Həyat bizi kimə çevirir?

Həyat bizi kimə çevirir?
09:10
Bəzən insanın ən böyük məğlubiyyəti kiməsə inanması, ən ağır peşmanlığı isə bir vaxtlar inandığı insanlara görə özünü günahlandırmasıdır. Həyatın elə məqamları var ki, insan həmin anadək doğru hesab etdiyi bütün düşüncələrini yenidən nəzərdən keçirməli olur. Bir zamanlar səmimiyyət hesab etdiyi davranışın arxasında maraq, dostluq sandığı münasibətin içində mənfəət, sədaqət bildiyi bağlılığın arxasında isə şəxsi hesablar olduğunu anlayır. Ən qəribəsi də budur ki, insan çox vaxt həqiqəti eşidəndə deyil, yaşadıqda dərk edir. Çünki bəzi həqiqətləri sözlər izah edə bilmir, onları yalnız həyatın özü öyrədir. İnsan dünyaya gələndə başqalarının niyyətlərini oxumaq qabiliyyətinə malik olmur. O, inanmağı, güvənməyi, sevilməyi və sevməyi tədricən öyrənir. İlk illərində dünya onun üçün daha sadə görünür: yaxşı insanlar var, pis insanlar var, deyilən sözlərə inanmaq olar, verilən vədlər yerinə yetirilməlidir. Lakin zaman keçdikcə bu sadə təsəvvürlər mürəkkəbləşir. İnsan anlayır ki, hər gülən üz səmimi deyil, hər xoş danışan xeyirxah deyil, hər yanında dayanan dost deyil. Bəzən ən böyük məsafələr kilometrlərlə deyil, insanların niyyətləri arasında olur. Həyat insanın qarşısına iki mühüm sınaq çıxarır: birincisi, başqalarının həqiqi simasını tanımaq, ikincisi isə onların həqiqi simasını gördükdən sonra öz simasını itirməmək. Birinci sınaq təcrübə, müşahidə və zaman tələb edir. İkinci sınaq isə xarakter, vicdan və mənəvi iradə tələb edir. İnsanların çoxu birinci sınaqdan müəyyən qədər keçə bilir, lakin ikinci sınaqda büdrəyir. Çünki başqasının pisliyini görmək asandır, həmin pisliyin öz xarakterimizə sirayət etməsinə imkan verməmək isə çətindir. İnsan həyatının ən böyük paradokslarından biri də budur ki, bəzən insanı aldadanlar ona insanları tanımağı öyrədir, lakin insanları tanımaq prosesində özü də başqalarını aldatmağa başlayır. Bir vaxtlar başqasının səmimiyyətindən istifadə edilməsinin ağrısını yaşamış insan sonralar başqasının səmimiyyətini öz maraqları naminə vasitəyə çevirə bilir. Beləliklə, bir insanın yaşadığı mənfi təcrübə başqa bir insanın yaşadığı mənfi təcrübəyə çevrilir. Bu proses təkrarlanaraq cəmiyyətdə etimadın aşınmasına səbəb olur. Ən təhlükəlisi isə odur ki, insanlar bu davranışları zaman keçdikcə adi həyat qaydası kimi qəbul etməyə başlayırlar. Əslində, təcrübə insanı müdrikləşdirməli, daha diqqətli və daha anlayışlı etməlidir. Lakin hər təcrübə düzgün nəticə ilə yekunlaşmır. Bəzən insan yaşadığı xəyanətdən sədaqətin qiymətini öyrənir, bəzən isə özü xəyanətkar olmağa başlayır. Bəzən ona edilən haqsızlıq ədalət hissini gücləndirir, bəzən də başqalarına haqsızlıq etməsi üçün bəhanəyə çevrilir. Deməli, insanın xarakterini yalnız başına gələn hadisələr deyil, həmin hadisələrdən çıxardığı nəticələr də formalaşdırır. Eyni hadisə bir insanı daha mərhəmətli, digərini isə daha amansız edə bilər. Fərq hadisədə deyil, insanın ona verdiyi mənəvi cavabdadır. Psixologiyada insanın davranışlarının formalaşmasında müşahidə və təcrübənin mühüm rolu olduğu qəbul edilir. Kanadalı psixoloq Albert Banduranın sosial öyrənmə nəzəriyyəsinə görə, insanlar yalnız öz başlarına gələn hadisələrdən deyil, başqalarının davranışlarını izləməklə də öyrənirlər. Bu baxımdan insanın yaşadığı mühit, gördüyü münasibətlər və şahidi olduğu davranışlar onun gələcək seçimlərinə təsir göstərə bilər. Banduranın mənəvi uzaqlaşma anlayışı isə daha düşündürücü bir məqama diqqət çəkir: insan bəzən yanlış davranışlarını öz gözündə haqlı göstərmək üçün onlara müxtəlif bəraətlər qazandırır. Etdiyi haqsızlığı zərurət, yalanı məcburiyyət, başqasının etibarından istifadə etməyi isə həyatın reallığı adlandırır. Beləliklə, əvvəlcə vicdanın narahat olduğu davranışlar zaman keçdikcə insan üçün adi hala çevrilir. Məhz burada insanın daxili aləmində ciddi bir ziddiyyət yaranır. O, başqasının yalanını asanlıqla qınayır, amma öz yalanına izah tapır. Başqasının maraqpərəstliyini tənqid edir, öz marağını isə zərurət hesab edir. Başqasından sədaqət gözləyir, amma özü bu sədaqətə layiq davranmağa həmişə hazır olmur. Özünə qarşı edilən haqsızlığı illərlə unutmur, lakin başqasına etdiyi haqsızlığı bir neçə cümlə ilə izah edib keçə bilir. Sanki insan başqalarını mühakimə edərkən ədalət tələb edir, özünü mühakimə edərkən isə güzəşt gözləyir.
Cəmiyyətdə bəzən hiyləgərlik ağıllılıq, insanlardan istifadə etmək bacarığı isə həyat təcrübəsi kimi təqdim olunur. Halbuki zəka ilə hiyləgərlik eyni anlayış deyil. Zəka həqiqəti anlamaq, mürəkkəb problemləri həll etmək, hadisələrin nəticələrini əvvəlcədən düşünmək qabiliyyətidir. Hiyləgərlik isə çox vaxt başqasının zəifliyindən istifadə edərək şəxsi marağı təmin etmək cəhdidir. İnsan çox ağıllı ola bilər, amma dürüst olmaya bilər. Eyni zamanda, sadə və təvazökar görünən insan yüksək mənəvi keyfiyyətlərə sahib ola bilər. Həqiqi müdriklik başqalarının etibarını qazanıb ondan istifadə etmək deyil, həmin etibara layiq olmaqdır. Çünki insan bir münasibətdə qalib gələ, amma öz xarakterində məğlub ola bilər. Başqasını aldadaraq istədiyinə nail ola bilər, lakin bununla etibarlı insan olmaq kimi qiymətli mənəvi keyfiyyətini itirə bilər. Qədim yunan filosofu Platon insanın daxilində ağıl, iradə və istəklər arasında tarazlığın vacibliyini vurğulayırdı. Onun fəlsəfəsindən belə bir nəticə çıxarmaq mümkündür ki, ədalətli insan olmaq üçün əvvəlcə insan öz daxilində nizam yaratmalıdır. Aristotel isə əxlaqi keyfiyyətlərin davamlı davranış və vərdişlər vasitəsilə formalaşdığını izah edirdi. Onun yanaşmasına görə, insanın xarakteri yalnız söylədiyi fikirlərdən deyil, təkrar etdiyi seçimlərdən yaranır. Bir dəfə yaxşılıq etmək insanı xeyirxah etmədiyi kimi, bir dəfə səhv etmək də insanın bütün xarakterini müəyyənləşdirmir. Əsas məsələ insanın hansı davranışı həyat tərzinə çevirməsidir. İbn Xəldun cəmiyyətlərin yüksəliş və tənəzzül səbəblərini araşdırarkən sosial həmrəyliyin, qarşılıqlı etimadın və mənəvi bağların əhəmiyyətinə diqqət çəkirdi. Bu yanaşma bu gün də aktuallığını qoruyur. Çünki cəmiyyətləri yalnız iqtisadi güc, siyasi hakimiyyət və maddi imkanlar ayaqda saxlamır. İnsanların bir-birinə güvənməsi, sözünə əməl etməsi və qarşılıqlı məsuliyyət daşıması da ictimai həyatın əsas dayaqlarıdır. Etimadın zəiflədiyi yerdə şübhə artır, şübhənin artdığı yerdə əməkdaşlıq çətinləşir, əməkdaşlığın zəiflədiyi yerdə isə cəmiyyətin mənəvi dayaqları sarsılır. İnsanlar bir-birinə inanmadıqda ən sadə münasibətlər belə hesab-kitaba çevrilir. Dostluq marağa, qonşuluq ehtiyaca, əməkdaşlıq isə qarşılıqlı fayda axtarışına tabe olur. İslam dinində insanın dəyəri onun zahiri görünüşü, var-dövləti və ya cəmiyyətdə tutduğu mövqe ilə deyil, əməlləri və mənəvi keyfiyyətləri ilə əlaqələndirilir. Qurani-Kərimin Nisa surəsinin 58-ci ayəsində əmanətlərin sahiblərinə qaytarılması və insanlar arasında ədalətlə hökm edilməsi buyurulur. Bu prinsipin mahiyyəti yalnız maddi əmanətlərlə məhdudlaşmır. İnsan etibarı da bir əmanətdir, verilən söz də bir məsuliyyətdir, başqasının sirri də qorunmalı olan mənəvi dəyərdir. İnsan başqasının etibarını qazanıb ondan istifadə etdikdə yalnız bir münasibəti zədələmir, həm də öz mənəvi məsuliyyətini pozur. Həqiqi əxlaq insanın nə qədər dini və ya fəlsəfi fikir söyləməsi ilə deyil, həmin fikirlərə nə dərəcədə uyğun yaşaması ilə ölçülür. Ədalətdən danışıb başqasının haqqını tapdalamaq, mərhəmətdən danışıb başqasının çətinliyindən istifadə etmək, dürüstlük tələb edib özü yalan danışmaq insanın sözləri ilə əməlləri arasındakı uçurumu göstərir. Bəs insan niyə ona edilən pisliyi başqasına edir? Bəzən bunun səbəbi keçmişdə yaşadığı ağrılar, bəzən qisas hissi, bəzən də özünü qorumaq adı altında formalaşdırdığı yanlış davranışlardır. İnsan düşünür ki, bir dəfə aldadılıbsa, bundan sonra heç kimə inanmaq lazım deyil, bir dəfə istifadə olunubsa, başqalarından istifadə etməkdə qəbahət yoxdur. Halbuki bu düşüncə insanı qorumaq əvəzinə onu özünün qınadığı davranışların daşıyıcısına çevirir. Bir insanın keçmişi onun bugünkü davranışlarına təsir göstərə bilər, amma keçmişi bütün gələcək seçimlərinin bəraəti ola bilməz. Əgər hər kəs ona edilən pisliyin əvəzini başqa bir insandan çıxarsa, haqsızlığın sonu harada olacaq? Bir insanın qırdığı qəlbin ağrısı başqa bir insanın həyatına daşınacaq, o insan da həmin ağrını növbəti birinə ötürəcək. Beləcə, heç kimin başlamadığı, amma hər kəsin davam etdirdiyi mənəvi bir zəncir yaranacaq. Əsl xarakter həmin zənciri qırmaq bacarığında üzə çıxır. Zaman keçdikcə insan çox şeyi öyrənir. Bir vaxtlar sözə inanır, sonralar davranışlara baxır. Əvvəllər verilən vədə güvənir, sonralar həmin vədin neçə dəfə yerinə yetirildiyini xatırlayır. Kiminlə necə danışmağı, kimə nə qədər etibar etməyi, hansı münasibətdə hansı məsafəni saxlamağı öyrənir. Bütün bunlar təcrübənin nəticəsidir. Ancaq təcrübənin ən böyük təhlükəsi insanı həddindən artıq şübhəçi və hesabçı etməsidir. İnsan bir müddət sonra münasibətləri səmimiyyətlə deyil, ehtimal olunan mənfəətlə ölçməyə başlayır. Kimin ona nə verəcəyini, kimin hansı işdə lazım olacağını, kiminlə hansı məsafədə dayanmağın sərfəli olduğunu düşünür. Belə bir insan zahirən çox şey öyrənmiş görünə bilər. Lakin bir sual ortaya çıxır: insanları tanımaq naminə insanlığını itiribsə, əslində nə qazanıb? Həyatın insana verdiyi ən böyük dərs, bəlkə də, başqalarının necə insan olduğunu öyrəndikdən sonra özünün necə insan olacağını unutmamaqdır. Hər kəsin zəif tərəfini görmək bacarıq ola bilər, amma həmin zəiflikdən istifadə etməmək xarakterdir. Başqasının sirrini bilmək üstünlük deyil, onu qorumaq məsuliyyətdir. Kiminsə sənə olan etibarını qazanmaq fürsət deyil, əmanətdir. İnsan özünü yalnız başqalarının ona münasibəti ilə deyil, özü başqalarına necə münasibət göstərdiyi ilə də qiymətləndirməlidir. İnsan həyatının müxtəlif mərhələlərində fərqli sınaqlardan keçir. Bəzən aldadılır, bəzən yanılır, bəzən özünə verilən dəyəri anlamır, bəzən də başqasının dəyərini vaxtında görə bilmir. Zaman keçdikcə təcrübə qazanır, insanları tanıyır, münasibətlərin mahiyyətini daha yaxşı anlayır. Lakin bütün bunların sonunda qarşısında çox mühüm bir seçim dayanır: yaşadıqlarının onu daha müdrik, yoxsa daha hiyləgər bir insana çevirməsinə imkan verəcək? Çünki həyatın insana öyrətdiyi hər dərs düzgün nəticəyə aparmır. Bəzən insan yaşadıqlarından ədaləti öyrənir, bəzən isə haqsızlığa uyğunlaşmağı; bəzən mərhəmətin qiymətini anlayır, bəzən də mərhəməti zəiflik hesab edir.
Sonda insanın arxasında nə qədər insanı aldatdığı, neçə nəfərin etibarını qazandığı, hansı oyunlardan qalib çıxdığı deyil, kimlərin həyatında necə bir iz buraxdığı qalır. İnsan müvəqqəti olaraq başqalarını aldada, öz marağını təmin edə və hətta bununla fəxr edə bilər. Lakin heç bir uğur insanın itirdiyi vicdanın yerini doldura bilməz. Həyatın bütün sərt həqiqətlərini görmək olar, amma bu həqiqətlərə görə vicdanı qurban vermək olmaz. Çünki insanın böyüməsi başqalarının oyunlarını öyrənməsi ilə deyil, həmin oyunlara qoşulmadan yaşamağı bacarması ilə ölçülür. Ən böyük faciə insanın bir vaxtlar aldanması deyil, bir gün aldatmağı həyatın müdrikliyi hesab etməsidir. Ən böyük müdriklik isə dünyanın bütün sərtliyinə baxmayaraq, insanlığını qoruyub saxlamaqdır.
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada