Renuar muzeyinə ZİYAN VURULDU

Renuar muzeyinə ZİYAN VURULDU
15:20

Fransanın cənubunda, Nitsa yaxınlığında yerləşən Kan-syur-Mer kommunasında fransız impressionist Oqüst Renuar muzeyindən dörd tablo naməlum şəxslər tərəfindən oğurlanıb.

News365.az xəbər verir ki, bu barədə TF1 telekanalı mənbəyə istinadən məlumat yayıb.

Cinayətkarlar çərşənbə axşamı səhər tezdən muzeyin binasına daxil olublar. Telekanalın məlumatına görə, yerli vaxtla təxminən saat 06:00-da (Bakı vaxtı ilə 08:00-da) həyəcan siqnalı işə düşdükdən sonra polisə xəbər verilib. Təhqiqatçılar təhlükəsizlik kameralarının qeydlərində iki soyğunçunun rəsm əsərlərini çərçivədən kəsdiyini müşahidə ediblər. İlkin ehtimallara görə, dörd sənət əsəri aparılıb, lakin onların adları hələlik açıqlanmır.

Son illər ərzində Fransadakı muzeylər bir neçə dəfə irimiqyaslı soyğunçuluqların hədəfinə çevrilib. Xüsusilə, 2025-ci ilin oktyabr ayında cinayətkarlar Luvr muzeyindən Fransa monarxlarının kolleksiyasına aid zinət əşyalarını oğurlamışdılar. Bundan bir neçə saat sonra Fransanın şərqindəki Lanqr şəhərində yerləşən "Deni Didro Maarifçilik Evi" muzeyi qarət edilmiş və oradan qızıl, eləcə də gümüş sikkələr kolleksiyası aparılmışdı.

Bu hadisələrdən sonra ölkənin Daxili İşlər Nazirliyi muzeylər və mədəni irs obyektləri ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş vermişdi.


Sizin reklam burada
Sizin reklam burada