İranın vurduğu F-15-in pilotu danışdı: "Paraşüt açılmadı, Möcüzə oldu"

İranın vurduğu F-15-in pilotu danışdı: "Paraşüt açılmadı, Möcüzə oldu"
14:30

ABŞ hərbçisi İran üzərində “yer-hava” tipli raketlə vurulan F-15 qırıcısından katapult etdikdən sonra necə sağ qaldığını CBS telekanalına danışıb.

Materialda “Bravo” adı ilə təqdim olunan pilotun sözlərinə görə, raket təyyarəyə dəydikdən sonra F-15 demək olar ki, idarəolunmaz vəziyyətə düşüb və ekipaj katapult etmək məcburiyyətində qalıb.

Bravo raketin təyyarəyə dəyməsi anını yük qatarı ilə toqquşmaya bənzədib. O, ikinci pilot – “Alfa” ilə birlikdə təyyarəyə nəzarəti saxlamağa çalışıb. Lakin qısa müddət sonra təyyarəni xilas etməyin mümkün olmadığı məlum olub.

Katapultdan sonra hər iki hərbçi səhralıq əraziyə, bir-birindən təxminən 8 kilometr məsafədə enib. Alfa ciddi xəsarət almayıb. Bravo isə çoxsaylı travmalarla üzləşib.

Pilot üçün vəziyyəti daha da təhlükəli edən məqam paraşütünün zədələnməsi olub. Bravo başını qaldıranda üzərində paraşütün günbəzini görmədiyini bildirib. “Donub qaldım və dua etdim: İlahi, qoy Sənin iradən olsun. Amma bundan sağ çıxmalı olsam, mənə köməyin lazımdır”, – deyə o xatırlayıb.

Mütəxəssislərin hərbçinin ifadələri və aldığı xəsarətlər əsasında apardığı qiymətləndirməyə görə, onun yerə çırpıldığı anda sürəti saatda 113-161 kilometr arasında ola bilərdi.

“Bu, möcüzə idi. İnanıram ki, bu hadisə həyatımdakı ilahi mərhəmətin göstəricisidir. Bu, həmin anı sağ keçməyimə imkan verdi. Aldığım xəsarətlərə baxmayaraq, sağ qalmağımı mümkünsüz edəcək dərəcədə ağır zədələr almadım”, – Bravo bildirib.

Pilotun sözlərinə görə, hadisə nəticəsində onurğası sınıb, qolu və çiyni zədələnib, ayaq biləyi çıxıb. Baş və üz nahiyəsi isə ciddi şəkildə yaralanıb və qan içində olub.

Buna baxmayaraq, Bravo təhlükəsizliyi barədə dərhal düşünməli olduğunu bildirib.

“Mən yaralanmışdım, amma hamımız istənilən şəraitə uyğunlaşmaq və onları dəf etmək üçün təlim keçmişik. Xəsarətlərimə baxmayaraq, eniş etdiyim ərazidən mümkün qədər tez uzaqlaşdım”, – deyə o qeyd edib.

Bravo CBS-ə bildirib ki, onun üçün ən təhlükəsiz yer yüksəklik olub. Buna görə də sınıqlara və güclü ağrıya baxmayaraq, dağa qalxmağa qərar verib.

Onun məqsədi təxminən 2100 metr yüksəklikdə yerləşən elektrik xəttinə çatmaq olub.

Aldığı ağır xəsarətlərə və paraşütünün zədələnməsinə baxmayaraq, pilot sağ qalmağı bacarıb. O, baş verənləri “möcüzə” adlandırıb və xilası ilahi mərhəmətlə əlaqələndirib. (azpost.info)


Sizin reklam burada
Sizin reklam burada