab edir ki, bütün bu amillərə baxmayaraq, Brexit qərarının ləğv edilərək Böyük Britaniyanın yaxın perspektivdə Avropa İttifaqına tam şəkildə geri dönməsi real görünmür.
Onun sözlərinə görə, Britaniyanın Avropadan kənarda da geniş siyasi və tarixi əlaqələr sistemi mövcuddur. Bu baxımdan, ölkənin Birlik ölkələri ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır.
Rzayev qeyd edib ki, Böyük Britaniyanın Avropa İttifaqına ehtiyacı məsələsi də birmənalı deyil. Onun fikrincə, Brexit-in arxasında dayanan əsas yanaşmalardan biri Britaniyanın müstəqil siyasi və iqtisadi güc kimi çıxış etmək istəyindən qaynaqlanırdı.
Politoloq hesab edir ki, Britaniya Avropanın aparıcı dövlətlərindən biri olaraq Aİ-dən kənarda da müstəqil xarici siyasət yürütmək imkanına malikdir. Bu səbəbdən Avropa İttifaqına qayıdış məsələsinin gündəmə gəlməsi daha çox ölkə daxilindəki siyasi proseslər və ayrı-ayrı bölgələrdə artan narazılıqlarla bağlı müzakirə olunur.
Məlumat üçün bildirək ki, Brexit Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesinə verilən addır. Ölkənin Aİ-dən ayrılması 31 yanvar 2020-ci ildə rəsmiləşib, keçid dövrünün başa çatması ilə Britaniya 2021-ci ildən Aİ-nin vahid bazarı və gömrük ittifaqından kənarda fəaliyyət göstərməyə başlayıb.