İranla İsrailin Xəzər oyunu və Türk kimliyinə qarşı fars yəhudi hücumu

İranla İsrailin Xəzər oyunu və Türk kimliyinə qarşı fars yəhudi hücumu
09:33
Deyilənə görə ayının min oyunu bir armuda görədir. İndi də İran və İsrail arasında baş verən oyunların fonunda Azərbaycan xalqının tarixi hədəfə alınıb. İran bir tərəfdən başlayıb ki, Xəzər dənizinin adını dəyişib "Caspian" edək. Guya İran burada mövcud olmuş Xəzər xaqanlığı dövründə ibrani inancı qəbul etmiş şəxslərin yəhudi olmasına subliminal mesaj verir. İsraildə də özünü ağıllı hesab edənlər də sosial mediada iddia edirlər ki, Xəzərlər "yəhudi" olub. Ay sizin ikiniz də öləsiniz. Guya bu oyunlarınızın alt fikrində regionda Türk kimliyinin olmadığını dünyaya qəbul etdirmək olduğunu heç kim bilmir ?
İran və İsraildə bu oyunu quranlar məlumunuz olsun ki, Xəzər dənizi haqqında ilkin məlumatlar eramızdan əvvəl IX əsr Assuriya mənbələrinə aiddir. Qədim assuriyalılar bu dənizi “Gündoğan dəniz” adlandırmışlar. E. ə. V əsrdə yunan müəllifləri Hekatey Miletli və Herodot bu dənizi Kaspi və Hirkan dənizi adlandırmışlar. Min ildən artıq dövrdə bu iki ad ən işlək adlar olmuşdur. 70 -dən çox əlyazmalarda, qaynaq və mənbələrdə Xəzər dənizinin adı müxtəlif cür çəkilir.
Real olaraq isə, VI əsrdən başlayaraq dənizin şimal-qərb sahillərində Xəzər xaqanlığı mövcud olub ki, Şərq ölkələrində və bir sıra Avropa ölkələrində bura Xəzər dənizi adlandırılmışdır.
IX əsrdə ərəb coğrafiyaçısı və səyyahı İstəxəri yazırdı: “Hövzeyi-bəhru-əl Xəzərin bir nöqtəsindən çıxıb onun sahili boyu hərəkət etməklə, yenə həmin nöqtəyə qayıtmaq olar”.
Xəzərlərin tarixində günümüzədək bəzi müəmmalı səhifələr qalsa da, Xəzər dənizinin bu xalqın adıyla bağlı olması tamamilə qanunauyğundur. Çünki məhz xəzərlər dövlətlərini bu dənizin sahillərində qurmaqla, VII-X yüzilliklərdə İtil çayı və Xəzər dənizi üzərində beynəlxalq ticarət yollarını açıb inkişaf etdirməklə bəşər tarixində ilk dəfə olaraq bu dənizi dövrün "geosiyasi" mərkəzinə çevirməyə müvəffəq olmuşdular.
ibn- Hövqəl Xəzər dənizinin də xəritəsini çəkərək, onun Dərbəndədək bütün sahilboyu ərazisini Azərbaycan adlandırmışdıv İbn əl-Əsir xəlifə Məsləmə ibn Əbdül-Malik türklərə (xəzərlərə) qarşı yürüşə çıxdığını və Azərbaycan vilayətindəki Dərbəndə qədər gedib çatdığını yazmaqla bir daha təsdiq edir ki, Xəzərlər Azərbaycan türkləridir.
Almaniya tarixinin nüfuzlu alimlərindən biri olan Hartman Şedelin "Salnamələr Kitabı" adı ilə tanınan Nürnberq Salnaməsi, Konrad Gesnerin "Mithridates", fransız tarixçi və diplomatı Viktor Berrarın “Révolutions de la Perse” və adını yaza biləcəyim yüzlərlə kitab da təsdiq edir ki, Xəzərlər Azərbaycan torpaqlarında imperiya quran Türklərdir.
Aşşur əlyazmalarında, Adadnerari-III (910-783 v.v) dövründə Xəzər dənizi "Günəşin qalxdığı böyük dəniz" kimi ifadə olunmuşdur. Yunan-Roma tarixçiləri və coğrafiyaçıları - Herodot, Plutarx, Strabon, Böyük Plini, Polibi, Arrian, Tasit və s. Cənub Şərqi Avropadan ön Asiyaya gedən Xəzər dənizinin ətrafında adət ənənələri sırf Türklərə aid olan xalqın yaşamasını qeyd ediblər.
Bu gün İsrail və onlara yaxın media iddia edir ki, guya Xəzərlər yəhudi olub. Xəzər xaqanlığının idarəçi elitasının müəyyən bir dövrdə ibrani inancını qəbul etməsi, Qərb tarixşünaslığında zaman-zaman onların etnik mənşəyi ile bağlı spekulyasiyalara və təhriflərə yol açmışdır. Lakin həqiqət budur ki, Xəzərlər dini inanclarını dəyişsələr də, öz dillərini, adət-ənənələrini və idarəetmə sistemlərini, türk kimliklərini qoruyub saxlaylblar. Bir sözlə Xəzər xaqanlığında ibrani inancının mövcud olması müasir İsrail dövləti, yəhudi milləti və sionizmlə heç bir əlaqəsi yoxdur.
Bəs onda necə olur ki, Qərb təsirinə qarşı çıxdığını bəyan edən Tehran, öz dilində əsrlərdir işlədilən 'Dəryaye-Xəzər' adını ideoloji qorxulara qurban verərək ingilisdilli dünyanın 'Caspian' termini ilə əvəzləməyə can atır?
Burada sadəcə bir hədəf var. Regionda TÜRK kimliyi və tarixini silmək cəhdi. Bu reallıq fonunda, İranın 'sionizm planı' iddiaları ilə çıxış edərək dənizin adını dəyişdirmək istəməsi, əslində regionun qədim Türk və Azərbaycan irsini coğrafi xəritələrdən silmək və ya kölgədə qoymaq məqsədi daşıyır. Bu da onların boğazında qalacaq
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada