Nazirlər
Kabineti ixrac və daxili daşınmalara dövlət dəstəyinin şamil olunmadığı əməliyyatların
və şəxslərin siyahısını təsdiqləyib. Bu siyahlda tranzit, təkrar ixrac, Azərbaycan
mənşəli olmayan məhsulların və müəyyən digər əməliyyatların dəstəkdən kənarda
saxlanılmasının iqtisadi məntiqi var.
Bununla
bağlı danışan iqtisadçı Eldəniz Əmirov
deyir ki, məhz yerli istehsalı və real ixracın dəstəkləməsınə fokuslanılır:
“Amma təbii
ki, mexanizmin praktikada özünü necə göstərəcəyini zamanla görəcəyik. Ola bilər
ki, tətbiq zamanı bəzi məhdudiyyətlərin dəqiqləşdirilməsinə və ya siyahıda müəyyən
dəyişikliklərə ehtiyac yaransın.
Lakin daha
maraqlı məsələ qarşıdadır. Qarşıda dövlətin bu dəstəyinin hansı məhsullara və
hansı ixrac bazarlarına istiqamətləndirilməsi dəqiqləşdiriləcək. Belə ki,
Prezidentin 9 iyun 2026-cı il tarixli fərmanı ilə Nazirlər Kabineti ilə yanaşı,
İqtisadiyyat Nazirliyinə də konkret tapşırıqlar verilib. Nazirlik Maliyyə
Nazirliyi ilə razılaşdırmaqla daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz
mallarının və onların ixrac olunduğu ölkələrin siyahısını, müraciətlərə
baxılması və müxtəlif nəqliyyat növləri ilə daşımalar zamanı dəstəyin
hesablanması qaydalarını təsdiqləməlidir.
Məhz məhsulların
və ölkələrin seçimi xüsusi əhəmiyyət daşıyır. Çünki eyni həcmdə dövlət vəsaiti
müxtəlif bazarlarda fərqli iqtisadi nəticələr verə bilər.
Odur ki,
hesab edirəm ki, bu seçim zamanı Azərbaycanın ənənəvi ixrac bazarları ilə
yanaşı, yeni bazarlara çıxış imkanlarına da xüsusi diqqət yetirilməlidir.
Xüsusilə ixrac potensialı olan, amma yüksək daşınma xərclərinə görə xarici
bazarlarda rəqabət aparmaqda çətinlik çəkən məhsulların dəstəklənməsi daha
böyük nəticə verə bilər.
Yəni,
fokuslanmalı olan məsələ, hansı məhsulun hansı ölkəyə ixracının dəstəklənməsindən
daha çox, həmin dəstəyin nə qədər əlavə ixrac yaradacağıdır. Məncə, dövlət vəsaitlərinin
səmərəliliyini qiymətləndirərkən də əsas göstəricilərdən biri məhz bu
olmalıdır. Yəni, dəstəyə ayrılan hər manat il sonunda və ya dövrün sonunda neçə
manatlıq əlavə ixrac yaranmasına vəsilə olacaq?”
News365.az