Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Xəbərdə onun korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanıldığı bildirilir.
News365.az saytı DTX-nın saxladığı icra başçısının qısa dosyesini təqdim edir:
İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb.
Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib.
"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışıb, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyib.
İslam Rzayev 18 may 2011-ci ildə Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb. YAP-ın üzvüdür. Evlidir, 3 övladı var.