Din pərdəsi altında fars-ərəb ideologiyasını təbliğ edən və öz Vətəninə qarşı çıxan insanların fəaliyyətinə görə bu gün hicab qadağasının tətbiq edilməsini dövlətin üzərinə atmaq düzgün deyil. Əsas məsuliyyət din adı altında ölkənin milli maraqlarına zidd fəaliyyət göstərən, xarici ideoloji təsirləri təbliğ edən şəxslərin üzərinə düşür.
Siz nə düşünürdünüz? Din pərdəsi altında ürəyiniz istədiyiniz hər şeyi bu ölkədə edə, dövlətçiliyə qarşı çıxa, hətta dövlət çevrilişinə cəhd göstərəcəksiniz və dövlət də bütün bunlara göz yumub susacaq? Təbii ki, belə olmayacaq. Görünür, artıq dövlətin səbir kasası daşıb və bu istiqamətdə daha ciddi tədbirlərin görülməsi məsələsi gündəmə gəlib.
Prezident İlham Əliyevin son çıxışlarına diqqətlə qulaq asmaq lazımdır. Orada verilən mesajlardan biri çox aydındır: hər kəs öz ölkəsinin və öz dövlətinin işi ilə məşğul olmalı, Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidir. Din pərdəsindən istifadə edərək xarici ideoloji təsirləri ölkəyə daşıyan və Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən şəxslərin arxasında dayanan qüvvələrə verilən mesaj da kifayət qədər açıqdır: Azərbaycan öz dövlətçiliyini, milli təhlükəsizliyini və suverenliyini qorumaq məsələsində güzəştə getməyəcək.
Mən də şiə məzhəbindənəm və 19 ildir namaz qılıram. Heç vaxt din pərdəsi altında Vətənimə xəyanət etməmişəm və etmərəm də. Çünki mənim bayrağım şəhidlərin qanı bahasına dalğalanır. İnsan heç öz Vətəninə və bayrağına xəyanət edərmi? Sizlər İslam dinini təbliğ etmirsiniz. Dindən siyasi vasitə kimi istifadə edərək müxalifət partiyalarını birləşdirib hakimiyyəti ələ keçirmək məqsədi güdürsünüz.