İnsan bəzən özünə bənzəməyən bir insanla qarşılaşanda qəribə bir narahatlıq keçirir. Onun başqa cür düşünməsi, fərqli inanması, həyata başqa pəncərədən baxması, hətta bizim doğru hesab etdiyimiz dəyərləri sorğulaması sanki daxili dünyamızda görünməz bir müqavimət yaradır. Nədənsə, özümüzə bənzəyən insanları anlamaq bizə asan gəlir, bizdən fərqli olanları isə mühakimə etməyə tələsirik. Sanki insanın düşüncə azadlığı yalnız bizim düşüncələrimizlə üst-üstə düşdüyü müddətdə qəbul edilə bilər. Halbuki dünyanın ən böyük zənginliyi insanların bir-birinə bənzəməsində deyil, bir-birindən fərqli ola bilməsindədir. Təbiətə nəzər salaq: eyni ağacın budaqlarında belə yarpaqların forması, rəngi və istiqaməti fərqlidir. Eyni səmanı seyr edən insanların gördükləri mənzərə belə onların xatirələrinə, təcrübələrinə və daxili dünyalarına görə dəyişir. Bəs bu qədər rəngarəng yaradılmış bir dünyada insanlardan eyni düşüncəni, eyni inancı, eyni həyat tərzini gözləmək nə dərəcədə məntiqlidir? Bəlkə də insanlığın ən böyük problemlərindən biri fərqli insanların mövcudluğu deyil, fərqliliyi təhlükə kimi qəbul edən düşüncə tərzidir. Çünki fərqli olmaq insan olmaqdan imtina etmək demək deyil. Başqa cür inanmaq, başqa cür düşünmək, başqa cür yaşamaq insanın mənəvi dəyərini avtomatik olaraq azaltmır. İnsanları bir-birindən ayıran düşüncə fərqləri deyil, həmin fərqləri düşmənçiliyə, ayrı-seçkiliyə və üstünlük iddiasına çevirən münasibətdir. Burada mühüm bir sual ortaya çıxır: Niyə insan öz azadlığını təbii haqqı hesab etdiyi halda, başqasının eyni azadlığa sahib olmasını bəzən qəbul etməkdə çətinlik çəkir? İnsan psixologiyasında maraqlı bir xüsusiyyət var: biz özümüzə yaxın olan insanları daha asan anlayır, özümüzdən fərqli olanları isə bəzən daha tez mühakimə edirik. Bunun arxasında sosial kimlik, mənsubiyyət hissi və qrupdaxili üstünlük meyli kimi psixoloji mexanizmlər dayanır. İnsan özünü müəyyən bir qrupa, ideologiyaya, dinə, millətə və ya dünyagörüşünə aid etdikdə həmin mənsubiyyət onun şəxsiyyətinin bir hissəsinə çevrilir. Belə vəziyyətdə qarşı tərəfin fikrinə edilən tənqid bəzən insanın şüurunda öz şəxsiyyətinə yönəlmiş hücum kimi qəbul olunur. Nəticədə insan fikri müzakirə etmək əvəzinə özünü müdafiə etməyə başlayır. O, qarşısındakının nə demək istədiyini anlamağa deyil, onun səhv olduğunu sübut etməyə çalışır. Beləliklə, müzakirə həqiqəti axtarmaq vasitəsi olmaqdan çıxır, tərəflərin öz mövqelərini qorumaq mübarizəsinə çevrilir. İnsan artıq fikirləri deyil, şəxsiyyətləri mühakimə etməyə başlayır. Birinin hansı dinə mənsub olduğunu öyrənmədən onun haqqında hökm verir, siyasi mövqeyinə görə xarakterini müəyyənləşdirir, geyiminə görə əxlaqını, həyat tərzinə görə düşüncə səviyyəsini qiymətləndirir. Halbuki bunların heç biri insanı bütövlükdə tanımaq üçün kifayət deyil. İnsan haqqında əvvəlcədən hökm vermək asandır, onu həqiqətən anlamaq isə intellektual zəhmət tələb edir. Bəzən insanlar öz düşüncələrini o qədər müqəddəsləşdirirlər ki, həmin düşüncələrə yönələn hər sualı hörmətsizlik hesab edirlər. Halbuki sorğulanmaqdan qorxan fikir inkişaf edə bilməz. Əgər bir inanc, ideya və ya dünyagörüşü yalnız tənqid edilmədiyi müddətdə mövcudluğunu qoruya bilirsə, deməli, onun müdafiəsi üçün düşüncədən daha çox qadağalara ehtiyac duyulur. Güclü fikir sualdan qorxmur, arqumentlə cavab verir. Fəlsəfənin bizə öyrətdiyi ən mühüm dərslərdən biri də budur: insan öz düşüncəsinin sərhədlərini dünyanın sərhədləri hesab etməməlidir. Bizim bilmədiklərimiz bildiklərimizdən qat-qat çoxdur. Bu gün mübahisəsiz həqiqət hesab etdiyimiz bir çox fikir sabah yeni biliklər və kəşflər qarşısında yenidən nəzərdən keçirilə bilər. Deməli, düşüncəli insanın ən böyük üstünlüyü hər şeyə cavabının olması deyil, cavabını bilmədiyi suallar qarşısında da təmkinini qorumasıdır. 19-əsr ingilis filosofu Con Stüart Millin 1859-cu ildə nəşr etdirdiyi "Azadlıq haqqında" əsəri bu mövzuda fəlsəfi düşüncənin ən mühüm mənbələrindən biridir. Mill fərdi azadlığın və fikir müxtəlifliyinin cəmiyyətin inkişafı üçün vacibliyini müdafiə edirdi. Onun yanaşmasına görə, hətta yanlış hesab etdiyimiz fikirlərlə qarşılaşmaq belə həqiqəti daha dərindən anlamaq, öz mövqeyimizi yoxlamaq və düşüncəmizi inkişaf etdirmək baxımından əhəmiyyətlidir. Çünki insanın doğru hesab etdiyi fikir yanlış ola bilər. Hətta həmin fikir doğru olsa belə, ona qarşı səslənən etirazlar və alternativ yanaşmalar insanın öz mövqeyini daha dərindən anlamasına kömək edə bilər. Əks halda, insan bir vaxtlar mənasını dərk etdiyi həqiqəti düşünülməmiş bir şüara çevirə bilər. Burada mühüm bir fəlsəfi məqam var: həqiqətə sahib olduğunu düşünmək başqa, həqiqəti axtarmağa davam etmək başqadır. Birinci mövqe insanı arxayınlaşdıra, ikinci mövqe isə daim öyrənməyə sövq edə bilər.
İnsan öz fikrini müdafiə etməlidir, amma onu öz şəxsiyyətinin toxunulmaz hissəsinə çevirməməlidir. Çünki insan fikirlərindən daha böyükdür. Fikirlər dəyişə, inanclar dərinləşə, dünyagörüşü yenilənə bilər. Ancaq insanın mənəvi dəyəri onun hansı fikri müdafiə etməsindən asılı olaraq müəyyənləşdirilməməlidir. Əgər bir insan mənimlə eyni düşünmürsə, bu, onun mənim düşmənim olması demək deyil. Əgər mənim inandığım bir məsələyə inanmırsa, bu, mənə onu alçaltmaq hüququ vermir. Əgər mənim həyat seçimlərimdən fərqli seçimlər edirsə, bu, onun həyatına müdaxilə etməyim üçün əsas ola bilməz. Azadlığın həqiqi dəyəri məhz burada üzə çıxır: özünə bənzəyən insanların yanında azad olmaq asandır, əsl azad düşüncə isə özündən fərqli olan insanın da eyni hüquqa sahib olduğunu qəbul etdiyin zaman başlayır. İnsanlıq əsrlər boyu yalnız torpaq, sərvət və hakimiyyət uğrunda deyil, həm də inanc, ideologiya və düşüncə fərqləri səbəbindən qarşıdurmalar yaşayıb. Bəzən insanlar bir-birini tanımadıqları, hətta qarşı tərəfin nə düşündüyünü bilmədikləri halda belə, onun mənsub olduğu qrupa görə düşmən hesab ediliblər. Tarixin acı həqiqətlərindən biri budur ki, fərqli düşüncəyə qarşı dözümsüzlük çox vaxt özünü həqiqətin, əxlaqın və ya müqəddəs dəyərlərin müdafiəsi adı altında təqdim edib. İnsanlar öz mövqelərini mütləq həqiqət kimi qəbul etdikdə başqasının hüquqlarını məhdudlaşdırmağı da haqlı hesab etməyə başlayıblar. 1598-ci ildə Fransa kralı 4-Henrix tərəfindən imzalanmış Nant fərmanı katoliklər və protestantlar arasında uzunmüddətli dini qarşıdurmalardan sonra protestantlara müəyyən dini və mülki hüquqlar tanıdı. Bu fərman bütün problemləri aradan qaldırmasa da, dini fərqliliklərin hüquqi çərçivədə tənzimlənməsi baxımından əhəmiyyətli hadisə idi. Lakin 1685-ci ildə 14-Lüdovik həmin fərmanı ləğv etdi və Fransada protestantların vəziyyəti yenidən ağırlaşdı. Bu tarixi nümunə bizə mühüm bir dərs verir: insanın hüquqları yalnız cəmiyyətin yaxşı niyyətinə buraxılmamalı, hüquqi və institusional təminatlarla qorunmalıdır. Bənzər şəkildə, 1648-ci il Vestfaliya sülhü Avropada uzun sürən Otuzillik müharibəyə son qoyan razılaşmalar sistemi kimi tarixə düşdü. Bu hadisəni müasir dini və dünyagörüşü azadlığının tam başlanğıcı kimi təqdim etmək düzgün olmazdı. Lakin o, Avropada siyasi münasibətlərin və dövlətlərarası birgəyaşayış prinsiplərinin formalaşmasında mühüm mərhələ idi. İnsanların düşüncələrini susdurmaq olar, lakin onların daxili dünyasını əmrlə dəyişdirmək mümkün deyil. Qorxu müvəqqəti itaət yarada bilər, amma səmimi anlaşma yaratmır. Təzyiq insanı susdura bilər, ancaq onu inandırmaya bilər islam dinində fərqli düşüncələrə münasibət xüsusilə həssas mövzudur. Çünki islam insanın yalnız dünyaya baxışını deyil, onun daxili aləmini, mənəvi dəyərlərini və həyatın mənası haqqında təsəvvürlərini də əhatə edir. Lakin burada bir məqamı unutmamaq lazımdır: insanın inancına hörmət etmək həmin inancı mütləq doğru hesab etmək demək deyil. Eyni şəkildə, bir insanın inancını qəbul etməmək də ona qarşı hörmətsizlik etmək üçün əsas deyil. Qurani-Kərimin Bəqərə surəsinin 256-cı ayəsində "Dində məcburiyyət yoxdur" prinsipi ifadə olunur. Bu fikir insanın inanc məsələsində iradəsinə və daxili qənaətinə verilən əhəmiyyəti göstərir. Çünki inancın mahiyyəti insanın daxili dünyası ilə bağlıdır. İnsan müəyyən bir dini və ya dünyagörüşünü yalnız təzyiq altında zahirən qəbul edə bilər, lakin bu, onun daxilən həmin düşüncəyə inandığı mənasına gəlmir. Hucurat surəsinin 13-cü ayəsində insanların xalqlara və qəbilələrə ayrılmasının bir-birini tanımaq məqsədi daşıdığı bildirilir. Burada diqqətçəkən məqam fərqliliklərin üstünlük vasitəsi kimi deyil, qarşılıqlı tanıma və ünsiyyət imkanı kimi təqdim edilməsidir. Ayənin mənəvi mesajlarından biri də insanın dəyərinin mənsub olduğu xalq, qəbilə və ya sosial mövqe ilə deyil, mənəvi keyfiyyətləri ilə əlaqəli olmasıdır. Bu baxımdan, dini mətnlərdən çıxarıla biləcək mühüm nəticələrdən biri insanları zahiri fərqlərinə görə alçaltmamaq, onların daxili dünyası haqqında tələsik hökm verməməkdir. Mənə görə, insanın dini biliyinin çoxluğu onun mənəvi yetkinliyinin avtomatik göstəricisi deyil. Əgər insan öyrəndiyi dini biliklərdən başqalarını təhqir etmək, alçaltmaq, qorxutmaq və özünü üstün göstərmək üçün istifadə edirsə, burada biliyin insani davranışa çevrilməsi ilə bağlı ciddi suallar yaranır. Bilik insanı daha təvazökar, daha ədalətli və daha anlayışlı etməlidir. Əks halda, insan öyrəndiklərini mənəvi inkişaf vasitəsi deyil, başqaları üzərində hökmranlıq vasitəsi kimi istifadə etmiş olur. Eyni yanaşma dinə inanmayan və ya fərqli fəlsəfi mövqedə dayanan insanlar üçün də keçərlidir. Heç bir insanın dünyagörüşü onun bütün xarakterini müəyyənləşdirmir. Bir insanın hansı inanca sahib olması ilə onun necə insan olması eyni sual deyil. Əxlaqı yalnız dini mənsubiyyətlə, yaxud yalnız dünyəvi düşüncə ilə ölçmək insan xarakterinin mürəkkəbliyini nəzərə almamaqdır. İnsanları bir-birinə yaxınlaşdıran əsas amil eyni müqəddəsliyə inanmaq deyil, bir-birinin ləyaqətini tanımaq bacarığıdır. Bəzən insan başqasının həyatına müdaxilə etməyi ona yaxşılıq etmək kimi təqdim edir. Onun necə geyinməli, necə danışmalı, nəyi düşünməli, nəyə inanmalı və necə yaşamalı olduğunu müəyyənləşdirməyə çalışır. Maraqlıdır ki, bu müdaxilə çox vaxt insanın öz doğrularına həddindən artıq bağlanması ilə əlaqədar olur. Lakin burada incə bir sərhəd var: məsləhət vermək başqa, insanın iradəsini əlindən almağa çalışmaq başqadır. Düşüncəni bölüşmək başqa, onu zorla qəbul etdirmək başqadır. Sevdiyimiz insanın səhv etdiyini düşünə bilərik, onunla mübahisə edə, arqumentlərimizi irəli sürə bilərik. Ancaq onun yerinə yaşamaq, onun əvəzinə qərar vermək və bütün seçimlərini öz qəlibimizə uyğunlaşdırmaq haqqına sahib deyilik. İnsan bəzən başqasını dəyişdirməyə o qədər aludə olur ki, özünü dəyişdirməyin nə qədər vacib olduğunu unudur. Başqasının düşüncəsindəki nöqsanları görmək asan, öz düşüncəmizdəki qüsurları görmək çətindir. Çünki insan özünə münasibətdə çox vaxt hakim deyil, vəkil rolunda çıxış edir: öz səhvlərini izah edir, başqasının səhvlərini isə ittiham edir. Mənəvi yetkinlik məhz bu nöqtədə başlayır. İnsan özünə də başqasına verdiyi sualları verməlidir: Mən həmişə haqlıyam?, Mənim düşüncələrim nə qədər müstəqildir?, Müdafiə etdiyim dəyərləri öz davranışımda yaşadırammı?, Başqasından tələb etdiyim hörməti özüm ona göstərirəmmi? Çünki insanın əxlaqi mövqeyi yalnız nəyi müdafiə etməsi ilə deyil, müdafiə etdiyi dəyərlərə necə əməl etməsi ilə müəyyənləşir. Bir cəmiyyətin inkişaf səviyyəsini yalnız universitetlərinin, məktəblərinin, kitabxanalarının və elmi müəssisələrinin sayı ilə ölçmək olmaz. Əsas göstəricilərdən biri həmin cəmiyyətin fərqli düşünən insanlara münasibətidir. Təhsil insanı yalnız məlumatlandırmamalıdır. O, insana düşünməyi, sual verməyi, müqayisə etməyi, arqument qurmağı və qarşı tərəfi dinləməyi də öyrətməlidir. Əgər məktəbdə şagirdə yalnız müəllimin dediklərini təkrarlamaq öyrədilirsə, lakin onun sual verməsi, fərqli yanaşma ortaya qoyması və mövcud fikirləri müzakirə etməsi məhdudlaşdırılırsa, orada müstəqil düşüncənin inkişafı çətinləşir. Əsl təhsil insanı hamı ilə eyni düşünən şəxsə çevirmək deyil, ona öz düşüncəsini müstəqil şəkildə formalaşdırmaq bacarığı qazandırmaqdır. Universitet auditoriyasını təsəvvür edək: bir mövzu ətrafında on tələbə on fərqli fikir səsləndirir. Müəllim onlardan yalnız birini doğru hesab edib digərlərini susdurursa, tələbələr müəyyən məlumatı öyrənə bilərlər, amma düşüncə müxtəlifliyinin dəyərini tam anlamazlar. Əgər müəllim fikirləri arqumentlər əsasında müzakirəyə açırsa, tələbələr təkcə mövzunu deyil, fərqli düşüncələrlə mədəni şəkildə ünsiyyət qurmağı da öyrənirlər. Belə bir təhsil mühiti cəmiyyətə yalnız mütəxəssis deyil, həm də düşüncəli, məsuliyyətli və müstəqil şəxsiyyət qazandırır. İnsan münasibətlərində çox mühüm bir meyar var: qarşımızdakı şəxs bizimlə razılaşmayanda ona necə davranırıq?, Bizdən fərqli düşünən insanı dinləyə bilirikmi?, Onun fikrini təhrif etmədən təqdim edə bilirikmi?, Tənqid edərkən şəxsiyyətini deyil, arqumentini müzakirə edə bilirikmi?, Səhv etdiyimizi anladıqda geri addım atmaq üçün kifayət qədər cəsarətimiz varmı? Bunlar sadəcə ünsiyyət qaydaları deyil, insanın mənəvi və intellektual səviyyəsini müəyyənləşdirən xüsusiyyətlərdir. Hörmətin ən gözəl tərəfi odur ki, o, qarşı tərəfin bizimlə razılaşmasından asılı deyil. Biz bir insanla dost olmaya, onun fikirlərini bölüşməyə, həyat tərzini bəyənməyə bilərik. Amma bütün bunlar onun insan kimi dəyərini inkar etməyimizə əsas vermir. Fərqli düşüncələrə açıq olmaq hər fikri eyni dərəcədə doğru saymaq da deyil. Elmi faktla əsassız iddianı, insan hüquqlarını qorumaqla həmin hüquqları pozmağı eyniləşdirmək olmaz. Hər bir fikir tənqid oluna bilər, hər bir davranışın nəticələri müzakirə edilə bilər. Ancaq tənqid təhqirə, fikir ayrılığı düşmənçiliyə, azadlıq isə başqasının hüquqlarını pozmağa çevrilməməlidir. İnsan həm öz mövqeyinə sahib ola, həm də başqasının mövcudluq və seçim haqqını tanıya bilər. Bunlar bir-birinə zidd deyil. İnsanlığın qarşısında duran ən böyük mənəvi vəzifələrdən biri fərqlilikləri aradan qaldırmaq deyil, onlarla necə yaşamağı öyrənməkdir. Çünki dünya heç vaxt vahid düşüncədən ibarət olmayıb və olmayacaq da. Hər kəsin öz həqiqət axtarışı, öz həyat təcrübəsi, öz inancı, öz sualları və öz cavabları var. Biz başqasının düşüncəsini qəbul etməyə bilərik, amma onu düşünmək hüququndan məhrum edə bilmərik. Onun həyat seçimini bəyənməyə bilərik, amma seçimlərinə görə insanlıq ləyaqətini əlindən ala bilmərik. Onunla mübahisə edə bilərik, amma mübahisəni düşmənçiliyə çevirməməliyik.