Ucar rayonunda fermer südün alış qiymətindən narazılığını etiraz formasında nümayiş etdirib.
News365.az xəbər verir ki, O, təxminən 60 litr südü yerə tökərək südün fermerlərdən çox aşağı qiymətə alındığını bildirib.
Fermerin sözlərinə görə, südün 3 litri onlardan cəmi 45 qəpiyə, yəni litri 15 qəpiyə alınır.
“Bu ot tayalarına 7 min manat pul vermişəm. Yenə də ot almalıyam ki, qış tədarükümü görə bilim. 15 qəpiklə mən necə ayaqda qalım? Sonra deyirlər ki, kənddə kəndçilər yaşamır, heyvan saxlamır. Bundan xəbəri olan varmı ki, mənim südümü 15 qəpiyə alırlar?” – fermer bildirib.
O qeyd edib ki, fermerdən alınan süd emal olunaraq daha yüksək qiymətə satılır:
“Məndən alınan südün içinə maya atırlar, sonra 5 manata satırlar. Mən aparıb Bakıda qapı-qapı süd satmalıyam? Dünyanın harasında 15 qəpiyə süd var? Bizi bu vəziyyətə salan kimlərdir?”
Fermer bütün həmkarlarına və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.
“Bütün fermerlərə səslənirəm, mənə dəstək olun. Kənd Təsərrüfatı Nazirliyinə səslənirəm, bizim səsimizə səs verin. Heç olmasa südümüzü 1 manata alsınlar”, – deyə fermer çağırış edib.