Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə təcili yardım maşınında xəstəxanaya aparılıb.
News365.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Köçəryan xəstəxanaya aparılarkən onun yanında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları olub. Keçmiş prezidentin vəkili jurnalistlərə açıqlamasında istintaqın Köçəryan barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyi planlaşdırdığını ehtimal etdiyini bildirib.
Hazırda Robert Köçəryanın səhhətinin vəziyyəti və onun xəstəxanaya yerləşdirilib-yerləşdirilmədiyi barədə əlavə məlumat açıqlanmayıb.
Xatırladaq ki, Robert Köçəryan və oğlu Sedrak Köçəryanın saxlanılması barədə daha əvvəl məlumat yayılıb. Köçəryan ailəsinin digər üzvü, Ermənistan parlamentinin deputatı Levon Köçəryanın evində də axtarış aparıldığı bildirilmişdi.