Təhsil İnstitutunda “Riyaziyyat” dərsliklərinin ictimai müzakirəsi keçirilib. İnstitutun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov müzakirə zamanı dərsliklərin məzmununda ciddi problemin olmadığını bildirib.
Lakin təhsil eksperti Etibar Əliyev bu fikirlə razılaşmır. O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada şagirdlərin riyaziyyat üzrə nəticələrinə diqqət çəkərək dərsliklərin keyfiyyəti ilə bağlı səsləndirilən fikirləri sual altına alıb.
News365.az xəbər verir ki, ekspert 2026-cı ildə Dövlət İmtahan Mərkəzinin açıqladığı statistik göstəricilərin təhsildəki mövcud vəziyyət barədə ciddi suallar yaratdığını bildirib.
Onun diqqətə çatdırdığı statistikaya əsasən, orta statistik abituriyent riyaziyyat üzrə test tapşırıqlarının təxminən 29-34 faizini, fizika üzrə 34-36 faizini, kimya üzrə 30-32 faizini, informatika üzrə 34-38 faizini, tarix üzrə 24-29 faizini, coğrafiya üzrə isə 23-26 faizini düzgün cavablandırıb.
Etibar Əliyev hesab edir ki, bu nəticələr fonunda dərsliklərin məzmununda ciddi problemin olmadığı barədə fikirlər yenidən nəzərdən keçirilməlidir.
Ekspert tarixi statistikaya da diqqət çəkib. O, 2000-ci ildə DİM-in məlumatlarına əsasən, 9-cu sinif şagirdlərinin 50 faizinin birinci mərhələ riyaziyyat imtahanında cavab vərəqələrini heç bir cavab yazmadan təhvil verdiyini xatırladıb.
Etibar Əliyev bu göstəricilərin ölkədə şagirdlərin riyazi bilik səviyyəsi ilə bağlı ciddi müzakirələrə ehtiyac olduğunu ortaya qoyduğunu vurğulayıb. O, dərsliklərin məzmununda problem olmadığı fikrinin mövcud nəticələrlə necə uzlaşdığını sual edib.
News365.az