"Instagram"ın rəhbəri Adam Mosseri ABŞ-də 29 ştatın "Meta" şirkətinə qarşı qaldırdığı məhkəmə işində şirkətin ictimaiyyətdən mənfi məlumatları gizlətməsi ilə bağlı ittihamları rədd edib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, Mosseri Kaliforniya ştatında federal məhkəmədə keçirilən iclasda ifadə verib. Məhkəmə prosesində "Meta"nın məhsullarını yeniyetmələrdə asılılıq yaradacaq şəkildə hazırladığı və bunun narahatlıq, depressiya, hətta intihar halları da daxil olmaqla psixi sağlamlıq problemlərinə səbəb olduğu iddiaları araşdırılır.
"Instagram" rəhbəri şirkətin mənfi məlumatları ictimaiyyətdən gizlətdiyi barədə ittihamlarla bağlı sualları cavablandırarkən bu iddialarla razılaşmadığını bildirib.
“Komandamı hər hansı məlumatı gizlətməyə təşviq etməyə çalışmıram”, – deyə Mosseri ifadəsində qeyd edib.
"Instagram"ın yeniyetmələr üçün nəzərdə tutulan təhlükəsizlik funksiyalarından istifadənin aşağı səviyyədə olduğunu göstərən məlumatların niyə ictimaiyyətə açıqlanmadığı ilə bağlı suala isə Mosseri belə cavab verib: “Hər bir statistikanı dərc etmirik”.
"Meta" şirkətinin uşaqların psixi sağlamlığına zərər vurmaqda ittiham olunduğu məhkəmə prosesi davam edir. Bundan əvvəl şirkətin keçmiş əməkdaşlarından biri "Meta"nın uşaqların təhlükəsizliyindən daha çox maliyyə maraqlarına üstünlük verdiyini iddia etmişdi.