Başqa ölkədə yaşamaq və ya işləmək heç də həmişə pensiya hüququnun itirilməsi demək deyil. Azərbaycan və Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan saziş də məhz bu məsələnin həllinə yönəlib. Yeni sənəd iki ölkənin vətəndaşlarının əmək stajının nəzərə alınması, pensiyaların hesablanması və xaricə köçürülməsi ilə bağlı mühüm qaydaları müəyyənləşdirir.
News365.az xəbər verir ki, məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlıdır.
Müzakirələr zamanı deputat Musa Quliyev bildirib ki, sazişin əsas məqsədi iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək və vətəndaşların sosial hüquqlarını qorumaqdır.
Deputatın sözlərinə görə, 2021-ci il iyunun 26-da Daşkənddə imzalanmış, beş bölmə və 26 maddədən ibarət sənəd Azərbaycan və Özbəkistan vətəndaşlarının pensiya hüquqlarının tənzimlənməsini nəzərdə tutur.
Sazişə əsasən, tərəflərin vətəndaşları digər ölkənin ərazisində pensiya təminatı məsələlərində həmin dövlətin vətəndaşları ilə bərabər hüquqlara malik olacaqlar.
Sənəddə pensiya hüququnun müəyyənləşdirilməsi, sığorta stajının hesablanması və təsdiqi, pensiyaların təyin edilməsi, yenidən hesablanması və ödənilməsi mexanizmləri ətraflı əksini tapıb.
Musa Quliyev diqqətə çatdırıb ki, pensiya hüququ müəyyən edilərkən hər iki ölkənin ərazisində, o cümlədən keçmiş Azərbaycan SSR və Özbəkistan SSR-də əldə edilmiş sığorta stajı nəzərə alınacaq. Azərbaycan üzrə müvafiq dövrə aid pensiya kapitalı da hesablamaya daxil ediləcək.
Onun sözlərinə görə, hər bir dövlət öz ərazisində qazanılmış sığorta stajına uyğun pensiya məbləğini milli qanunvericiliyə əsasən müəyyənləşdirəcək.
Sazişin diqqətçəkən müddəalarından biri də pensiyanın xaricdə yaşamağa görə dayandırılmasının qarşısının alınmasıdır. Belə ki, sənədə əsasən, vətəndaşın digər ölkədə yaşaması onun pensiyasının azaldılması, dayandırılması və ya ləğvi üçün əsas ola bilməz.
Sənəddə pensiyaların digər dövlətin ərazisinə köçürülməsi, tibbi müayinələrin təşkili, aidiyyəti qurumlar arasında məlumat mübadiləsi və qarşılıqlı yardım məsələləri də tənzimlənir. Bundan başqa, müraciət və şikayətlərə baxılması, fərdi məlumatların qorunması, artıq ödənilmiş pensiyaların geri qaytarılması və pensiyalara yenidən baxılması qaydaları müəyyənləşdirilir.
Deputat bildirib ki, pensiya ödənişləri avro və ya ABŞ dolları ilə həyata keçiriləcək. Saziş eyni zamanda tərəflərin digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir göstərməyəcək.
Musa Quliyev qeyd edib ki, sənəd ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonra ikinci ayın ilk günündən qüvvəyə minəcək və qeyri-müəyyən müddətə bağlanacaq.
Yeni saziş qüvvəyə mindikdən sonra 1996-cı il mayın 27-də Bakıda imzalanmış Azərbaycan və Özbəkistan hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında əvvəlki saziş qüvvədən düşəcək.
Deputat qanun layihəsinin müvafiq komitədə ətraflı müzakirə olunduğunu da diqqətə çatdırıb.
News365.az