Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev deputat mandatından məhrum edilib.
News365.az-ın məlumatına görə, bundan əvvəl Naxçıvan Ali Məclisində daha bir deputat mandatdan məhrum edilmişdi.
Belə ki, ötən ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu deputat mandatından məhrum olunmuşdu.
Qeyd edək ki, Naxçıvan MR-in Mərkəzi Seçki Komissiyası deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul edib. Onun barəsində qanunverici orqana daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılmış, qanunvericiliyin tələblərinə uyğun olaraq İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan MR-in Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdi. Seçki Komissiyası 11 dekabr 2025-ci ildə Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul etmişdi.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 45 deputatdan ibarətdir. Bugünkü qərardan sonra onların sayı 43 nəfər oldu.