“İsrailə dedik ki, etdiyiniz əməl doğru deyil” - Hikmət Hacıyev detalları AÇDI

“İsrailə dedik ki, etdiyiniz əməl doğru deyil” - Hikmət Hacıyev detalları AÇDI
15:46

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə mətbuatına geniş açıqlama verib.

News365.az saytı xəbər verir ki, Türkiyədən olan bir qrup jurnalist “Sülhün coğrafiyası Qarabağ” proqramı çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi H.Hacıyevlə həmsöhbət olub.

Azərbaycan Prezidentinin köməkçisi regionda cərəyan edən bir çox məsələlərə toxunub.

O, rəsmi Bakının İsrailin Türkiyəni təxribata çəkmək məqsədilə qondarma erməni soyqırımını tanıma cəhdinin qarşısını necə aldığından danışıb.

Prezidentin köməkçisi deyib ki, Azərbaycanın xarici və daxili siyasətində, dövlət təfəkküründə bir nömrəli məsələ Türkiyədir. Türkiyənin mənafelərinə, kimdən gəlirsə gəlsin, zərər vura biləcək hər hansı bir məsələ varsa, Azərbaycanın orada prinsiplərə söykənən mövqeyi vardır:

“İsraildə erməni soyqırımı iddiaları gündəmə gələndə bunu ən kəskin şəkildə pisləyən ilk ölkə olduq. Bizim baxışımızdan hər hansı bir sual işarəsi yoxdur, ola da bilməz. Bu bizim üçün qırmızı xəttdir. Cənab Prezidentin tapşırığı oldu və İsrailə zəng etdik, özlərinə bunu dedik: “Etdiyiniz əməl doğru deyil. Əgər bu məsələ ilə Türkiyəni narahat edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Türkiyə üçün bu məsələ artıq köhnə bir propaqanda mövzusudur; 1950-ci, 60-cı, 70-ci illərdə Qərbin Türkiyəyə qarşı istifadə etdiyi bir tezis idi. Bu addımla Türkiyə-İsrail münasibətlərinə daha çox zərər vurarsınız. Azərbaycan-İsrail münasibətlərinə və Azərbaycan ictimaiyyətində İsrailə olan baxışa da zərər vurursunuz. Nəticədə bu sizə heç nə qazandırmayacaq. Bu səbəbdən bunu geri çəkməyiniz daha ağıllı addım olar”. Bunun doğru bir qərar olmadığını qəbul etdilər və qısa müddətdə geri çəkilməsinin vacibliyini anladılar. Bu bizim borcumuzdur. Buna görə təşəkkür gözləmirik; bu bizim qardaşlıq borcumuzdur.

Bir çox məsələdə Ankara ilə məsləhətləşdiyimiz halda, bu məsələdə Ankara ilə danışmadan addım atdıq. Çünki “bir millət, iki dövlət” prinsipi də bunu tələb edir. Şuşa Bəyannaməsinin fəlsəfəsi də budur. Əgər masada Türkiyə olmayacaqsa, Azərbaycan var; biz də sözümüzü dedik”.

Hikmət Hacıyev Azərbaycanın Fələstinlə bağlı mövqeyini də ifadə edib.

“Bu barədə zaman-zaman çirkli bir propaqandanın aparıldığını görürük. Azərbaycanın Fələstin məsələsində prinsipial mövqeyi var: İki dövlətli həll prinsipi. Şərqi Qüdsün paytaxt olduğu müstəqil Fələstin dövlətinin qurulması bu yanaşmanın əsasını təşkil edir. Azərbaycanın Ramallahda diplomatik nümayəndəliyi var. Azərbaycan Fələstini bir dövlət kimi tanıyır və bu mövqeyini davam etdirir. Fələstinin Baş naziri Azərbaycanda oldu və özünü dinlədik. Bizə çatdırdıqları bəzi xahişlər oldu. Biz də bunları İsrail tərəfinə ötürdük”.

H.Hacıyev SOCAR-la bağlı məsələdən də danışıb:

“SOCAR həm Azərbaycanın, həm də Türkiyənin şirkətidir. Qürurumuzdur, birgə keçmişimizin tərkib hissəsidir. SOCAR-ın qarşısına bəzi şəxslər çıxıb etiraz aksiyası keçirir. SOCAR vasitəsilə Azərbaycan Türkiyəyə 20 milyard dollar sərmayə qoyub və daha çoxunu da qoymaq niyyətindədir. Biz bunu bir qardaşlıq borcu kimi görürük. SOCAR Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında Türkiyə ilə birlikdə çalışır. Lakin Türkiyənin sosial mediasında sanki SOCAR İsrailin bütün neftini təmin edirmiş, soyqırımda əli varmış kimi şayiələr dolaşır. İsrail-Azərbaycan münasibətləri haqqında bəzi miflər uydurulub. Bəli, Azərbaycanın İsrail ilə münasibətləri var. İnkardan gəlmirik. Bu bir reallıqdır. Azərbaycanın İsrail ilə münasibətlərinin olması bir məsələni qısa bir telefon zəngi ilə həll etməyimizə imkan verdi. Propaqanda aparanlar Türkiyənin və Azərbaycanın düşmənləridir, vətən xainidir”.

Azərbaycan Prezidentinin köməkçisi Azərbaycanın İranı qardaş ölkə hesab etdiyini də vurğulayıb:

“Geopolitik baxımdan bölgəmizdə vəziyyət çox çətindir. Bakının 200 km cənubunda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimala getdikdə isə Rusiya-Ukrayna müharibəsi davam edir. İranı da biz qardaş ölkə hesab edirik. Çünki sərhədin o biri tərəfində, Araz çayının o tayında da bizim qardaşlarımız yaşayır”.

H.Hacıyev Azərbaycan ərazisindən MOSSAD-ın istifadə etməsi iddiasına belə cavab verib:

“Birincisi, bizim üçün torpaqlarımızın azadlığı, suverenliyimiz əsas prinsipdir. İkincisi, Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı müdaxiləyə icazə verməz. Üçüncüsü, bizim orada vəfa borcumuz da var. Sərhədin o tayında yaşayan insanlar, dediyim kimi, milləti və dini nə olur-olsun, bizim qardaşlarımızdır. Biz buna necə icazə verə bilərik? Dördüncüsü, bu texniki olaraq necə mümkün ola bilər? İsraildən bura necə gələcək? Türkiyə üzərindən gəlməlidir. Türkiyə də buna icazə verməz, Azərbaycan da. Bu necə olacaq? Burada çirkli propaqanda ünsürləri var”.

“Sevindirici hal odur ki, Cənubi Qafqazda sülh var. Çox şükür, Ermənistan-Azərbaycan müharibəsi davam etmiş olsaydı, qonşularımızda alışan bu yanğınlardan qıvılcımlar bura da sıçraya bilərdi. Qafqazda sülh var və bu sülh daimi sülhdür. Ermənistan-Azərbaycan sülh prosesi təkcə kağız üzərindəki bir bəyanatdan ibarət deyildir. Azərbaycan bunu praktiki olaraq da sübut etmişdir”, - H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi deyib ki, rəsmi Bakı sülh prosesində artıq bir maneə görmür:

“Azərbaycanın təşəbbüsü ilə 2023-cü ildən 2025-ci ilə qədər olan dövrdə cəmi iki il ərzində sülhə nail olduq. Avropada, Brüsseldə hər kəs sülhdən danışmağı çox sevir. Fransa ilə Almaniya İkinci Dünya Müharibəsinin 1945-ci ildə bitməsinə baxmayaraq, Yelisey Sülh Müqaviləsini 1963-cü ildə imzaladılar. 17-18 il sonra. Biz isə iki il sonra sülh müqaviləsini imzaladıq. Ermənistanın bizə qarşı soyqırımı törətməsinə baxmayaraq, niyyətimizin yalnız sülh olduğunu göstərdik...
Təqdir edirik ki, Ermənistanın hazırkı rəhbərliyi “real Ermənistan” konsepsiyasını əsas yanaşma kimi qəbul etmişdir. Bunun Konstitusiyaya köçürülməsini gözləyirik. Seçkilər bitdikdən sonra Ermənistanın daxili işlərinə qarışmaq niyyətimiz yoxdur. Yeni konstitusiya qəbul edəcəklərinə dair bəyanatları və açıqlamaları var. Qəbul edildikdən sonra sülh müqaviləsinin imzalanmasında bir problem yoxdur. Məqsədimiz Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan sülh proseslərini paralel şəkildə apararaq nəticəyə çatdırmaqdır.

Sülh prosesində qarşımızda artıq ciddi bir maneə görmürük. Ermənistan tərəfinin də yeni geopolitik reallığı qəbul edərək yeni siyasət yürütdüyünün fərqindəyik. Onlar da həqiqətləri və işğalın əslində illərlə özlərini əsir aldığını qəbul ediblər; bunun səhv olduğunu da anlayıblar. Ermənistan öz inkişafı üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin nə qədər vacib olduğunu qəbul etmiş vəziyyətdədir”.

H.Hazıyev Zəngəzur dəhlizində də danışıb:

“Zəngəzur dəhlizinin açılması isə bizə görə artıq yeni geopolitik reallığın tərkib hissəsidir. Bizim mənafelərimizə cavab verdiyi qədər Ermənistanın da mənafelərinə cavab verir. Çünki Ermənistan da regionda tranzit imkanlarına malik olmasının vacibliyini anlayır.

Sülh müqaviləsinin mətni artıq parafladığımız və dəqiqləşmiş mətndir. ABŞ ilə Ermənistan arasında imzalanan birgə bəyanatda “Tramp dəhlizi” olaraq adlandırılan dəhlizlə bağlı artıq bir razılaşma var. Amerikalıların bizə dediyinə görə, texniki-iqtisadi əsaslandırma bu yay tamamlanacaq və sonra sürətli şəkildə tikinti işlərinə başlayacaqlar. Azərbaycan və Türkiyə olaraq bu gün öz işlərimizi zatən bölgədə qurmuşuq. Əlaqənin kəsilməsi problemimiz yoxdur. Bakı-Tbilisi-Qars bu gün işlək vəziyyətdədir. TANAP-ımız var, TAP var. Ermənistan da bu regional infrastrukturların bir hissəsi olmaq istəyirsə, buyursun”.

H.Hacıyev deyib ki, ABŞ-ın Zəngəzur dəhlizi məsələsində yer alması çox vacib idi.

“Sülh üçün zəmanətçi rolunda olacaq. Zəngəzur dəhlizində də bir zəmanətçi olacaq. Çox detalına varmaq istəmirəm.

Ermənistanın indiki rəhbərliyi həmişə sülhsevər idimi? Məncə, yox. Biz öz addımlarımızla onların sülhsevər olmasını təmin etdik və onlar da sülhdən başqa yollarının olmadığını anladılar. İndi “real Ermənistan” qurmaq istəyirlərsə, qursunlar. Ermənistan sərhədləri daxilində öz daxili işlərini özləri bilərlər. Amma artıq bizim torpaqlarımızda gözləri olmasın; bundan sonra da olmayacağına inanıram”.


Sizin reklam burada
Sizin reklam burada