30 gündür xəbər yoxdur: Polkovnik dənizdə batan BDU tələbəsi üçün KÖMƏK İSTƏDİ

30 gündür xəbər yoxdur: Polkovnik dənizdə batan BDU tələbəsi üçün KÖMƏK İSTƏDİ
15:41

Hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov sosial şəbəkədəki şəxsi hesabında çox ağrılı paylaşım edib.

News365.az-un məlumatına görə, Ü.Cəfərov qeydlərinin maksimum paylaşılması üçün acizanə şəkildə xahiş edib. 

Bildirib ki, düz 30 gün bundan əvvəl, iyulun 6-da Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 4 nəfər batmışdı:

“Məlumat daxil olan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olununmuşdular. Operativ xilasetmə əməliyyatı nəticəsində 1975-ci il təvəllüdlü Rasim Qəhrəman oğlu Məmmədov və 2016-cı il təvəllüdlü Aylin Rasim qızı Məmmədzadə xilas edilmişdilər.

Axtarışlar zamanı dalğıclar 2005-ci il təvəllüdlü Raul Rasim oğlu Məmmədovun da meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil vermişdilər. O vaxtdan bu günə kimi, əzizimiz, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 3-cü kurs tələbəsi, Fl-195 qrupunun əlaçı tələbələrindən biri, şəkildə gördüyünüz nur üzlü, 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları hələ də nəticəsiz qalıb”.

Ü.Cəfərov daha sonra bildirib: “Bu müraciəti həm Zeynəbimizin ən yaxın rəfiqələrinin - Ayla Talışlı başda olmaqla, bütün qrup üzvlərinin adından, həmçinin Bakı Dövlət Universitetinin Zeynəbi şəxsən tanıyan və onu sevən müəllim - tələbə heyəti adından müvafiq dövlət və hökumət strukturlarına ünvanlıyıram. FHN-nin, həmçinin Dövlət Sərhəd Xidmətinin əlaqadar rəsmilərinə müraciət edirəm. Həm Azərbaycanın, həm də Rusiya Federasiyasının, İran İslam Respublikasının, Qazaxstanın, Türkmənistanın Xəzər dənizi ilə bağlı bütün struktur bölmələrinin rəsmilərinə Zeynəbin axtarılıb tapılmasına maksimum diqqət ayrımalarını acizanə xahiş edirəm. Bu bizim insanlıq, həm də əziz balamız Zeynəbin müqəddəs ruhuna hörmət əlaməti olaraq bir addımımız kimi qəbul olunardı”.

Ekspert yekunda bildirib ki, Xəzər dənizi 2026-cı ilin təkcə yay aylarında 40 vətəndaşımızın həyatına bu və ya digər səbəblərdən son qoyub: “Özünüzü və yaxınlarınızı qoruyun!”

Musavat.com


Sizin reklam burada
Sizin reklam burada