Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib.
News365.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, görüş Cənubi Koreyanın Busan şəhərində baş tutub.
Bu, Trampın ikinci prezidentlik müddətinin başlanmasından sonra iki lider arasında baş tutan ilk görüş olub. Çin Mərkəzi Televiziyasının məlumatına görə, danışıqlar 1 saat 40 dəqiqə davam edib.
Görüşdən dərhal sonra Tramp birgə bəyanat vermədən öz xüsusi təyyarəsi ilə şəhəri tərk edib.
Tramp danışıqlardan əvvəl jurnalistlərə “çox uğurlu bir görüş” gözlədiyini bildirib. Si Cinpin isə son doqquz ayda Tramp ilə üç dəfə telefonla danışdığını və məktub mübadiləsi apardıqlarını xatırladıb: “Dünyanın iki aparıcı iqtisadiyyatı üçün zaman-zaman fikir ayrılıqlarının olması təbiidir. Amma ABŞ və Çin dost və tərəfdaş olmalıdır. Buna həm tarix, həm də reallıq bizi öyrədir”.
Tramp jurnalistlərin “saziş əldə olundumu?” sualına qısa “ola bilər” cavabı ilə kifayətlənib.
ABŞ tərəfdən görüşdə dövlət katibi Marko Rubio, ticarət nümayəndəsi Ceymison Qrir, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik, Ağ Evin aparat rəhbəri Syuzi Uaylz və ABŞ-ın Çindəki səfiri Devid Perdyu iştirak ediblər.
Çin nümayəndə heyətinə isə xarici işlər naziri Van İ, onun müavini Ma Çaosyu, Dövlət Şurasının sədr müavini Xe Lifen, aparat rəhbəri Tsay Çi, ticarət naziri Van Ventao və Dövlət İnkişaf və İslahatlar Komitəsinin sədri Çjen Şansze daxil olub.
BBC-nin məlumatına görə, müzakirələrin mərkəzində üç əsas məsələ dayanıb:
Ticarət rüsumları: Tramp Çin mallarına tətbiq olunan gömrük rüsumlarını aşağı salmağa hazır olduğunu bildirib. Əvəzində ABŞ, Çin tərəfinin fentanil istehsalı və ixracı ilə bağlı əməkdaşlıq etməsini gözləyir.
Nadir torpaq metalları və süni intellekt çipləri: ABŞ bu sahədə milli təhlükəsizlik risklərini əsas gətirərək Çinlə texnoloji məhdudiyyətləri qorumağa çalışır. Çin isə dünya üzrə nadir torpaq metalları istehsalının böyük hissəsini nəzarətdə saxlayır.
TikTok məsələsi: ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Tramp–Si sammitində TikTok-un ABŞ seqmentinin satışı ilə bağlı yekun qərar açıqlana bilər. Lakin hələlik razılaşmanın şərtləri barədə yeni məlumat yoxdur.