BDU-da sovet idarəçilik modeli dəyişməlidir – Yeni təkliflər

BDU-da sovet idarəçilik modeli dəyişməlidir – Yeni təkliflər
12:55

Bakı Dövlət Universitetində idarəetmə sisteminin yenilənməsi, tədris və elmi fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Ali təhsil müəssisələrində ənənəvi kafedra və dekanlıq modelinin əvəzinə məktəb və mərkəzlər sisteminin tətbiqi, müasir tədqiqat laboratoriyalarının yaradılması və akademik fəaliyyətin yenidən qurulması ilə bağlı təkliflər səsləndirilir.

Təhsil eksperti Etibar Əliyev hesab edir ki, Azərbaycanın ən qədim ali təhsil müəssisələrindən biri olan BDU-da ciddi struktur islahatlarının aparılmasına ehtiyac var.

Onun sözlərinə görə, universitet hələ də sovet dövründən miras qalmış idarəetmə ənənələrindən tam uzaqlaşa bilməyib. Halbuki dünyanın bir sıra nüfuzlu universitetləri ənənəvi dekanlıq və kafedra modelindən imtina edərək məktəb və mərkəzlər sistemi ilə fəaliyyət göstərir.

Ekspert bildirib ki, ADA Universiteti və UNEC bu modelin üstünlüklərindən yararlana bilib. Qazaxıstandakı Nazarbayev Universiteti də qısa müddətdə inkişaf edən ali təhsil müəssisələrindən birinə çevrilib. Onun fikrincə, müasir universitetlərdə idarəetmə elmi istiqamətlərin inkişafına, tədrisin keyfiyyətinə və beynəlxalq əməkdaşlığa xidmət etməlidir.

Etibar Əliyev BDU-nun mövcud vəziyyətini tənqid edərək universitetdə bəzi ixtisasların arxa plana keçirildiyini, hüquq sahəsinin isə digər istiqamətlərdən daha çox önə çıxdığını iddia edib. O, ali məktəbin inkişafına mane olan amillər sırasında idarəetmədəki problemləri və rəhbər kadrların fəaliyyətini də göstərib.

Təhsil eksperti hesab edir ki, universitetdə struktur dəyişiklikləri çərçivəsində kafedralar ləğv edilməli, onların əvəzinə müasir məktəblər yaradılmalıdır. Bununla yanaşı, tədris prosesində formal fəaliyyət göstərən və dərsləri özləri aparmayan şəxslərin vəzifələrinə yenidən baxılmasını təklif edib.

Nazarbayev və ADA modeli nümunə göstərilir

Etibar Əliyev fikirlərini əsaslandırarkən Nazarbayev Universiteti və ADA Universitetinin strukturunu nümunə göstərib.

O bildirib ki, Nazarbayev Universitetində tədris mühəndislik, elm və texnologiya, humanitar və sosial elmlər, biznes, dövlət siyasəti, təhsil, tibb və yer elmləri kimi müxtəlif məktəblər üzrə təşkil olunur. Bu struktur beynəlxalq universitetlərlə əməkdaşlıq imkanlarını da genişləndirir.

ADA Universitetində isə İctimai və Beynəlxalq Münasibətlər, Biznes, İnformasiya Texnologiyaları və Mühəndislik, Hüquq, Təhsil, Kənd Təsərrüfatı və Qida Elmləri məktəbləri fəaliyyət göstərir.

Ekspertin fikrincə, BDU da bu təcrübələrdən yararlanaraq öz akademik strukturunu yenidən qurmalı, ayrı-ayrı elmi istiqamətlərin müstəqil inkişafına şərait yaratmalıdır.

Müasir laboratoriyalar və yeni kitabxana təklifi

Etibar Əliyev universitetdə yalnız idarəetmə sisteminin deyil, elmi-tədqiqat infrastrukturunun da yenilənməsini vacib sayır. Onun fikrincə, ötən əsrin 70–80-ci illərindən qalmış laboratoriyaların yerində dünyanın aparıcı universitetləri ilə birgə müasir tədqiqat mərkəzləri və laboratoriyalar yaradılmalıdır.

O, həmçinin BDU-da nümunəvi universitet kitabxanasının qurulmasını, tədris proqramlarının müstəqil mütəxəssislər tərəfindən ekspertizadan keçirilməsini təklif edib.

Ekspert universitetin rəsmi saytının da yenilənməsinin vacibliyini vurğulayıb. Onun qənaətinə görə, sayt sadəcə məlumat yerləşdirilən platforma olaraq qalmamalı, elmi və təhsil informasiyalarının yayıldığı, akademik müzakirələrin və elmi diskussiyaların aparıldığı məkana çevrilməlidir.

Təhsil eksperti hesab edir ki, mövcud vəziyyətdə BDU-nu tam mənada tədqiqat universiteti hesab etmək çətindir. Uzun müddət davam edən durğunluğun aradan qaldırılması üçün sistemli və ardıcıl islahatlara ehtiyac var.

Etibar Əliyev əlavə edib ki, universitetin inkişafı yalnız bir nəfərin fəaliyyəti ilə təmin oluna bilməz. Bu prosesə filantroplar, dünyanın aparıcı universitetlərində çalışan azərbaycanlı alimlər və digər elm nümayəndələri də cəlb edilməlidir.


News365.az


Sizin reklam burada
Sizin reklam burada