Şəhid övladları tələbə adını qazandı: Analardan kövrəldən sözlər

Şəhid övladları tələbə adını qazandı: Analardan kövrəldən sözlər
15:11

Onlar bu gün böyük bir uğurun sevincini yaşayırlar. Lakin bu sevincin arxasında həm qürur, həm də kövrək xatirələr dayanır. Vətən uğrunda canından keçən atalarının arzularını yaşatmaq üçün təhsil yolunda uğurla addımlayan şəhid övladları universitetə qəbul olublar.

Təsadüfi deyil ki, bu uğur ən çox isə onların analarını sevindirib və kövrəldib.

Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 31-də Laçın döyüşləri zamanı şəhid olub. Şəhid polkovnik-leytenant Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Vidadi Xəlilovun qızı Zəhra Xəlilzadə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub.

Şəhidin həyat yoldaşı öz sevincini ilk növbədə  News365.az-lə bölüşüb:

“Çox gözəl bir hissdir. Bir ana kimi övladımın ali məktəbə qədəm qoyması mənim üçün əlamətdar günlərdən biridir. Onun bu uğuru məni həm sevindirir, həm də qürurlandırır. İnanıram ki, qızım atasının adını daim uca tutacaq və gələcəkdə Vətəninə layiqli övlad olacaq”.

Fotoda Vidadi Xəlilov və qızı Zəhra Xəlilzadə

Şəhid polkovnik-leytenant Babək Ramaldanovun oğlu Ramaldan Ramaldanov isə Xəzər Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olub.

Ramaldan şəhid Tahir Bağırovun adını daşıyan 59 nömrəli tam orta məktəbi bitirib. Maraqlıdır ki, şəhidin özü də həmin məktəbin məzunu olub. Müharibədən sonra Ramaldana özəl məktəbdə təhsil almaqla bağlı təkliflər gəlsə də, o, atasının oxuduğu məktəbdə təhsilini davam etdirməyi seçib.

Şəhid övladı bu qərarını “Atam bu məktəbi bitiribsə, deməli, mən də bu məktəbin məzunu olacağam” sözləri ilə ifadə edib.

Anasının sözlərinə görə, Ramaldan məktəb illərində həm biliyi, həm də davranışları ilə seçilib, müəllimlərinin sevimli şagirdlərindən olub. O, buraxılış imtahanında 247 bal toplayıb.

Ramaldan 8-ci sinifdən etibarən yüksək texnologiyalar və IT sahəsinə xüsusi maraq göstərib. Bu istiqamətdə müxtəlif proqram və layihələrdə, o cümlədən şəhid övladları üçün təşkil olunan düşərgələrdə iştirak edib, daim öz üzərində çalışıb.

Universitet seçimi zamanı isə onun əsas üstünlük verdiyi istiqamətlər kompüter elmləri və kibertəhlükəsizlik olub. Nəticədə Xəzər Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olan Ramaldan seçimindən məmnun qaldığını bildirib.

Şəhid övladının anası News365.az-a açıqlamasında oğlunun uğurundan danışarkən həm sevincini, həm də kövrək hisslərini bölüşüb:

“Əlbəttə, bir ana kimi çox sevincliyəm, çox qürurluyam. Doğrudan da gözləyirdim və bilirdim ki, Ramaldan tələbə adını qazanacaq. Amma məhz özünün istədiyi ixtisasa düşüb-düşməyəcəyi məni bir qədər narahat edirdi. İndi isə çox sevinirəm ki, onun üçün maraqlı olan mühəndislik ixtisasına qəbul oldu”.

Ana bildirib ki, Ramaldan bu xəbəri ona ölkə xaricində olduğu vaxt çatdırıb:

“Hazırda bir düşərgədə iştirak edirəm, ölkə xaricindəyəm. Dünən Ramaldan bu xəbəri mənimlə bölüşəndə, əlbəttə, istədim onun yanında olum. Amma sevincimi buradakı həmkarlarımla və ətrafımdakı insanlarla paylaşdım. Vallah, hər bir valideynə bu sevinci yaşamaq nəsib olsun”.

O, tələbə adını qazanmağın gənclərin həyatında yeni mərhələnin başlanğıcı olduğunu vurğulayıb:

“Tələbə adını qazanmaq bu uşaqların həyatında, müstəqil həyata doğru ilk sınaqlardan biridir. Hər bir valideynə arzulayıram ki, övladlarının uğurları ilə fəxr etsin. Amma ən əsası, bir valideyn kimi yaxşı insan yetişdirmək bizə nəsib olsun”.

Şəhid anası oğlunun bu sevincini atası ilə də bölüşməsini arzuladığını bildirib:

“Əlbəttə, istəyərdim ki, Ramaldan bu sevincini tək mənimlə yox, atası ilə də bölüşə bilsin. O zaman sevinci tam olardı. Allah bütün şəhidlərə rəhmət eləsin”.

Ana qeyd edib ki, onun ən böyük arzularından biri ata yoxluğunu hiss edən şəhid övladlarının gələcəkdə öz nailiyyətləri və davranışları ilə analarını sevindirməsidir:

“İstəyim həmişə bu olub ki, ata yoxluğunu hiss edən bu övladların şansı daha yaxşı olsun. Onlar öz nailiyyətləri, öz davranışları ilə analarını sevindirsinlər. Müstəqil Azərbaycanın, atalarının canı bahasına qazandığı torpaqların və suverenliyinin layiqli vətəndaşları olsunlar. Hər bir övlada layiqli insan olmağı arzulayıram”.



Digər Şəhidimiz Mayor İlkin Əhədzadənin qız övladı da ADA universitetinə qəbul olub. 





Sizin reklam burada
Sizin reklam burada