"Zəfərdən sülhə": Türkiyəli media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri başa çatdı - FOTO

"Zəfərdən sülhə": Türkiyəli media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri başa çatdı - FOTO
15:31

2026-cı il avqustun 3-dən 6-dək Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu – TADİV və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı həyata keçirilib.


News365.az xəbər verir ki, proqram çərçivəsində Türkiyənin müxtəlif media qurumlarını və qeyri-hökumət təşkilatlarını təmsil edən jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən və təşkilat rəhbərlərindən ibarət 20 nəfərlik heyət Azərbaycana səfər edib.  

Səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və məskunlaşma işlərini yerində müşahidə etmək, “Böyük Qayıdış” proqramının nəticələri ilə tanış olmaq, Qarabağda baş verən tarixi dəyişiklikləri Türkiyə və beynəlxalq ictimaiyyətə birbaşa mənbələr vasitəsilə çatdırmaqdır. Proqram zəfər, quruculuq və sülh istiqamətləri üzərində formalaşdırılıb. Azərbaycan dövlətinin regional sülh siyasətinin, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının, Zəngəzur dəhlizinin Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyası üçün strateji əhəmiyyətinin media müstəvisində obyektiv təqdim olunması da əsas hədəflər sırasında yer alıb.

Proqramın ilk günü Bakıda ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarı, Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub. Nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşərək Qarabağda yenidənqurma prosesi, Cənubi Qafqazda davamlı sülhün perspektivləri və müharibədən sonrakı regional vəziyyət barədə fikir mübadiləsi aparıb. Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən məlumatlandırma toplantısında isə sülh prosesi, Zəngəzur dəhlizinin regional əhəmiyyəti və Azərbaycan–Türkiyə əməkdaşlığının yeni imkanları müzakirə olunub. Proqramın uğurla həyata keçirilməsinə və media fəaliyyətinin səmərəli əlaqələndirilməsinə verdiyi dəyərli töhfələrə görə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat müşavirliyinə də təşəkkürümüzü bildiririk.

Səfərin Qarabağ mərhələsi Ağdamdan başlayıb. Heyət şəhər mərkəzində işğal dövrünün dağıntılarını, bərpa edilmiş Ağdam Cümə məscidini, yeni yaşayış ərazilərini və Ağdam Sənaye Parkını ziyarət edib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri ərazilərin minalardan təmizlənməsi, təhlükəsiz məskunlaşma və geri qayıdan sakinlərin müdafiəsi ilə bağlı brifinq təqdim ediblər. Türkiyəli qonaqlar Ağdama qayıdan ailələrlə görüşərək onların həyat şəraiti və doğma yurda dönüş təəssüratları ilə maraqlanıblar.

Xankəndidə şəhərin mövcud vəziyyəti, həyata keçirilən infrastruktur layihələri, yaşayış və sosial obyektlərin tikintisi barədə məlumat verilib, şəhərə baxış keçirilib. Şuşada Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, eləcə də Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş büstləri ziyarət olunub. Səfərin Laçın mərhələsində Zabux və Sus yaşayış məntəqələrində aparılan quruculuq işləri, yeni yollar, enerji infrastrukturu və sakinlərin geri dönüşü ilə bağlı layihələr nəzərdən keçirilib. Bakıya qayıtdıqdan sonra nümayəndə heyəti Hərbi Qənimətlər Parkı və İçərişəhərlə də tanış olub.

Proqram Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən yekun iclasla başa çatıb. Müzakirələr zamanı Qarabağda quruculuq, regional sabitlik, Zəngəzur dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyəti, Azərbaycanla Türkiyənin nəqliyyat və enerji layihələrində əməkdaşlığı, həmçinin səfər zamanı əldə edilən müşahidələrin mediada işıqlandırılması məsələləri nəzərdən keçirilib. Görüçün nəticəsi olaraq heyət üzvlərinin ortaq qənaətlərini əks etdirən “Zəfərdən sülhə” yekun bəyanatı ictimaiyyətə təqdim olunub.

Bu proqram Qarabağ həqiqətlərinin birbaşa müşahidələr, canlı təəssüratlar və əldə olunan faktlar əsasında media məkanına daşınması baxımından mühüm informasiya və dialoq platformasına çevrildi. Türkiyəli jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri Ağdam, Xankəndi, Şuşa və Laçında işğal dövrünün ağır izlərini, minalardan təmizləmə prosesini, yeni yaşayış məhəllələrinin və sosial infrastrukturun qurulmasını, eləcə də “Böyük Qayıdış” çərçivəsində doğma yurda qayıdan sakinlərin gündəlik həyatını yerində müşahidə etdilər. Bu səfər dağıntıdan dirçəlişə keçidin miqyasını, dövlətin həyata keçirdiyi bərpa siyasətinin sistemli xarakterini və Qarabağın regionun yeni iqtisadi xəritəsində qazandığı strateji mövqeyi əyani şəkildə göstərdi. Yekun iclas zamanı Qarabağın yenidən qurulması, Zəngəzur dəhlizi, nəqliyyat və enerji layihələri, regional əməkdaşlıq perspektivləri media nümayəndələrinin sahə müşahidələri əsasında geniş müzakirə olundu.

Proqramın ən mühüm nəticələrindən biri də Türkiyə mediasında Qarabağla bağlı məlumatların rəsmi açıqlamalardan kənara çıxaraq birbaşa şahidlik, insan hekayələri və konkret faktlarla zənginləşməsi oldu. Bu formatın davamlı şəkildə keçirilməsi Azərbaycan–Türkiyə media əlaqələrinin güclənməsinə, Qarabağda aparılan quruculuq işlərinin beynəlxalq auditoriyaya daha dolğun çatdırılmasına və Cənubi Qafqazda formalaşan sülh gündəliyinin daha təsirli təqdimatına mühüm töhfə verə bilər.






Sizin reklam burada
Sizin reklam burada