Ölümlə nəticələnən yol qəzaları son dövrlər çoxaldığı və xüsusilə son bir neçə gündə ürək dağlayan ölkənin müxtəlif yollarında faciələr yaşandığı üçün bu mövzu birbaşa mənim sahəm olmasa da, bu istiqamətdə kiçik bir analitik təhlil aparmağı özümə borc bildim.
Bir qədər araşdırdım. Görəsən, cərimələri artırmaqla ölümlə nəticələnən yol qəzalarının sayını azaltmaq həqiqətənmi mümkündürmü?
Maraqlıdır ki, dünyada qəbul edilmiş “cərimə X% artırsa, qəzalar Y qədər azalır” kimi bir düstur yoxdur. Əksinə, beynəlxalq araşdırmalar göstərir ki, cərimənin məbləğinin artırılması ilə qəzaların azalması arasında avtomatik və proporsional əlaqə mövcud deyil.
Məsələn, İngiltərə və Uelsdə 2017-ci ildə sürət həddinin ciddi şəkildə aşılmasına görə tətbiq olunan cərimələrin hesablanması sərtləşdirildi və ən ağır kateqoriya üzrə başlanğıc cərimə həftəlik gəlirin 100%-dən 150%-nə qaldırıldı. Sonradan aparılan və 2023cü ildə “Economics of Transportation” elmi jurnalında dərc olunan araşdırmada bu dəyişiklikdən əvvəl və sonrakı yol qəzaları müqayisə edildi. Tədqiqat daha yüksək maliyyə cəzasının ağır və ölümlə nəticələnən qəzaları azaltdığını təsdiqləyən statistik sübut aşkar etmədi.
Ümumdünya Səhiyyə Təşkilatının yanaşması da da maraqlıdır. Təşkilat yol təhlükəsizliyində təkcə cərimənin məbləğini deyil, qayda pozuntusunun aşkarlanması ehtimalını, nəzarətin davamlılığını və cəzanın qaçılmazlığını əsas amillər sırasında göstərir. Yəni sürücünu əsas çəkindirən amil yalnız “cərimə nə qədərdir” sualı deyil, həm də “qaydanı pozsam, aşkarlanacağammı?” sualıdır.
Avropa Komissiyasının yol hərəkəti qaydalarına nəzarətlə bağlı araşdırmaları da göstərir ki, cəzanın sərtliyindən daha çox onun qaçılmazlığı və nəzarətin effektivliyi əhəmiyyət daşıyır.
Bunu konkret rəqəmlər də göstərir.
Avropa Komissiyasının istinad etdiyi araşdırmaların ümumiləşdirilmiş nəticələrinə görə sürət kameralarının tətbiqi bütün qəzaları təxminən 19%, xəsarətlə nəticələnən qəzaları 18%, ağır və ölümlə nəticələnən qəzaları isə 21% azalda bilir.
Orta sürətin yolun müəyyən hissəsi boyunca ölçüldüyü sistemlərlə bağlı araşdırmalarda isə daha ciddi nəticələr əldə olunub. Belə nəzarət tətbiq edilən ərazilərdə ümumi qəzaların təxminən 30%, ağır və ölümlə nəticələnən qəzaların isə 56% azalması müəyyən edilib.
Başqa bir iqtisadi araşdırmada isə cərimənin məbləği deyil, cərimələnmə intensivliyi araşdırılıb. ABŞ məlumatları əsasında aparılan həmin tədqiqatda yol hərəkəti cərimələrinin verilməsinin 1% artmasının qəzaların təxminən 0,28% azalması ilə əlaqəli olduğu müəyyən edilib. Təbii ki, bu göstəricini Azərbaycana birbaşa tətbiq etmək olmaz. Amma nəticə vacib bir fərqi göstərir. Cərimə məbləğinin artırılması ilə qayda pozuntusunun aşkarlanması və cəzanın qaçılmazlığının artırılması eyni şey deyil.
OECD-nin Beynəlxalq Nəqliyyat Forumunun ümumiləşdirdiyi araşdırmalara görə isə orta hərəkət sürətinin cəmi 1% artması xəsarətlə nəticələnən qəzaları təxminən 2%, ağır və ölümlə nəticələnən qəzaları 3%, ölümcül qəzaları isə 4% artırır.
Deməli, əsas hədəf cərimənin neçə manat olması deyil, təhlükəli sürücülük davranışının və real hərəkət sürətinin nə qədər azaldılması olmalıdır.
Və nəhayət, BMT və Ümumdünya Səhiyyə Təşkilatının 2021-2030-cu illər üzrə yol təhlükəsizliyi yanaşması da problemi yalnız cərimələr üzərindən həll etməyi nəzərdə tutmur. Məqsəd yol ölümləri və ağır xəsarətlərin ən azı 50% azaldılmasıdır. Bunun üçün təhlükəsiz yollar, təhlükəsiz sürət, təhlükəsiz avtomobillər, effektiv nəzarət, sürücü davranışı və qəzalardan sonrakı tibbi yardım vahid sistem kimi nəzərdən keçirilir.
Bütün bunlardan sonra Azərbaycanda düşünməli olduğumuz istiqamət məncə bu sahədəki qərarların effektiyinin ölçülməsidir.
Son illərdə yol hərəkəti ilə bağlı cərimələrin məbləği dəfələrlə artırılıb. Bəs bu artımların nəticə effektivliyi ölçülübmü?
Cərimələr artdığı dövrdə hər 100 min nəfərə və hər 100 min avtomobilə düşən ölüm, ağır xəsarət və ağır yol qəzalarının sayı necə dəyişib?
Əgər cərimələr artır, amma ölüm və ağır qəzaların sayı adekvat şəkildə azalmırsa, deməli, problemin həllini yalnız cərimələrin məbləğinin artırılmasında axtarmaq düzgün deyil.
Əlqərəz, beynəlxalq təcrübə və tədqiqatlar göstərir ki, sürücünü daha çox pul almaqla qorxutmaq olmur. Odur ki, cərimələrlə paralel əsas hədəf qayda pozuntusunun qarşısını almaq, onun aşkarlanmasını qaçılmaz etmək, təhlükəli sürəti azaltmaq və yolun özünü insan səhvinin ölümə çevrilməyəcəyi şəkildə qurmaqdır.
Eldəniz Əmirov, iqtisadçı