Sorğulamaqla yarqılamaq fərqlidir. Bir var soruşmaq, araşdırmaq bir də var mühakimə etmək. Dinin əsli soruşdurmanı, araşdırmanı məqbul bilir, lakin mühakiməni rədd edir. Allah Adəmə təzim əmri verəndə İblisin etirazı və mühakiməsi buna nümunədir. O, deyirdi ki, sən məni oddan, onu isə torpaqdan yaradıbsan, mən ondan daha üstünəm. Yaradanı və İdarəçini mühakimə edirdi.
Amma İbrahim Peyğəmbərin sorğusunu, araşdırmasını Tanrı Quranda təqdir və təqdim edir:
"Ənam" surəsi 76-cı ayədə buyurur:
"...
Beləcə, yəqinliklə iman gətirənlərdən olması üçün İbrahimə göylərin və yerin hökmranlığını (əzəmətini) göstərdik."
Ayədən görünür ki, Allaha, axirətə, görünməyən və hamıya elmi sübutlarla təqdim olunmamış həqiqətlərə çatmaq imanın və ya inamın kamilliyi üçün şərtdir. Çünki "yəqinlik" qəti və şübhə yeri olmayan inama deyilir. Demək İbrahim inanırdı, amma yəqinlik yox idi. Yəqinliyə çatmaq üçün Allah ona yerin - göyün mələkuti sirlərini, əzəmətinin mahiyyətini, fəlsəfəsini öyrənmək üçün yol açdıqdan sonra yəqinə çatdı.
İbrahim sadə və adi şəkildə yəqinə çatmadı. Ona fəlsəfə yürütmək üçün cığır açıldı ki, özü sorğulasın, araşdırsın və yəqinliyə özü çatsın.
Eyni surənin 77-ci ayəsində davam edir:
"Gecənin qaranlığı onu bürüdüyü zaman o, bir ulduz gördü və dedi: “Bu mənim Rəbbimdir!” Ancaq (ulduz) batdığı zaman: “Mən batanları sevmirəm”. – dedi."
Demək, İbrahim təfəkkür etdi, fikir yürütdü, bir yaradıcının olmasının zəruriliyi qənaətinə gəldi. Amma onun nə və ya kim olmasını aramağa başladı. Yaradanın daha möhtəşəm bir varlıq ola biləcəyi sonucuna vardı, ulduzu tanrı sandı. Lakin batdığı zaman düşündü ki, Rəbbin nuru sönə bilməz...
"Ay doğarkən onu görən zaman belə dedi: “Bu mənim Rəbbimdir!” O batdığı zaman isə: “Şübhəsiz, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, zəlalətə düşən qövmdən olardım”, - dedi." (Ənam, 78-ci ayə)
"Günəşi doğarkən görən zaman isə: “Bu mənim Rəbbimdir. Bu daha böyükdür”, - dedi. Ancaq o da batdığı zaman belə dedi: “Ey qövmüm, mən həqiqətən, sizin (Allaha) şərik qoşduğunuz şeylərdən uzağam. (Ənam, 79)
"Mən hənif olaraq üzümü göyləri və yeri yaradan Allaha çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm!” (“Hənif” kəlməsi “Allahı bir olaraq bilən, haqqa yönələn və batildən uzaq duran” mənalarına gəlir.) Ənam 80.
Şübhəsiz ki, İbrahim, peyğəmbər idi və o, Rəbbini tanıyırdı. Lakin bu üsulla, özünün araşdırması ilə daha yəqinliklə inanması üçün Allah İbrahimə fəlsəfə öyrətdi. Bununla da insanlara düşünməyi, yeri - göyü, kainatı araşdırmağı, Yaradanın varlığını kor-koranə, nağıl - dastanlarla deyil, dəlil - sübutla, elm - fəlsəfə ilə isbatlamaq yolunu göstərmiş oldu.
Quranda bir çox ayələrdə təfəkkür etmək, düşünmək, araşdırmaq əmr olunur. Araşdırmayanlar qınanır.
Ğaşiyə surəsi, 17-21 - ci ayələrdə buyurur:
"Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!
Göyün necə yüksəldildiyinə,
Dağların necə yerləşdirildiyinə,
Yer üzünün necə döşəndiyinə (baxmırlarmı)?!"
Yüzlərlə bu mənada ayələr var ki, baxıb təfəkkür etməyi, araşdırmağı, fəlsəfə yürütməyi əmr edir.
Ona görə deyilib ki, şübhə ilə ibadət etməkdənsə yəqinliklə yatmaq daha yaxşıdır.
Quranda bu cür ayələrlə Allah dünyəvi elmləri öyrənməyi fərz qılıb. Dağlara baxmaq deyərkən, qoyun canavara baxan kimi sadəcə baxmaq mənasında deyil. Coğrafiya, orogeniya öyrənməyi əmr edir ki, bu elmlərin sayəsində insan varlığın mahiyyətini tam anlayıb İbrahim kimi yəqinə çata bilər. Dəvəyə baxmaq deyərkən, zooparka gedib tamaşa etmək deyil, heyvanlar aləmi, zoologiya, anatomiya öyrənmək, dəvənin orqanizminin digərlərindən hansı səbəbə görə tamamilə fərqləndiyini müəyyən etməyə işıq yolu göstərir...
Sorğulamağı küfr, sorğulayanları kafir sayandan sonra müsəlmanlar əlil və zəlil oldu. Soruşma kafir olarsan, araşdırma azarsan, - bu cür cahilanə düşüncənin sayəsində mədrəsələrdə fəlsəfə, həndəsə, astronomiya, riyaziyyat, coğrafiya, tibb öyrətmək yerinə nağıl, rəvayət, mərsiyyə, nohə, aftafa tutmaq öyrətdilər. Heç o da bir işə yaramadı. Bu gün ən çirkli və natəmiz ölkələrin çoxu elə müsəlman ölkələrinin özüdür...
Tural İrfan, dinşünas