ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı 2027-ci ildə Ağ Evə dəvət edib.
News365.az xəbər verir ki, Tramp bu barədə TRIPP layihəsinin praktiki icra mərhələsinə başlanılması münasibətilə yayımladığı videomüraciətdə bildirib.
“Gələn il Milli Dua Səhər Yeməyində iştirak etmək üçün Vaşinqtona gələndə Baş nazir Nikol Paşinyanı da Ağ Evə dəvət etmək istərdim”, – deyə ABŞ Prezidenti qeyd edib.
Tramp ABŞ ilə Ermənistan arasında tərəfdaşlığın regionda nəqliyyat kommunikasiyalarının inkişafına töhfə verəcəyini vurğulayıb.
Onun sözlərinə görə, tərəfdaşlıq malların və enerji resurslarının daşınması, eləcə də insanların səfərləri üçün yeni ticarət yollarının açılmasına imkan yaradacaq.
ABŞ lideri Ermənistan və Azərbaycan rəhbərlərinə Vaşinqtonla əməkdaşlığa və “Tramp marşrutu” layihəsinin praktiki icrasına şərait yaratdıqlarına görə təşəkkür edib. O, həmçinin namizədliyinin Nobel Sülh Mükafatına irəli sürülməsini yüksək qiymətləndirib.
Tramp Paşinyanla gələcək görüşdə regionda sülhün möhkəmləndirilməsi və ikitərəfli münasibətlərin inkişafı məsələlərinin müzakirə olunacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan TRIPP layihəsinin praktiki icrasına başlanıldığını açıqlayıb.
Amerikanın AECOM şirkəti layihə üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələrini Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryana və dövlət qurumlarının nümayəndələrinə təqdim edib.