Misirdə torpağın altında gizli şəhər tapıldı!

Misirdə torpağın altında gizli şəhər tapıldı!
16:10

Misir torpağı minilliklərdir özündə gizlətdiyi tarixi sirləri bir-bir üzə çıxarmaqda davam edir. Arxeoloqlar müasir texnologiyaların köməyi ilə qədim Buto şəhərində torpağın dərin qatlarında gizlənmiş böyük tikili aşkar ediblər. Tapıntının Qədim Misirin dini və memarlıq tarixinə dair yeni məlumatlar verəcəyi gözlənilir.

Bu barədə “The Independent” nəşri məlumat yayıb.

Tarixi mənbələrdə Tel əl-Farain adı ilə də tanınan Buto şəhərinin tarixi təxminən eramızdan əvvəl 3800-cü ilə, yəni Misirdə sülaləöncəsi dövrə qədər uzanır. Şəhər erkən İslam dövrünədək yaşayış məskəni kimi mövcud olub. Minilliklər ərzində dəfələrlə yenidən qurulan ərazidə qədim tikililərin bir çoxu sonrakı tikinti qatlarının və Nil çayının gətirdiyi lilin altında qalıb.

Gizli qalan tarixi izləri üzə çıxarmaq üçün tədqiqatçılar “Sentinel-1” peykinin radar görüntülərindən və torpağın elektrik müqavimətini ölçən geofiziki üsuldan istifadə ediblər. İlk mərhələdə peyk məlumatları əsasında Nil çayı yaxınlığında qeyri-adi sahələr müəyyənləşdirilib. Daha sonra həmin ərazilərdə yeraltı strukturların üçölçülü modelləri hazırlanıb.

Araşdırmalar nəticəsində torpağın 3-6 metr dərinliyində Qədim Misirin Sais dövrünə aid olduğu ehtimal edilən iri tikili aşkarlanıb. Kiçik həcmli qazıntılar zamanı çiy kərpicdən hörülmüş divarların qalıqları və dini əşyalar tapılıb. Alimlər tikilinin böyük məqbərə və ya ziyarətgah ola biləcəyini düşünürlər.

Tədqiqatın diqqətçəkən məqamlarından biri də 6-7 metr dərinlikdə qalın, təmiz qum qatının aşkar edilməsidir. Mütəxəssislərin ehtimalına görə, qədim misirlilər bu qumdan tikilinin bünövrəsini möhkəmləndirmək və binanın ağırlığını torpaq üzərində bərabər bölüşdürmək üçün istifadə ediblər.

Arxeoloqlar əldə olunan nəticələrlə kifayətlənmək niyyətində deyillər. Növbəti mərhələdə qazıntı və tədqiqat sahəsinin genişləndirilməsi, yerin altında qalan digər qədim tikililərin, o cümlədən əlavə məbədin mövcudluğunun araşdırılması nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada