Dərs vaxtıdır!..

Dərs vaxtıdır!..
15:42
Təxminən bir il öncə çəkdirmişdik bu selfini. Bəli, bura Xocavənd rayonunun Qaradağlı kəndidir. Bu 4 nəfərin doğulub, amma böyümədiyi, uşaqlıq illərinin bir qisminin yaşandığı kənddir bu kənd.
Bu o kənddir ki, ermənilərin yaşadığı 15-dən çox yaşayış məntəqəsi ilə əhatə olunmasına baxmayaraq düz 4 il mərdliklə mübarizə apardı, qocalı-cavanlı, qadınlı-kişili, uşaqlı-böyüklü düz 4 il hər əzaba qatlandı, düşmənə qan uddurdu, sakinləri son döyüşdə son güllələri qalanadək döyüşdü, tarix yazdı, gələcək nəsillərə nümunə göstərilə biləcək bir dastan yaratdı.
Bu o kənddir ki, talanıb, dağıdılıb, viran olunub, hər 8 nəfər sakinindən biri şəhid edilib, onlarla körpəsi atasız, anasız böyüyüb, onlarla qız-gəlini ərsiz, qardaşsız qalıb, onlarla ata anaya övlad dağı çəkilib.
Bu şəkildə sağ görsənən 4 nəfərin onlarla qohum əqrabası, doğması erməni silahlıları tərəfindən qətlə yetirilib, əsir alınıb, əsirlikdən qayıdandan sonra aldığı travmalar səbəbindən dünyasını dəyişib, şəkildəki 2 nəfərin anası, babası, 2 dayısı şəhid olub. Onlar anasız, yurdduz-yuvasız böyüyüb, yataqxanalarda, yarımçıq tikililərdə boya- başa çatıblar, min bir əzab əziyyətə qatlanaraq oxuyublar, ali təhsil alıblar, bu gün də dövlət strukturlarında çalışırlar.
Bəli, zaman acıları azaldır, bir çox yaraya məlhəm olur, bəzi izləri silir. Amma bizim və bizim timsalımızdı bir çoxlarının qəlbindəki yaralar hələ də sağalmayıb. Bu yaralar hələ də göynəyir, hələ də incidir bizi, sağalması da mümkünsüzdür. Bəzən kənardan şux, ayaq üstə duran, qayğısız adamlar kimi görünə bilərik. Amma gerçəklik tam başqadır.
Kəndə gələndə anlayırıq ki, biz heç zaman bu kənddən çıxmamışıq, bizim uşaqlığımız bu kənddə qalıb, burada qətlə yetirilib.
Bu gün əsir yurdlarımız azaddır. Torpaqlarımız düşmənlədən təmizlənib. Qarabağ və Şərqi Zəngəzurda quruculuq və abadlıq işləri gedir, kəndlər, qəsəbələr, şəhərlər salınır, məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar. Hər birimiz böyük qürur hissi ilə bu prosesi izləyirik.
Sevincimizin həddi-hüdudu yoxdur. Allaha min şükür edirik ki, arzularımız gerçəkləşib.
Amma mənim ən böyük arzularımdan biri də doğma kəndimdə yaşamaq, burada övladlarımı böyütmək, qismət olacaqsa burada qocalmaq, ölmək və burada dəfn olunmaqdır. İstəyirəm bu kəndin izi itməsin, nəvələrimə bu kəndin tarixi haqqında elə bu kənddə hekaylər danışım.
Qəhrəmanlarımızın keçdikləri döyüş yolu, mətin kənd sakinlərinin apardığı mücadilə haqqında bu kənddə söhbətlər aparım, səhidlərimizin xatirəsininin əbədiləşdirilməsi üçün bu kənddə işlər görüm.
Bu məsələyə yalnız mənim şəxsi istəklərim və arzularımdan doğan romantik düşüncələr kimi deyil, dövlətin fundamental nöqteyi nəzərindən yanaşsaq Qaradağlı kəndinin bərpasının vacibliyinə bir daha əmin olardıq.
34 il bundan öncə bu kənddə yaşananlar həm tariximizin qan yaddaşına həkk olunmuş böyük bir qətliam, həm də gələcək nəsillərə nümunə göstəriləcək qəhrəmanlıq hadisəsidir.
Bu kənd bərpa olunmalı, buraya yeni nəfəs verilməli, kənddə muzey, memorial kompleks tikilməlidir. Kəndə gələn qonaqlar Qaradağlı kəndində baş verən hadisələr fonunda ölkəmizin tarixinə bir daha nəzər yetirməlidir.
Tarixdən dərs çıxarmaq, hadisələrin səbəb və nəticələrini doğru təhlil və analiz edərək gələcəkdə eyni səhvləri təkrarlamamaq, qazandığımız müsbət təcrübələrdən isə düzgün faydalanmağı bacarmaq hər birimizin borcudur.
Aslan Quliyev, Qaradağlı sakini

Sizin reklam burada
Sizin reklam burada