İqtisadçıdan neft proqnozu: Yaxın perspektivdə qiymətlər hansı səviyyədə olacaq? - AÇIQLAMA

İqtisadçıdan neft proqnozu: Yaxın perspektivdə qiymətlər hansı səviyyədə olacaq? - AÇIQLAMA
16:50

ABŞ və İran arasında yaşanan gərginliyin neft bazarına təsiri müzakirə olunmaqda davam edir. İqtisadçı Xalid Kərimli bildirib ki, müharibə dövründə formalaşan risk amilləri atəşkəsdən sonra əhəmiyyətli dərəcədə zəifləyib və hazırkı şəraitdə neft qiymətlərinin kəskin bahalaşması üçün ciddi əsas görünmür.

News365.az-a danışan iqtisadçı qeyd edib ki, Amerika-İran qarşıdurması zamanı əldə olunan atəşkəs neft bazarında müharibə ilə bağlı formalaşmış risk premiumunu aradan qaldırıb.

 

"Atəşkəsin pozulması neft qiymətlərinə müəyyən artırıcı təsir göstərsə də, bu təsir qısamüddətli xarakter daşıyır. Nə investorlar, nə də treyderlər müharibənin əvvəlki miqyasda davam edəcəyini gözləyirlər. Məhz buna görə də neft qiymətləri müharibə dövründə müzakirə olunan 100-120 dollarlıq səviyyələrdən 70-80 dollar intervalına enib", – deyə o bildirib.

İqtisadçının sözlərinə görə, hazırda neftin qiymətinin ciddi şəkildə yüksəlməsi yalnız Hörmüz boğazının tamamilə bağlanacağı halda mümkün görünür.

"Əgər hadisələr bu istiqamətdə inkişaf edərsə, neft qiymətlərində ciddi artım baş verə bilər. Lakin digər ssenarilərdə bazar iştirakçıları qiymət artımını dəstəkləyəcək amillər görmürlər", – deyə X.Kərimli vurğulayıb.

Ekspert bildirib ki, Hörmüz boğazının ticarət üçün açıq qalması, qlobal iqtisadi artımın zəifləyəcəyinə dair proqnozlar, inflyasiya riskləri və ABŞ Mərkəzi Bankının faiz siyasəti ilə bağlı gözləntilər neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərir.

"Bundan əlavə, həm OPEC+, həm də qeyri-OPEC ölkələrinin hasilatı artırmaq planları da qiymətlərin yüksəlməsinə imkan vermir", – deyə o əlavə edib.

X.Kərimlinin sözlərinə görə, yaxın perspektivdə neftin bir barelinin 60-70 dollar intervalında ticarət olunacağı gözlənilir.

"Neft qiymətlərində kəskin eniş də proqnozlaşdırılmır. Hazırkı qiymətlər Azərbaycan üçün komfortlu hesab olunur. İlin ikinci yarısında qiymətlərin bu səviyyədə qalması ölkəmizin büdcə proqnozlarına uyğundur və əlavə gəlirlərin formalaşmasına imkan yaradır", – deyə iqtisadçı bildirib.

O qeyd edib ki, neft qiymətlərində baş verən hər dəyişiklik dövlət büdcəsinə və Dövlət Neft Fondunun gəlirlərinə birbaşa təsir göstərir.

"Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin illik orta qiymətinin hər 10 dollar artması Azərbaycana təxminən 2 milyard manat əlavə gəlir gətirir. Əksinə, orta qiymətin 10 dollar aşağı düşməsi dövlətin gəlirlərini təxminən 1 milyard manat azaldır. Bu dəyişiklik həm dövlət büdcəsinin, həm də Dövlət Neft Fondunun gəlirlərinə təsir edir", – deyə Xalid Kərimli vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada