Putinin nüvə çantası dünyaya hansı mesajı verdi?

Putinin nüvə çantası dünyaya hansı mesajı verdi?
10:34

Rusiya Prezidenti Vladimir Putinin nüvə çantasının gündəmə gəlməsi beynəlxalq siyasi dairələrdə diqqət çəkən məqamlardan biridir. Bu detal Moskvanın qlobal güc statusunu xatırlatmaqla yanaşı, böyük dövlətlər arasında münasibətlərin hələ də həssas mərhələdə olduğunu göstərən siyasi mesaj kimi də qiymətləndirilə bilər.

Mövzu ilə bağlı News365.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu hesab edir ki, belə tədbirlərdə protokol detalları təsadüfi xarakter daşımır. Onun fikrincə, nüvə çantasının nümayiş olunması mövcud geosiyasi gərginlik fonunda Rusiyanın beynəlxalq proseslərdəki mövqeyinə diqqət çəkmək məqsədi daşıya bilər.


Ekspert bildirib ki, Rusiya ilə Çin arasında strateji tərəfdaşlıq mövcud olsa da, hər iki ölkə ABŞ-la münasibətlərdə nəzarətdən çıxan gərginliyin yaranmasında maraqlı deyil. Xüsusilə Çin üçün Vaşinqtonla münasibətlərin qorunması həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Pekin Tayvan məsələsinin hərbi qarşıdurmaya çevrilməsini istəmir. Eyni zamanda, ABŞ-la iqtisadi əlaqələrin normallaşdırılması Çin üçün prioritet istiqamətlərdən biri olaraq qalır. Çünki Amerika bazarı Çin iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir. İki ölkə arasındakı ticarət münasibətlərinin miqyası da bu marağın əsas göstəricilərindəndir. Belə ki, Çinin ABŞ-a ixracı əks istiqamətdəki ixracı təxminən üç dəfə üstələyir.

Əli Zülfüqaroğlu qeyd edib ki, tarif məhdudiyyətləri və digər iqtisadi maneələr Vaşinqtonla Pekin arasındakı ticarət əlaqələrinə mənfi təsir göstərir. Bu vəziyyət hər iki tərəf üçün müəyyən itkilər yaratsa da, Çin iqtisadiyyatı üçün Amerika bazarının əhəmiyyəti münasibətlərin tənzimlənməsini daha vacib edir.

Siyasi şərhçi hesab edir ki, Çinin ABŞ Prezidenti Donald Trampa və Amerika tərəfinə nümayiş etdirdiyi müsbət münasibətin arxasında da məhz iqtisadi maraqlar dayana bilər.

Ekspert Ukrayna müharibəsi kontekstində Vaşinqtonla Moskva arasında mümkün təmasların da Pekin üçün əhəmiyyətli olduğunu vurğulayıb. Onun fikrincə, Trampın Ukrayna məsələsində Rusiyaya münasibəti və bu istiqamətdə atılan addımlar Çin tərəfindən diqqətlə izlənilir.

Zülfüqaroğlu ehtimal edir ki, Çin liderinin nümayiş etdirdiyi diplomatik davranışın səbəblərindən biri də ABŞ və Rusiya arasında Pekinin maraqlarına uyğun olmayan hər hansı razılaşmanın əldə olunması riskidir. Bu baxımdan, nüvə çantası ətrafında yaranan müzakirələrə yalnız protokol detalı kimi deyil, böyük güclər arasındakı mürəkkəb münasibətlərin fonunda baxmaq lazımdır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada