NATO ölkələri Rusiya və İran məsələsində ortaq mövqe nümayiş etdirir

NATO ölkələri Rusiya və İran məsələsində ortaq mövqe nümayiş etdirir
14:36

ABŞ Prezidenti Donald Trampın xarici siyasətdə atdığı son addımlar və NATO müttəfiqlərinin Ukrayna, Rusiya və İranla bağlı mövqeyi beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Politoloq Rəşad Bayramovun fikrincə, son NATO sammiti alyans daxilində əvvəlki fikir ayrılıqlarının böyük ölçüdə aradan qalxdığını göstərib.

News365.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, ilkin mərhələdə Trampın çağırışlarına baxmayaraq, Avropa İttifaqına üzv NATO ölkələri prosesə vahid şəkildə qoşulmaq istəmirdilər. Lakin son sammitdə bunun əks mənzərəsi ortaya çıxıb.


“İlkin mərhələdə Trampın çağırışlarına baxmayaraq, Avropa İttifaqına üzv NATO ölkələrinin prosesə vahid şəkildə qoşulmaqdan imtina etdiyini görürdük. Ancaq son Ankara sammitində qəbul olunan yekun sənəd bütün üzv ölkələr tərəfindən imzalandı. Həmin sənəddə İran, Rusiya və Çinlə bağlı vahid mövqe əksini tapdı. Bu isə göstərir ki, dünənə qədər Rusiya məsələsində fərqli yanaşmalar nümayiş etdirən tərəflər artıq Ukraynaya dəstək və Rusiyaya qarşı siyasətdə ortaq mövqe formalaşdırıblar. Ukraynaya ayrılan maliyyə dəstəyi də bunun göstəricisidir.”

Politoloqun sözlərinə görə, Trampın hazırkı siyasəti strateji xarakter daşıya bilər və əsas məqsədlərindən biri Avropa müttəfiqlərinin prosesdə daha fəal iştirakını təmin etməkdir.

“Bu, Trampın İrandakı hədəflərinə çatana qədər həyata keçirdiyi müvəqqəti strateji dəyişiklik də ola bilər. Hazırkı mərhələdə onun üçün əsas məsələ NATO-nun, xüsusilə də Avropa İttifaqına üzv ölkələrin prosesə hansı formada töhfə verəcəyini müəyyənləşdirmək idi. Artıq bu töhfələr də elan olunub.”

Rəşad Bayramov qeyd edib ki, Fransa, Almaniya və Böyük Britaniyanın Hörmüz boğazı istiqamətində hərbi gəmilər göndərməyə hazır olduqlarını açıqlamaları NATO daxilində koordinasiyanın gücləndiyini göstərir.

“Fransa, Almaniya və Böyük Britaniya öz hərbi gəmilərini, hətta minaların təmizlənməsi məqsədilə olsa belə, Hörmüz boğazına göndərməyə hazır olduqlarını bəyan ediblər. Bu da vahid yanaşmanın formalaşdığını göstərir. Böyük Britaniyanın yeni baş nazirinin açıqlamaları da əvvəlki vədlərdən ciddi şəkildə fərqlənmir. O, ABŞ-la fikir ayrılığının olduğunu demədi. Əgər belə bir ayrılığı olsaydı, bunu açıq şəkildə bəyan edərdi. Çünki əvvəlki hökumət dövründə Böyük Britaniya daxilində, xüsusilə müxalifət tərəfindən ABŞ siyasətinə həddindən artıq yaxın olmaqla bağlı ciddi tənqidlər səsləndirilirdi”, – deyə politoloq vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada