Maliyyə idarəçiliyi indeksi nədir?

Maliyyə idarəçiliyi indeksi nədir?
09:27
Məni izləyən oxucularım bilir ki, hər indeks və ya göstərici üzrə hər hansı reytinqimizə rahat-rahat toxunmaram, təhlil etmərəm. Bu sahədə çox seçiciyəm. Amma qlobal təlatümlərin, xüsusilə borc, büdcə defisitləri və xərcləmələrin artdığı müasir dövrdə ölkəmiz həqiqətən ÖNƏMLİ BİR İNDEKS ÜZRƏ CİDDİ BİR UĞUR ƏLDƏ EDİB. Əldə etdiyimiz bu uğur əslində nələr deməkdir?
Öncə bu indeks, onun hansı göstəriciləri əhatə etməsi haqqında rəsmi məlumatı diqqətinizə çatdıraraq ölkəmiz üçün hansı potensial imkanları doğurduğunu əlavə edəcəm.
RƏSMİ MƏLUMAT:
"Azərbaycan Respublikasının maliyyə idarəçiliyi “Chandler Governance Group” tərəfindən dərc olunan 2026-cı ilə dair “Chandler Yaxşı İdarəetmə İndeksi” (Chandler Good Government Index 2026 - CGGI 2026) hesabatında yüksək nəticə göstərib. Ölkəmiz indeksin əsas qiymətləndirmə istiqamətlərindən olan “Maliyyə idarəçiliyi” (Financial Stewardship) üzrə 133 ölkə arasında Sinqapur və Norveçdən sonra 3-cü yeri tutub.
“Maliyyə idarəçiliyi” meyarı üzrə qiymətləndirmə “büdcə profisiti”, “dövlət xərclərinin səmərəliliyi” və “dövlət borcu” indikatorları üzrə aparılıb. Azərbaycan bu indikatorlar üzrə yüksək nəticələr göstərərək “büdcə profisiti” üzrə 1-ci, “dövlət xərclərinin səmərəliliyi” üzrə 16-cı, “dövlət borcu” üzrə isə 26-cı mövqedə yer alıb.
Təşkilatın dərc etdiyi hesabatda bildirilir ki, “maliyyə idarəçiliyi” meyarı üzrə yüksək nəticə göstərən ölkələrdə, o cümlədən Azərbaycanda səmərəli dövlət maliyyə idarəçiliyi, büdcə intizamı və fiskal şəffaflıq vətəndaşlar üçün daha yaxşı nəticələrin təmin edilməsi və iqtisadi inkişaf baxımından mühüm idarəetmə şərtləridir."
Bəs bu İNDEKSİN ƏHƏMİYYƏTLƏRİ NƏLƏRDİR?
1) Dünya ölkələrində borc məsələlərinin ən böyük çağırış olduğu bir vaxtda "dövlət borcu" üzrə 26-cı yerdə qərar tutmaq ölkənin kredit reytinqinin yüksək olması, istədiyi zaman daha az faizlə və daha sərfəli kredit şərtləri ilə xarici borc cəlb etmək (hələlik buna ehtiyac da yoxdur) imkanlarını göstərir. Ölkəyə gəlmək istəyən investorlar üçün bu ciddi müsbət siqnaldır;
2) “Dövlət xərclərinin səmərəliliyi” üzrə 16-cı yer son 2 il ərzində Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin yaradılması, AR Hesablama Palatası ilə Maliyyə Nazirliyinin bu istiqamətdə apardığı yoxlamalar və xərclərin səmərəliliyi ilə bağlı atılmış digər addımlar bu nəticənin yaxşılaşmasına ciddi töhfələrini vermişdir. Hərçənd ki, digər 2 indikatordan fərqli olaraq bu sahədə görüləcək işlər hələ çoxdur!
3) “Büdcə profisiti” üzrə 1-ci yer indikatoru! Bu ən yüksək nəticənin əldə olunmasında əslində digər 2 indikatorun da yüksək nəticələrinin payı çoxdur. Əslində məntiqlə və iqtisadi qanunauyğunluğu nəzərə alsaq hər 3 indikator bir-birləri ilə sıx bağlıdır. Büdcə profisiti üzrə bu qədər yüksək nəticə bu il üçün, yəni dövlət qurumlarında səmərəliliyin artırılması zərurəti fonunda müsbət amil kimi təqdirəlayiqdir. Lakin, indidən qeyd edək ki, növbəti il bu indikator üzrə 1-ci yeri saxlamaq ehtimalımız aşağıdır və əslində aşağı da olmalıdır. Yəni, gələn il bu 1-ci yeri əldən verməyimiz uğursuzluq hesab olunmayacaq və olunmamalıdır. Çünki, bir ölkənin büdcəsi 1-2 ildən çox olmamaq şərtilə yalnız bir neçə halda profisit verə bilər (bu başqa mövzudur, indi uzun yazı olmaması üçün digər vaxtda toxunarıq). Lakin, bir ölkənin büdcəsi (yüksək resurs gəliri olan ölkələr istisna olsalar da, bu da mənfi hal sayılır və holland sindromunun əlamətlərindən biri hesab olunur) davamlı olaraq profisit verə bilməz. Yalnız iqtisadiyyat və fiskal siyasət üzrə peşəkar mütəxəssis olmayanlar davamlı bir neçə il ard-arda verilən profisiti müsbət hal hesab edə bilərlər. Bu halda onlar büdcə defisitinin mahiyyəti, fəlsəfəsini daha dərindən öyrənməlidirlər.
Yekun nəticə olaraq bu il üçün gözəl olan bu nəticə ilə biz dünya investorlarına aşağıdakı əsas mesajları veririk:
- Azərbaycanın maliyyə dayanıqlığı yüksək səviyyədədir;
- ölkə öz büdcə xərcləmələrinə nəzarəti artırmış və səmərəliliyi yüksəltmişdir. Xüsusilə resurs iqtisadiyyatından post-resurs iqtisadiyyatına keçiddə bu çox önəmli amildir!
- ölkə şok hadisələri və böhranlara qarşı dayanıqlıdır!
- ölkənin hətta daha aşağı kredit faizləri ilə borc cəlbetmə imkanları yüksəkdir;
- büdcə profisiti göstərir ki, ölkə büdcəsi növbəti illərdə daha səmərəli şəkildə öz xərclərini artırmaq, daxili investisiya qoyuluşlarını genişləndirmək imkanlarına malikdir!
İndi isə strateji istiqamət necə olacaq və ya olmalıdır sualı ilə bağlı digər fikirlərimi diqqətinizə çatdırmaq istərdim:
1) Hər hansı bir ölkə resurs iqtisadiyyatına daxil olarkən Vahid Strateji Proqramla daxil olur. Yəni, bu Proqramın əsas hədəfi resurslardan gələn gəlirlərin iqtisadiyyat tərəfindən necə, hansı müddətdə və hansı şəkildə həzm edilməli olduğunu və hansı qeyri-resurs sahələrinin inkişafına hansı vəsaitlərin ayrıldığını göstərir. Bu Proqram olmadıqda ölkə birdən-birə yüksək həcmdə gələn gəlirlərə psixoloji və iqtisadi konyuktura olaraq hazır olmadığı üçün həzm filtrləri ya olmur, ya zəif olur, səmərəsizlik artır, Holland Sindromu riski yüksəlir;
2) hər hansı bir ölkə post-resurs dövrünə daxil olduqda da Vahid İqtisadi Proqram (fraqmental proqramlar bir müddət sonra hətta müəyyən risklər də formalaşdıra bilir) qəbul edir. Bu Proqram post-resurs dövründə iqtisadi konyukturanın necə dəyişəcəyi, resurs satışından azalan gəlirlərin hansı mənbələr hesabına hansı şəkildə kompensasiya olunacağını (bu sadə fikir əslində ən təhlükəli və riskli istiqamətdir. Bəzən ölkə buna hazır olmadığı üçün düzgün olmayan və iqtisadiyyatın inkişafına deyil, boğulmasına səbəb olan gəlir mənbələri formalaşdırmaqla ilbəil öz-özünü daha dar dalana salır), hansı sahələrin inkişafının prioritet olması əhatə olunur. Bəs bu Proqram olmadıqda hansı risklər formalaşır? Əvvəla, ölkə tam olaraq bir Vizyon və Strategiyaya malik olmur. İkincisi, ölkə xərcləri azaltmağa məcbur olduqca (Proqram yoxdur, xərclər iqtisadi inkişafdan daha çox cari ili xilas etməyə yönəlir) iqtisadi daralma riskləri artır, fraqmental Proqramlarla müəyyən sahələrdə inkişafa nail olunmağa çalışılır, lakin bu Proqramlar bir çox hallarda gözlənilən nəticələri vermir (səbəbləri uzun və dərindir), əhali, dövlət və özəl qurumlar, hətta bu sahədə olan rəsmilər də qeyri-müəyyənlik şəraitində bəzən bir-birlərinə zidd olan qərarlar verir və addımlar atırlar.
3) Post-resurs Proqramının uğuru və cəlbediciliyi ölkənin bu dövrə hansı iqtisadi-maliyyə göstəriciləri ilə daxil olmasından asılıdır. Ölkə borc yükü, yüksək büdcə defisiti, səmərəsiz xərcləmələr üzrə zəif indikatora malikdirsə ölkənin investisiya cəlbediciliyi minimuma düşər. Azərbaycan isə bütün bu məsələlərdə yüksək nəticələr əldə edərək, dünyanın inkişaf etmiş ölkələrinin onluğundadırsa və Sinqapur, Norveç kimi ölkələrlə ilk üçlükdədirsə bu böyük uğurdur və MALİYYƏ SAHƏSİNİN BU UĞURUNDAN MAKSİMUM İSTİFADƏ EDƏ BİLMƏK İSƏ İQTİSADİYYAT TƏRƏFİNDƏN ASILIDIR! Bunu açıq ifadə etməliyik!!! BUNUN İLK ADDIMI İSƏ VAHİD İQTİSADİ PROQRAMIN QƏBULUDUR! Xüsusilə yeni iqtisadi konyukturaya keçid dövründə! Bu Proqramın qəbulundan öncə isə bu Proqramın səmərəli işləməsini təmin edən 3 önəmli addım atılaraq möhkəm bünövrə yaradılmalıdır!
Önəmli qeyd. Resurs dedikdə təkcə neft-qazı nəzərdə tutmayaq. Bəzi ölkələr misdən, bəziləri qızıl, brilyantdan, bəziləri digər faydalı qazıntılardan böyük həcmdə vəsaitlər qazanmışlar. Hansı ölkələr ki, post-resurs dövrünə aydın Vizyon, qəbul olunmuş qısa və orta müddətli Strategiyaları əhatə edən Vahid Proqramla daxil olublar, həmin ölkələr inkişaf trayektoriyalarını daha uğurla cızmışlar! Hansı ölkələrin təcrübələri daha uğurlu olub, hansılar daha uğursuz olub, həmin Proqram üçün ilkin hansı addımlar hansı metodologiyalar və şərtlərlə atılmalıdır, Proqramın uğurunu təmin edən amillər hansılardır mövzularının hər biri bura sığmayacaq qədər dərindir! Bunları öyrənmək (ChatGBT ilə qısa yoldan dayaz bir şəkildə deyil), təhlil etmək, Azərbaycan üçün uğurlu modelləri, istiqamət və şərtləri mənimsəyib tətbiq etmək isə peşəkarlıqdan, bu sahədəki bilik və təcrübələrdən asılıdır!
Məhz bu İNDEKS ölkəmizin növbəti mərhələyə daha inamlı addımlarla daxil olmasına töhfə verən və şərtləndirən önəmli və faydalı bir göstəricidir! Növbə səmimi desək hələlik uğurlarına sevinə bilmədiyimiz, fəxr edə bilmədiyimiz iqtisadi göstəricilərimizindir! Amma bu İNDEKS DƏ GÖSTƏRDİ Kİ, şansımız da, imkanlarımız da, potensialımız da çox yüksəkdir!
Elman Sadıqov, iqtisadçı

Sizin reklam burada
Sizin reklam burada