Dövlət
Statistika Komitəsinin məlumatına görə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində
olan "Təmiz Şəhər" ASC 2025-ci ili 5,666 milyon manat xalis zərərlə
başa vurub. Bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur. Qurumun yığılmış zərəri
isə 249 milyon manata çatıb.
Mövzu ilə
bağlı danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu ASC tullantıların idarə
edilməsi ilə məşğuldur və ziyanla işləyir:
“Dünyanın
bir çox ölkələrində “zibil biznesi” ən karlı bizneslərdən biri sayılır, hətta,
İtaliyada “mafiya” bu işlə məşğul olmaq üçün bir-birini sıradan çıxardırdı.
Yaxşı, bu
sahəni də batırdız, ziyan, özü də xalis ziyan milyardın dördə-birinə çatıb. Səbəblərini
araşdıran olubmu?! Xərclərmi şişirdilir?! Əgər belə ASC-lərlə alınmırsa, sivil
dünyanın getdiyi yolla gedək – Böyük Şəhər Bələdiyyələri yaradaq, Mer seçək, şəhər
hökuməti formalaşdıraq, onlar da hesabatlı şəkildə şəhər təsərrüfatı, o cümlədən
tullantılarla məşğul olsunlar, bu xidməti ya özləri həyata keçirsinlər, ya da
yaxşı şərtlərlə özəl şirkətlərə devr edib, heç olmasa, ziyanla işləməsinlər.
"Təmiz
Şəhər" ASC 250 mln. manatlıq ziyanı bağlayacaqmı?! Təbii ki, yox, günü
birində bu ziyan silinəcək, məsuliyyət daşıyan da olmayacaq...”
News365.az