Bütün Fransada qiymət artımına qarşı kütləvi etiraz aksiyaları davam edir və nümayişlərə qatılanların sayı artıb.
News365.az xəbər verir ki, bu barədə CNEWS telekanalı məlumat yayıb.
Fransa Daxili İşlər Nazirliyi bildirib ki, nümayişlərdə azı 600 min nəfər iştirak edir. Gündüz 270 min iştirakçı barədə məlumat verilib.
Bir gün əvvəl Fransa hakimiyyəti noyabrın 5-də aksiyalar iştirakçılarının ümumi sayının 780 min nəfərə çata biləcəyini proqnozlaşdırıb.
Ən böyük nümayişlərdən biri Parisdə keçirilir. On minlərlə insan Respublika meydanına toplaşıb, oradan isə Volter bulvarı ilə Millət meydanına doğru yürüşə başlayıb. Bir qrup xuliqanın polislə baş verən ayrıca toqquşmasına baxmayaraq, aksiya bütövlükdə sakit keçir. Hüquq-mühafizə orqanları əməkdaşları toqquşma iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Kütləvi tətil əməkhaqqının artırılması üçün çıxış edən və hökumətdən büdcəyə qənaət üzrə əlavə tədbirlərdən imtina etməyi tələb edən həmkarlar ittifaqları tərəfindən təşkil olunub.
Etirazlara həmçinin tələbə təşkilatları və yuxarı sinif şagirdləri də qoşulublar. Onlar məktəblərdə müəllim çatışmazlığı probleminin həll edilməsini, tədris müəssisələrinin vəziyyətinin yaxşılaşdırılmasını və həddindən artıq yüklənmiş dərs cədvəlinə yenidən baxılmasını tələb edirlər. Şagirdlərin bu aksiyaları sentyabrın sonundan etibarən keçirilir.