Kənd təsərrüfatında böhran siqnalı: Fermerlər zərərlə çalışır

Kənd təsərrüfatında böhran siqnalı: Fermerlər zərərlə çalışır
17:00

Qlobal iqlim dəyişikliklərinin yaratdığı fəsadlar və aqrar sektorda istehsal xərclərinin kəskin yüksəlməsi Azərbaycan fermerlərini ciddi sınaq qarşısında qoyub. Bazardakı qiymət qeyri-balansı, gübrə və dərmanların bahalaşması təsərrüfatların rentabelliyini minimuma endirib. Mövcud problemləri, fermerlərin qarşılaşdığı çətinlikləri və sahədəki riskləri kənd təsərrüfatı məsələləri üzrə ekspert Nazim Məmmədli News365.az üçün şərh edib.

"Gübrə iki dəfə bahalaşıb, məhsulun bazar qiyməti isə yerində sayır"

Ekspert bildirib ki, anomaliyalar bitkiçilikdə xəstəlik və zərərvericilərin kəskin artmasına yol açıb ki, bu da mütəmadi və xərc tələb edən dərmanlamanı məcburi edir:

"Son illər hava şəraitinin kəskin dəyişməsi meyvəçilik və bitkiçilikdə zərərvericiləri artırıb. Fermerlər məhsulu qorumaq üçün daha çox xərc çəkərək bahalı kimyəvi vasitələrdən istifadə etməyə məcbur olurlar. Lakin ən böyük çətinlik gübrə və aqro-texniki vasitələrin qiymətindəki sürətli artımdır. Gübrənin qiyməti qısa müddətdə iki dəfə qalxsa da, fermerin istehsal etdiyi buğda və arpanın satış qiyməti bu nisbətdə artmır. Dövlətin tənzimlədiyi qiymətlərlə real bazar şərtləri arasında ciddi fərq yaranıb."


"Təcili müdaxilə olunmazsa, bağlar və əkin sahələri ləğv ediləcək"

Mövcud dəstək mexanizmlərinin bazar şərtlərinə çatmadığını diqqətə çatdıran Nazim Məmmədli, operativ addımlar atılmayacağı təqdirdə daxili istehsalın sıradan çıxacağı ilə bağlı xəbərdarlıq edib:

"Bu gün kəndlinin çəkdiyi zəhmət xərclərini belə ödəmir. Taxıl məhsullarının maya dəyəri ilə satış qiyməti arasındakı balans pozulub. Dövlət tərəfindən ayrılan subsidiyalar və ya aqro-lizinq güzəştləri real bazardakı bahalaşma sürətinin gerisində qalır.

Əgər mexanizmlər kökündən yenilənməzsə və aidiyyəti qurumlar prosesə adekvat müdaxilə etməzlər, kəndlərdə əkin sahələrinin və bağların kütləvi şəkildə ləğv olunmasının şahidi olacağıq. Bu isə daxili istehsalı zəiflədərək ölkənin ərzaq təhlükəsizliyini birbaşa təhdid edir."


Sizin reklam burada
Sizin reklam burada