"VAXT GƏLƏCƏK ,
HƏR KƏS MƏNDƏN DANIŞACAQ"

İkinci Qarabağ müharibəsi başlayanda elə sevinmişdi ki, sanki bu günü minbir həsrətlə gözləyirmiş. Natiq Namiq oğlu Əhmədov torpaqlarımızın azadlığı savaşında iştirak etmək üçün Bakı şəhəri Nizami rayon hərbi komissarlığına könüllü müraciət etdi, ordu sıralarına qatıldı.
-Ata...
Namiq kişi oğlunun səsinə döndü. Zəndlə onun üzünə baxdı. Oğlunun səsindəki bir qədər həyəcan dolu titrəyişdən narahat oldu.
-Hə, oğlum. Nə isə olmayıb?
-Yox, ata. Hər şey qaydasındadır.
-Səsin bir təhər gəldi.
Natiq həmişə olduğu kimi xəfifcə gülümsədi.
-Narahat olunası bir şey yoxdu, ata. Onu demək istəyirdim ki, könüllü döyüşə yazıldım.
Həmin anda atasının dili sanki kilidləndi. söz deməyə çətinlik çəkdi. Handan-hana sakitcə soruşdu:
-Bəs, bunu əvvəlcədən mənə niyə demirdin?
Natiq dinmədi. Əslində, Namiq kişi də bilirdi ki, oğlu onu əvvəlcədən duyuq salıb, həyəcanlandırmaq istəməyib. Onu da bilirdi ki, desəydi belə, heç nə dəyişməyəcəkdi. Çünki oğlu fikrində qətiyyətli idi. Qərara gəlmişdisə, kimsə onu yolundan döndərə bilməzdi. Bu, Natiqin ailədə üç bacının tək qardaşı olduğundan da deyildi. Evin istəklisi olsa da, Namiq kişi onu ərkəsöyün böyütməmişdi. Sözündən dönməzlik oğlunun xarakterində idi.
Namiq kişi düşünürdü ki, bu illərdə çəkdiyi əziyyətləri, nəhayət, boya-başa çatdırdığı övladları misqal-misqal unutduracaq. İllər belə tez ötməmişdi onun ömründən.
Üç bacının tək qardaşı Natiq evin sonbeşiyi idi

Böyük bacısı Aynurə Paşayeva: "Natiq çox zarafatcıl, səmimi idi. Uşaq vaxtı gəlib dayanardı yanımda. Evdə uşaqların arasında ən hündür olduğumdan boyunu mənimlə müqayisədə ölçərdi. Deyərdi, bacı, bax, uzanıram, gəlib sənə çatacam.
Vaxt gəldi, qürurla,- gəlib səni də keçdim- dedi.
Birlikdə çox olardıq. Film izləyərdik. Fikirlərimizi bölüşərdik. Məsləhət alardı məndən. Deyərdi ki, bacı, elə istəyirəm gələcəkdə ailə quracağım qız sənin xarakterində olsun. Ailə dəyərlərinə qiymət verə bilən olsun. Qardaşımdan bu sözləri eşitmək mənimçün çox qürurverici idi.
Şəhərə şıxardıq. Bilərəkdən qoluna girərdim. Zarafatla deyərdi- bütün karizmamı öldürdün. Qızlar daha mənə baxmaz.
Hər işdən qayıdanda darıxmasın deyə ona zəng vurardım. Söhbətimiz o qədər uzanardı ki, bir də baxardıq evə çatıb.
Natiqi cəbhəyə yola salmağa gedəndə ağlamaq tutdu məni. Amma hələ də onun çöhrəsində gülüş vardı. Bu dəfə də zarafatından qalmadı: "Qəşəng ağlayırsan, bacı. Gedək, Qarabağda ağla. Bəlkə torpaqlarımızı qaytardılar".

Ortancıl bacısı Aytən Əhmədova: "Adı kimi özü də natiq idi. Gözəl danışığı vardı. Fikirlərini çox aydın, səlis ifadə edərdi. Hansısa əhvalatı elə şirin danışardı ki, hadisələr həmin anda adamın gözləri önündə canlanardı. Söhbətindən doymaq olmazdı. Öz arzusu ilə bərbərlik sənətinə yiyələndi. İşinin əsl ustası idi. Stilist olmaq arzusundaydı. Tezliklə fərdi salonunu açdı. Yüksək zövqü, yaradıcılıq və güclü ünsiyyət bacarıqları vardı".

Kiçik bacısı Aliyə Əhmədova: "Xeyirxah qəlbi vardı. Çox əliaçıq idi. Əyninin paltarını belə ehtiyacı olan dost-tanışlarından əsirgəməzdi. Atam deyəndə ki, filan köynəyin hanı? Gülümsünərdi. Deyərdi ki, filan dostumun xoşu gəldi, ona verdim. Atam heç vaxt onun xətrinə dəyməzdi. Nədənsə incik düşməsinə yol verməzdi. Belə vaxtlarda bacılarımla yerbəyerdən dillənərdik,- deməli, Natiqi bizdən çox istəyirsən. Yadımdadır ki, atam həmin vaxt bir yolla, şirin dillə könlümüzü alardı. Əslində isə biz bacılar Nicatla "nəfəs alırdıq".
Həyatsevər idi. Əyləncəni çox xoşlayardı. Oğlum Hüseynə çox vaxt ayırardı. Ona çoxlu hədiyyə almışdı. Hüseyn həmin hədiyyələri indiyə kimi qoruyub saxlayır. O da dayısını çox sevərdi- məndən də çox. Hüseyn idmanla məşğul olurdu. Natiq ona necə döyüşməyi öyrədirdi. "Heç vaxt təslim olma"- deyirdi,- "əgər bir dəfə geri çəkilsən, uduzarsan. Nə olur-olsun, irəli get. Qorxma, çəkinmə".

2003-cü ildə Natiqi 86 nömrəli məktəbin 1-ci sinfinə anası, atası, nənəsi yola salmışdı. Heç bir ay keçməmiş o günün bəxtiyarlığı ailənin gözündə dondu. Anasızlığın acısını, göynərtisini kiçik yaşlarından yaşamalı oldu Natiq. Doğrudur, ana nənəsi də, atası da bu ağrını ondan uzaqlaşdırmaq üçün ömürlərini şam elədilər, amma elə ağrılar var ki, insan ömründən qopmur, həyatının sonuna kimi sızıltısı kəsilmir.

-Bütün bunlar Namiq kişinin gözləri önündən kino lenti kimi keçdi. İndi Natiq böyümüşdü. Atasının qarşısında idi. Hələ də sözünü sona kimi deməmişdi. Atası da dinmirdi. Nə düşünürdüsə, sakit baxışlarla oğlunu, onun şux qamətini, uca boyunu fərəhlə süzürdü. Elə bil ilk dəfə idi Natiqinin bu qədər böyüdüyünü görürdü.

-Ata...
Namiq kişi xəyallarından ayrıldı.
-Hə, oğlum.
-Sabah hərbi komissarlıqda qeydiyyatdır.
-Uğuruna xeyir, oğul.

Sabahı gün- sentyabrın 29-da, Natiq atası və bacıları ilə Nizami rayon hərbi komissarlığında idilər. Böyük izdiham vardı. Gənclər cəbhəyə getmək üçün qeydiyyata düşürdülər. Pandemiya vaxtı olduğundan Namiq kişi qızlarını bir qədər tez evə apardı. Sonra tələsik işinə döndü. O, Nizami rayon Təcili Yardım Stansiyasında sürücü işləyirdi. Özünü baş həkimin yanına çatdırdı. Ondan bu gecə hərbi komuissarlıqda təcili yardım maşını ilə növbədə dayanmağa icazə istədi. Razılıq alanda bir qədər nəfəsini dərdi. Deməli, Natiqini yola sala biləcəkdi. Namiq kişi həmin gecə təcili yardım maşını ilə həkimlərlə bərabər səhəri dirigözlü açdı.
Namiq kişi: "Gecə saat 1-ə kimi könüllülərimiz hərbi komissarlıqda oldular- 400 nəfərə yaxın gənc olardı,- bir-birindən gözəl, mərd, igid, qorxmaz oğullarımız. Həmin anda hiss etdim ki, Natiq tək deyil, onların hamısı mənim övladlarımdı. Anlayırdım ki, oğlum bu həyatda öz imtahanını verir, mən də ata kimi öz imtahanımı.
Gecə saat 1-də avtobuslar gəldi, oğullarımızı yola saldıq. Ayrılanda dedi ki, ata, mən elə edəcəm ki, sən mənimlə həmişə fəxr edəsən. Dedim, oğlum, düşmənə aman vermə. Bir də çalış ki, sağ-salamat qayıdasan. O vaxt səninlə fəxr edəcəm. Qucaqlaşdıq, öpüşdük. halallaşdıq".
Bu da ayrılıq
Savaş yolları haçalandı. Hər biri yolumuzu həsrətlə gözləyən Qarabağımıza uzanırdı. Qəhrəmanlarımızın düşməndən azad etdiyi yerlərimiz bir-bir arzusuna qovuşurdu. Vətən oğullarının dastanlara sığmayan cəsarəti, hünəri köksündə düşmənin od qaladığı, tanınmaz hala saldığı yaşayış məntəqələrimizin, yurdlarımızın yaralarına sığal çəkir, məlhəm olurdu.
Atası Namiq kişi: "Uşaqlıq dostum Nemət Quliyev Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Mənə çox doğma idi. Evimizdə onun haqqında tez-tez söhbət düşərdi. Yəni, müharibə ağrı-acısının nə olduğu ailəmizə hələ o vaxtlardan tanış idi. Ermənilərin soydaşlarımıza qarşı törətdikləri soyqırımı, heç bir insanlığa sığmayan cinayətlərini, torpaqlarımızı işğal altında saxlamasını heç vaxt unutmurduq. Natiq kiçik yaşlarından bunların hamısını eşidirdi.
İndi fəxr edirəm ki, xalqımızın intiqamını alan igidlərin sırasında Natiqim də var. Onlar Nemət qardaşım kimi Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldılar.

Döyüş yoldaşı Hüseyn Qurbanov: "Mən də Natiq kimi döyüşlərə könüllü olaraq yollandım. Onunla ilk dəfə sentyabrın 29-da "N" saylı hərbi hissədə görüşüb, tanış olduq. Az müddətdə bir yerdə olsaq da, bu, onun cəsurluğunu, mərdliyini görməyə, qorxmazlığına şahid olmağa bəs etdi. Döyüşlərə birlikdə qatıldıq, düşmənə qarşı çiyin-çiyinə vuruşduq. Füzuli istiqamətində aparılan hərbi əməliyyatlarda necə böyük şücaət göstərdiyini heç vaxt unutmaram".
Cəbhəyə getdiyi vaxtdan iki gün sonra atasına zəng vurdu. Bacıları sevincək, həm də minbir həyəcanla qardaşlarının səsini eşitmək üçün atanı dövrəyə aldılar. Natiqin ön cəbhədən gələn inamlı səsini hər kəs aydınca eşidirdi. Deyirdi, narahat olmayın, hər şey yaxşıdı. Döyüş gedir. Düşməni məhv edirik. Torpaqlarımızı murdar, mənfur ermənilərdən xilas edirik.
Qəhrəmanımızın inamlı səsi həmin gün doğmalarını ümidləndirdi. Silahlı Qüvvələrimiz sürətlə irəliləyir, şəhər və rayonlarımızı, qəsəbə və kəndlərimizi bir-birinin ardınca işğaldan azad edirdi. Namiq kişi düşünürdü ki, tezliklə müharibə bitəcək. Hər kəs doğma ocağına dönəcək, ailəsini sevindirəcək. Əhmədovlar ailəsi o xoşbəxt günün onlara da qismət olacağına inanırdı.
Cəbhədən gələn qələbə xəbərləri üzləri güldürsə də, hər kəsdə nigarançılıq da vardı.

Zaman-zaman şəhid xəbərləri qapıları döyürdü
Namiq kişi oğlu ilə sonuncu dəfə oktyabrın 10-da danışıb. Natiq deyib ki, ata, sabah döyüşə- xalqımızın qisasını almağa gedəcəyik. O yerlər dağlıq ərazilərdir. Ola bilər ki, bir-iki gün telefon əlaqəsi yarada bilmədim. Ona görə narahat olma. Hər şey yaxşı olacaq.Ata-oğul telefonda yenidən halallaşdılar. Zəng bitdi.
Döyüş yoldaşı Hüseyn Qurbanov: "Döyüşqabağı Cəbrayılın Daşkəsən kəndində gecələməli olduq. Hava çox soyuq idi. Hər tərəfə zülmət qaranlıq çökmüşdü.

Natiqlə yerimiz yan-yana idi. Bronjiletimizi daşlığın, torpağın üstə atıb, buşlatımızı üstümüzə çəkdik. Səhər əmr gəldi ki, Hadrut istiqamətində hücuma keçəcəyik. Natiqlə "Kəlmeyi-şəhadət"imizi dedik. Hücum əmrini gözləyirdik. Birdən Natiqin qolumdakı saata maraqla baxdığını gördüm. Hiss elədim ki, xoşuna gəlib. Dedi, döyüşdən qayıdandan sonra onu bağışlayarsan mənə? Dedim, elə indi verərəm. Saatı qolumdan çıxarıb Natiqin qoluna taxdım.
Avtomobillərə mindik. Əvvəlcədən təyin edilmiş ərazidə bizi düşürdülər. Daha sonra Hadrut- Ağoğlan istiqamətində hücuma keçdik. Ağır döyüş gedirdi. Düşmən artilleriyası qarşılıq verirdi. Həmin vaxt Natiq çoxsaylı qəlpə yarası aldı. Özümü ona çatdıranda vəziyyəti ağır idi. Çox qan itirmişdi. Başını dizimin üstünə qoydum. Üzümə baxdı. Son sözü bu oldu ki, gedirəm anamın yanına. Silah yoldaşımız Elvin Əliyev də həmin döyüşdə şəhid oldu".
Namiq kişi: "Oktyabrın on birində axşam hərbi komissarlıqdan mənə zəng gəldi. Dedilər ki, oğlunuz Natiq şəhid olub. Düzdür, bu, ailəmizə çox ağır xəbər oldu, ürəyimizin başına köz qoydu. Amma o məqama ucalmaq hər kəsə nəsib olmur. Doğrudur, çətindir, ağırdır. Amma yenə də Vətən sağ olsun!"
Natiq Namiq oğlu Əhmədov oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi şücaətə, şəxsi igidliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Natiq Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Nizami rayonunda adına küçə var.
Natiq Əhmədov 2020-ci il oktyabr ayının 11-də şəhid olub. 2003-cü il oktybrın 11-də isə anası dünyasını dəyişib. İllər fərqli olsa da eyni ay, eyni gün... Şəhidimizin son nəfəsdə qovuşmaq istədiyi həsrətin adı da "ANA" olub. Bu, bir təsadüfdür, yoxsa...Əlbəttə, dünyamızın özü ilə gəzdirdiyi çox sirlər var.
Nazim Əlifov