10 noyabr 2026-cı il tarixində Lənkəran Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Sahibkarların İnkişaf Proqramı” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil olunub.
Tədbirdə Lənkəran rayonundan 60 nəfər gənc iştirak edib.
Tədbirin açılışında layihə rəhbəri Həzrət Bədiyev çıxış edərək
bildirib ki, region gənclərinin sahibkarlıq sahəsində bilik və bacarıqlarının
artırılması, onların iqtisadi fəallığının dəstəklənməsi müasir dövrün əsas
çağırışlarından biridir. Onun sözlərinə görə, gənclərin öz biznes ideyalarını
formalaşdırması və bu ideyaları reallaşdırmaq üçün zəruri biliklərə yiyələnməsi
onların gələcək məşğulluq imkanlarının genişlənməsinə də müsbət təsir göstərə
bilər. H.Bədiyev layihənin Lənkəran və Masallı rayonlarında həyata keçirilməsinin
region gəncləri üçün yeni imkanlar yaradacağını vurğulayıb.
Təlimçi Orxan Məmmədov iştirakçılara sahibkarlıq fəaliyyətinin
əsas prinsipləri, biznes ideyasının formalaşdırılması, biznes planın
hazırlanması və ilkin sahibkarlıq addımlarının atılması barədə ətraflı məlumat
verib.
Təlim zamanı gənclərin biznes düşüncəsinin
formalaşdırılması, mövcud imkanların düzgün qiymətləndirilməsi və fərdi təşəbbüslərin
real biznes fəaliyyətinə çevrilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
İştirakçılar müxtəlif praktiki nümunələr əsasında biznes ideyalarının inkişaf
etdirilməsi və sahibkarlıq fəaliyyətində qarşıya çıxa biləcək çətinliklərin
aradan qaldırılması yolları ilə tanış olublar.
İnteraktiv formada keçirilən təlimdə gəncləri maraqlandıran
suallar cavablandırılıb, onların sahibkarlıq sahəsindəki fikir və təşəbbüsləri ətrafında
müzakirələr aparılıb.
Qeyd edək ki, “Gənc Sahibkarların İnkişaf Proqramı” layihəsinin
əsas məqsədi Lənkəran və Masallı rayonlarında yaşayan gənclərin sahibkarlıq
biliklərini artırmaq, innovativ biznes ideyalarını dəstəkləmək və onların
iqtisadi fəallığının yüksəldilməsinə töhfə verməkdir.