"Hüquq deyil siyasət önə çıxıb"

"Hüquq deyil siyasət önə çıxıb"
13:28

“Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bir neçə gün öncə Azərbaycana qarşı qəbul etdiyi qərar tamamilə ədalətsizdir. 2016-cı ilin Aprel döyüşləri zamanı separatçı rejimin qanunsuz hərbi dəstələrində ölkəmizə qarşı vuruşan bir hərbçi ilə əlaqədar verilən qərar ikili standartların göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Məhkəməsi   bu işğal siyasətinə görə rəsmi İrəvanla bağlı ciddi qərar qəbul etməyib, yüzminlərlə azərbaycanlının doğma yurdlarından didərgin düşməsini səssizliklə qarşılayıb. 1992-ci ildə ermənilər Xocalıda dinc insanlara qarşı vəhşicəsinə qətliam törətdilər, amma Avropa təsisatları susdu. Doğrudur, Avropa Məhkəməsinin bu cinayətə hüquqi qiymət verməməsi o zaman ölkəmizin bu təsisatın yuridiksiyasına daxil olmaması ilə izah edilir. Lakin nəzərə alaq ki, Azərbaycan AHİM-in üzvü olduqdan sonra da Ermənistan belə cinayətlər törədib. Belə ki, Ermənistan dəfələrlə mülki insanları da hədəfə alıb, qadın və uşaqlar daxil olmaqla çoxlu sayda vətəndaşlarımız həyatını itirib. Çox kiçik istisnalar olmaqla Avropa Məhkəməsi ermənilərin cinayətlərinə səssiz qalıb.

Millət vəkilinin sözlərinə görə, 2016-cı ilin aprel döyüşləri də işğalçı Ermənistanın hərbi təxribatının nəticəsi idi. O dövrdə ordumuz işğalçı hərbi qüvvələrə layiqli cavab verdi və ərazilərimizin bir hissəsini azad etdi.  Əlbəttə, həmin hərbi təxribatın qarşısını almaq Azərbaycanın qanuni haqqı idi. Çünki BMT-nin Nizamnaməsinə əsasən hər bir dövlətin özünü müdafiə hüququ var. Ölkəmizin ərazi bütövlüyünə qarşı döyüşən qanunsuz, işğalçı və separatçı hərbi birləşmələrin hərbçilərini zərərsizləşdirmək Azərbaycan Ordusunun qanuni haqqıdır.  

“Həmin dairələr nəzərə almalıdır ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə, heç bir yerdən yardım almadan bərpa edib. Eyni zamanda,  müharibə cinayətkarlarını həbs edərək ədalət mühakiməsinə çıxardı. Bu gün qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb, beynəlxalq müstəvidə böyük nüfuza sahibdir. Avropa Məhkəməsindəki dairələr də ölkəmizin artan nüfuzunu, liderliyini qəbul etmək istəmir. Məlum qərar da bu baxımdan qiymətləndirilməlidir. Görünən odur ki, Avropa Məhkəməsi həmin hüquqi qərarı siyasi yanaşma əsasında qəbul edib. Lakin məhkəmə proseslərində siyasi yanaşma deyil, hüquq öndə olmalıdır. Digər tərəfdən, bəzi müxalif medianın Avropa Məhkəməsinin ermənilərin xeyrinə verdiyi qərarı tirajlaması doğru yanaşma deyil. Damarlarında azərbaycanlı qanı axan hər bir şəxs bu qərara qarşı çıxmalıdır”,-deyə Samir Vəliyev vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada