Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyində daha bir sədr müavini təyin olunub.
News365.az xəbər verir ki, Sərəncama əsasən, bu vəzifəyə Zaur İlham oğlu Abişev təyinat alıb.
Xatırladaq ki, dövlət başçısının ötən gün imzaladığı Sərəncamla Səbuhi Sadıqov Dövlət Ehtiyatları Agentliyinə sədr təyin olunub.
Dosye: Zaur İlham oğlu Abişev 1984-cü ildə anadan olub.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə ilə bitirib, 2008-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Georgia Ştat Universiteti ilə birgə proqramı çərçivəsində Biznesin inzibatçılığı və əməliyyatların idarə edilməsi ixtisası üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə ABŞ-ın Alaska ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.
Əmək fəaliyyətinə 2006-cı ildə maliyyə sektorunda başlayıb. 2007-2018-ci illərdə “Ernst & Young” beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışmış və baş menecer səviyyəsinədək yüksəlib. 2018-2022-ci illərdə “MKT İK” aqrar-sənaye şirkətində İdarə Heyətinin üzvü və baş maliyyə direktoru vəzifələrində çalışıb.
Prezidentin 2022-ci il 5 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Dövlət başçısının 2026-cı il 3 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.