Toplum üçün faydalı ideya və layihələri ilə tanınan könüllü mədəniyyət elçisi, əslən azərbaycanlı olan Fatma Sahur, uzun illər İstanbulda yaşasa da, doğulub böyüdüyü torpaqlara olan vəfa borcunu heç vaxt unutmayıb. İğdır üçün sosial və mədəni layihələr həyata keçirən Fatma Sahur bu barədə news365.az-a danışıb:
"Biz böyük şəhərlərə iş üçün köç etmiş olsaq da, doğulduğumuz torpaqları unutmadıq və onlardan imtina etmədik. Necə ki, İğdırın pendiri, kərə yağı, ərikləri və damağımızda izi qalan lavaşı kimi bir çox məhsulu tanıtmağa cani-dildən hazıram. Bu səbəbdən doğulub böyüdüyümüz şəhərə borcluyuq və indi bu borcu ödəməyin zamanıdır."
Sonuncu dəfə vətəninə səfər edərkən, İğdırda fermerlərin kimyəvi gübrələr əvəzinə təbii gübrələrdən istifadə etdiyini görmək onu çox sevindirib. O, bunun İğdır məhsullarının nə qədər təbii və orqanik olduğunun sübutu olduğunu vurğulayaraq belə deyib:
"Bunun əsasında bir layihə hazırlamağa başladım. İnşallah, İğdırdakı qeyri-hökumət təşkilatları və aidiyyəti qurumlar bu layihəyə dəstək verərlər. Mənim ən böyük arzum İğdırın giriş və çıxış nöqtələrində 'Bu ovada kimyəvi dərman və gübrə istifadə edilmir' yazılmış lövhələrin yerləşdirilməsidir. Əgər bu layihə reallaşarsa, İğdır məhsulları həm ölkə daxilində, həm də Avropada böyük maraq görəcək. Ümid edirəm ki, bir gün bu yazını İğdırın giriş və çıxışlarında görəcəyik."
Fatma Sahur İğdırın coğrafi mövqeyinin əhəmiyyətindən də bəhs edib. Tezliklə açılması gözlənilən Zəngəzur dəhlizinin İğdırın kənd təsərrüfatı və turizm sahəsində diqqət mərkəzinə çevriləcəyini vurğulayaraq belə deyib:
"Biz İğdırlılar olaraq indidən şəhərimizi həm kənd təsərrüfatı məhsulları, həm də turizm sahəsində marka şəhərə çevirmək üçün çalışmalıyıq."