Bəzi xarici siyasi dairələrin və beynəlxalq lobbi qruplarının Ruben Vardanyanın müdafiəsinə yönəlmiş cəhdləri Azərbaycan cəmiyyətində ciddi etiraz və təəssüf hissi ilə qarşılanır.
Məsələ ilə bağlı politoloq Zaur Məmmədov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan xalqına və dövlətinə qarşı ağır cinayətlər törətməkdə ittiham olunan şəxslərin hansısa beynəlxalq təzyiqlər və ya siyasi bəyanatlarla məsuliyyətdən yayınması kökündən qeyri-mümkündür.
Politoloqun sözlərinə görə, Ruben Vardanyan obrazını "siyasi məhbus" və ya "ictimai xadim" kimi qələmə verməyə çalışan xarici təşkilatların mövqeyi tamamilə qərəzlidir və reallıqdan uzaqdır:
"Ruben Vardanyan beynəlxalq terrorçuluq, çirkli pfillərin yuyulması və terrorun maliyyələşdirilməsi kimi ağır cinayət əməllərində ittiham olunan şəxsdir. O, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsinə qanunsuz yollarla daxil olaraq burada separatçı rejimin möhkəmlənməsində fəal iştirak edib. Vardanyanın bölgəyə gəlişinin əsas məqsədi Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarını pozmaq, regionda sabitliyi pozaraq gərginliyi artırmaq və qanunsuz xuntanın ömrünü uzatmaq idi."
Zaur Məmmədov vurğulayıb ki, Vardanyan təkcə siyasi bəyanatlarla kifayətlənməyib, həm də Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin birbaşa maliyyələşməsinə və təchizatına rəhbərlik edib:
"Məhz onun həyata keçirdiyi təxribatçı siyasət nəticəsində bölgədəki terrorçu şəbəkələr genişləndirildi və qanunsuz silahlı dəstələr Azərbaycan Ordusunun mövqelərinə qarşı hərbi hücumlar təşkil etdilər. Bu təxribatlar zamanı hərbi qulluqçularımız və mülki əhalimiz arasında insan tələfatı baş verdi. Bütün bu qanlı hadisələrin baş verməsində Vardanyanın birbaşa hüquqi və mənəvi məsuliyyəti var."
Eyni zamanda politoloq diqqətə çatdırıb ki, Ruben Vardanyanın qanunsuz əməlləri yalnız Azərbaycanla məhdudlaşmır, onun beynəlxalq miqyaslı cinayət şəbəkələri ilə dərin əlaqələri mövcuddur:
"Onun adı illərdir ki, müxtəlif ölkələrdə həyata keçirilən qanunsuz maliyyə əməliyyatlarında, transmilli cinayət sxemlərində və terrorçuluğun maliyyələşdirilməsində hallanır. Hətta Ukraynadakı müharibə və sabitliyin pozulması ilə bağlı beynəlxalq araşdırmalarda da onun adı və çirkli pul dövriyyəsindəki rolu müxtəlif mötəbər mənbələr tərəfindən ifşa olunub."
Açıklamasının sonunda Zaur Məmmədov qeyd edib ki, Azərbaycan dövlətinin mövqeyi qətidir və heç bir beynəlxalq təzyiq bu mövqeyi dəyişə bilməz:
"Kimliyindən, tutduğu mövqeydən və arxasında duran xarici havadarların bəyanatlarından asılı olmayaraq, Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətmiş hər bir şəxs ədalət mühakiməsi qarşısında cavab verəcək. Azərbaycan suveren dövlətdir və hüququn aliliyini təmin etmək prinsipinə hər zaman sadiqdir."