Uşaqlarda qəbizlik və onun fəsadları - Həkimdən valideynlərə vacib tövsiyələr

Uşaqlarda qəbizlik və onun fəsadları - Həkimdən valideynlərə vacib tövsiyələr
13:04

"Bəzi valideynlər uşaqlarının uzun müddət bayıra çıxmamasından narahat olaraq həkimə müraciət edirlər. Uşaqların bir hissəsi panik və qorxu içində tualetə getməkdən çəkinir, nəticədə qəbizlik yaranır. Uzunmüddətli qəbizlik zamanı uşaq nəcisi saxladığı üçün bağırsaqda çat əmələ gələ, qanama baş verə bilər. Bu da uşağın ağrı hiss etdiyi üçün daha da nəcisi saxlamasına səbəb olur."

Uşaq Cərrahı, Uroloqu Günel Əmiraslanova bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Belə hallarda valideynlərin təşvişə düşməməsi, ilk növbədə uşağı həkim müayinəsinə aparması vacibdir. Həmçinin ev şəraitində düzgün qidalanmaya diqqət edilməlidir ki, bu hallar təkrarlanmasın.

Uşaqların qidalanmasında əsasən təbii və liflə zəngin qidalara üstünlük verilməlidir. Marketdən alınan hazır məhsullar, çips, çubuq, qazlı içkilər və “fast food” növlərindən uzaq durmaq lazımdır. Əvəzində ev şəraitində hazırlanmış yeməklər, tərəvəzlər, meyvələr (xüsusilə kök, alma və s.) uşaqlar üçün daha faydalıdır.

Qəbizlik yaradan banan kimi meyvələrin çoxlu istifadəsindən çəkinmək tövsiyə olunur. Uşaqlarda gündəlik tualet vərdişi formalaşdırmaq da mühümdür — səhər və axşam müəyyən saatlarda uşağın tualetə getməsi üçün şərait yaradılmalıdır.

Xüsusilə pampersdən imtina dövründə uşaqlara bu prosesi qorxu yox, oyun şəklində öyrətmək lazımdır. Çünki çox vaxt qəbizlik pampersdən ayrılma mərhələsində yaranır.

Uşaq cərrahı və uroloq Günel Əmiraslanovanın sözlərinə görə, “Hirşsprunq xəstəliyi” adlanan nadir bir doğuşdan gəlmə bağırsaq problemi də qəbizliyə səbəb ola bilər. Lakin bu, çox az hallarda rast gəlinir. Əgər bu xəstəlik yoxdursa, uşaqlarda qəbizlik əsasən funksional xarakter daşıyır və düzgün qidalanma, pəhriz və müalicə ilə aradan qalxır.

“Valideynlərə tövsiyəm odur ki, uşaqları hazır və ədviyyatlı yeməklərdən uzaq tutsunlar, lifli, yüngül və evdə bişirilmiş yeməklərlə qidalandırsınlar, bol maye və süd içizdirsinlər,” – deyə Günel Əmiraslanova News365.az-a bildirib.

Vəfa Vəliyeva, News365.az


Sizin reklam burada
Sizin reklam burada