Təxminən 5 500 il əvvəl ixtira edilən təkər insan həyatını köklü şəkildə dəyişərək nəqliyyatın və texnologiyanın inkişafında yeni dövrün əsasını qoyub.
News365.az xəbər verir ki, tarixçilərin fikrincə, təkər ilk dəfə eramızdan əvvəl 3500-cü illərdə Mesopotamiya ərazisində istifadə olunmağa başlayıb.
İlk təkərlər indiki kimi rezindən deyil, bütöv ağac parçalarından hazırlanırdı. Onlardan əsasən yük daşıyan arabaların hərəkətində istifadə edilirdi. Maraqlıdır ki, təkərin fırlanma prinsipindən əvvəlcə dulusçular saxsı qabların hazırlanmasında yararlanırdılar.
Zaman keçdikcə təkərin konstruksiyası təkmilləşdirildi. Ağır taxta təkərləri daha yüngül, milləri olan modellər əvəz etdi. Sonralar metal və rezin materialların istifadəsi təkərlərin möhkəmliyini və funksionallığını artırdı.
Arxeoloji araşdırmalar zamanı Sloveniyada təxminən 5 200 il yaşı olan taxta təkər də aşkarlanıb.
Bu gün avtomobillərdən təyyarələrə, sənaye avadanlıqlarından müxtəlif mexanizmlərə qədər bir çox texnologiyanın fəaliyyətində təkərin prinsipindən istifadə olunur. Təkərin ixtiraçısının kimliyi isə bu günədək məlum deyil.