Yaxın Şərqdə yenidən alovlanan hərbi-siyasi böhran və İran-İsrail qarşıdurması qlobal təhlükəsizlik sistemini ciddi sınaq qarşısında qoyub. Regionda hərbi eskalasiya riskinin kəskin artması və tərəflərin qarşılıqlı xəbərdarlıqları fonunda baş verənlər sadəcə iki dövlət arasındakı münaqişə deyil, bütün regional güclərin maraqlarına təsir edən geosiyasi fırtınanın xəbərçisidir. Mövcud vəziyyəti, ehtimal olunan ssenariləri və bu gərginliyin Azərbaycan üçün potensial təsirlərini tanınmış politoloq, professor Qabil Hüseynli
"İranın tammiqyaslı müharibə aparmaq imkanları məhduddur"
Politoloq bildirib ki, regionda yığılıb qalan dərin ziddiyyətlər artıq partlayış həddinə çatıb və qarşıdurma pərdəarxası mübarizə çərçivəsindən çıxıb:
"İsrailin 'Roş-Ha-Şana' kimi həssas günlərdə təhlükəsizlik xəbərdarlıqları etməsi təkcə informasiya müharibəsi deyil, Tehrana ünvanlanmış açıq ultimatomdur. İran daxilindəki dərin iqtisadi böhran, cəmiyyətdəki narazılıq və beynəlxalq təcrid SEPAH kimi strukturları daha kəskin addımlara sövq edə bilər. Lakin daxili qeyri-sabitlik və hərbi-texniki imkanlar İranın İsraillə uzaqgünlü, birbaşa müharibə aparmasına imkan vermir. Bu səbəbdən Tehran daha çox proksi qüvvələri və hibrid müharibə elementlərini işə salmağa üstünlük verir."
"Sərhədimizdəki böhran qaçqın axını və iqtisadi risklər yarada bilər"
Cənubi Qafqaz regionunun, xüsusilə Azərbaycanın bu proseslərdən sığortalanmadığını vurğulayan Qabil Hüseynli, mümkün hərbi ssenarilərin ölkəmiz üçün yarada biləcəyi təhdidlərə diqqət çəkib:
"İran ətrafında baş verə biləcək irimiqyaslı toqquşma və ya rejim böhranı sərhədlərimizdə qaçqın dalğası, logistik marşrutların kəsilməsi və jiddı iqtisadi risklər formalaşdıra bilər. İsrailin qabaqlayıcı zərbələri və ya İrandakı daxili qruplaşmaların hərbi isteriyaya əl atması bütün region üçün təhlükə mənbəyidir.
Azərbaycan hər zaman təmkinli, balanslaşdırılmış və milli maraqlara söykənən siyasət yürüdür. Hazırkı həssas məqamda hərbi və təhlükəsizlik strukturlarının yüksək hazırlıq vəziyyətində saxlanılması, diplomatik proseslərin diqqətlə izlənilməsi və hər cür təxribatlardan uzaq durulması əsas prioritetimiz olmalıdır."