Xətai sakinləri avtobus sürücülərindən narazıdır: Yeni nəzarət mexanizmi təklif olunur

Xətai sakinləri avtobus sürücülərindən narazıdır: Yeni nəzarət mexanizmi təklif olunur
11:53

Paytaxtın Xətai rayonunda, 8 Noyabr prospekti boyunca hərəkət edən avtobuslarla bağlı sərnişinlərin narazılığı artır. Xüsusilə səhər saatlarında şəhər mərkəzinə üz tutan vətəndaşlar dayanacaqlarda uzun müddət gözləməli olur, bəzi avtobusların sürücülərinin sərnişinləri götürmədən hərəkəti davam etdirməsi isə vəziyyəti daha da çətinləşdirir.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, prospekt boyunca hərəkət edən 21, 46, 120, 72 və 20 nömrəli marşrut avtobuslarının sürücüləri bəzən nəqliyyat vasitəsinin orta və arxa hissələrində boş yerlər olmasına baxmayaraq, dayanacaqlarda saxlamırlar.


Onun sözlərinə görə, bu hal dayanacaqlarda sərnişinlərin sayının artmasına, avtobus gələndə isə əlavə sıxlıq və narazılığın yaranmasına səbəb olur. Nəticədə əvvəlki avtobusların dayanacaqda saxlamamasından narazı qalan sərnişinlər etirazlarını növbəti sürücüyə bildirirlər.

Turan Rzayev hesab edir ki, problemin həlli üçün avtobuslarda ödəniş sisteminin təkmilləşdirilməsi də vacibdir. O, əvvəllər də avtobusların hər üç qapısında ödəniş terminallarının quraşdırılmasını təklif etdiyini xatırladıb. Qeyd edib ki, bəzi avtobuslarda bu sistem tətbiq olunsa da, terminallar əsasən ikinci qapıda yerləşdirilir.

Politoloqun fikrincə, hər üç qapıdan ödəniş imkanının yaradılması sərnişin axınını sürətləndirə və avtobusların dayanacaqlarda lüzumsuz gözləmə müddətini azalda bilər.

O, problemin yalnız ödəniş sistemi ilə məhdudlaşmadığını vurğulayaraq, dayanacaqlarda saxlamadan hərəkətini davam etdirən sürücülərə nəzarətin gücləndirilməsinin vacibliyini bildirib.

Turan Rzayev avtobus sürücülərinin fəaliyyətinin qiymətləndirilməsi üçün taksi xidmətlərindəki sistemə bənzər mexanizmin tətbiqini təklif edib. Onun təklifinə əsasən, vətəndaşlar AYNA-nın rəsmi saytı və ya mobil tətbiqi vasitəsilə sürücülərə qiymət verə, şikayət və təkliflərini bildirə bilməlidirlər.

Politoloq hesab edir ki, sistem avtobusun dövlət qeydiyyat nişanı və marşrut məlumatları ilə yanaşı, konkret sürücünün də identifikasiyasına imkan verməlidir. Bu halda sərnişinlərə məsuliyyətlə xidmət göstərən sürücüləri fərqləndirmək, qayda pozuntularına yol verənlərlə bağlı isə müvafiq tədbirlər görmək mümkün olar.

Onun fikrincə, müsbət rəylər alan sürücülərin həvəsləndirilməsi, davamlı şikayətlərə səbəb olanlarla bağlı isə tədbirlərin görülməsi ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəlməsinə kömək edə bilər.

Turan Rzayev əlavə edib ki, ictimai nəqliyyatda əsas məqsəd yalnız avtobusu idarə etmək deyil, sərnişinləri təhlükəsiz və vaxtında mənzil başına çatdırmaqdır. Bu baxımdan sürücülərin məsuliyyəti və sərnişin hüquqlarına hörmət məsələsi diqqətdə saxlanılmalıdır.


Sizin reklam burada
Sizin reklam burada