Kəlbəcərdə özəl investisiyalar yeni iş yerləri yaradacaq

Kəlbəcərdə özəl investisiyalar yeni iş yerləri yaradacaq
15:50

Kəlbəcərin bərpası yalnız yeni binaların və infrastrukturun yaradılması ilə məhdudlaşmır. Rayonun əsl dirçəlişi insanların burada yaşaması, işləməsi və gələcəyini doğma torpaqlarında qurması ilə tamamlanır.

News365.az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev rayonda keçirilən əmək yarmarkasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və burada dayanıqlı məskunlaşmanın təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir:

“Dayanıqlı məskunlaşmanın təməlində insanların öz doğma torpaqlarında işlə təmin olunması, iqtisadi fəallığının və gəlir imkanlarının yaradılması dayanır”.

Xüsusi nümayəndənin sözlərinə görə, Kəlbəcərdə ilk mərhələdən modul tipli sahibkarlıq subyektlərinin fəaliyyətinə şərait yaradılıb. Bununla həm sakinlərin ilkin istehlak tələbatlarının ödənilməsi, həm də yerli əhali üçün yeni məşğulluq imkanlarının formalaşdırılması nəzərdə tutulub.

B.Hacıyev bildirib ki, hazırda rayonda həyata keçirilən özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılması və sakinlərin məşğulluğunun təmin edilməsidir:

“Bu layihələr Kəlbəcərin iqtisadi potensialının reallaşdırılması ilə yanaşı, əhalinin rayonun sosial-iqtisadi həyatında daha fəal iştirakına imkan yaradır”.

O, Dövlət Məşğulluq Agentliyinin rayonda məşğulluğun təmin olunması prosesində fəal iştirak etdiyini də diqqətə çatdırıb. Bildirib ki, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün Agentliklə sıx əməkdaşlıq aparılır.

Bəşir Hacıyev əmək yarmarkasının işaxtaranlarla işəgötürənlər arasında yeni əlaqələrin qurulmasına, yeni iş imkanlarının yaranmasına və Kəlbəcərdə dayanıqlı məşğulluğun genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

“Kəlbəcərin bərpası yalnız yeni binaların və infrastrukturun yaradılması deyil. Kəlbəcərin əsl dirçəlişi insanların burada yaşaması, işləməsi, iqtisadi fəallıq göstərməsi və gələcəyini bu torpaqlarda qurması ilə tamamlanır”, – xüsusi nümayəndə vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada