Birləşmiş Ərəb Əmirliklərində yaşayan 26 yaşlı braziliyalı bloqer və inflyunser Kauana Bilxar faciəli şəkildə həyatını itirib.
Gənc qız iyulun 7-də Dubaydakı hündürmərtəbəli binalardan birinin 27-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Məlumata görə, son iki ilini BƏƏ-də keçirən bloqer öz otağının balkonundan yıxılıb. Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Braziliyanın Xarici İşlər Nazirliyi ölkənin Əbu-Dabidəki səfirliyinin prosesi yaxından izlədiyini və ailəyə lazımi konsulluq yardımı göstərdiyini təsdiqləyib.
Qızının vəfatından sonra sosial şəbəkələrdə onun haqqında yayılan şayiələrə və əsassız fikirlərə dözməyən ana Darla Bilxar İnstaqram vasitəsilə ictimaiyyətə müraciət edib.
O, övladının xatirəsinin hörmətsizliklə yad edilməsinə sərt reaksiya verib:
"Qızımın kim olduğunu bilməyənlərin onun haqqında hökm çıxarmasını, onu pisləməsini izləmək mənim üçün çox ağırdır. Başqasının acısı haqqında danışmaq asandır. Lakin mən onun şərəfini qorumaq üçün mübarizə aparmalıyam. Heç bir ana öz övladını dəfn etməməli və eyni zamanda belə bir acı ilə yaşayarkən onun adına ləkə yaxanlarla mübarizə aparmamalıdır".
20 mindən çox izləyicisi olan Kauana Bilxar sonuncu dəfə iyunun 25-də İnstaqramda paylaşım edib. O, yeni sahibləndiyi pişikdən və həyatına qatdığı sevincdən bəhs edib.
Hazırda mərhumun anası Dubayda istintaqın gedişatına nəzarət edir və qızının cənazəsinin vətəni Braziliyaya çatdırılması üçün zəruri işlər görür.
