Emre Altuğun 10 ilədək həbsi tələb olunur

Emre Altuğun 10 ilədək həbsi tələb olunur
17:31
Türkiyəli müğənni və aktyor Emre Altuğun həbsi tələb olunur.

News365.az xəbər verir ki, sənətçi İzmirin Çeşmə rayonunda yerləşən daşınmaz əmlakında qanunsuz tikililər inşa etdiyi iddiası ilə məhkəməyə veriləcək.

Məlumata görə, Çeşmə bələdiyyəsi Altuğun Musalla məhəlləsindəki torpaq sahəsində hovuz, texniki avadanlıqlar üçün otaq, kərpic divarlar və birmərtəbəli tikililər aşkarlayıb. Ərazinin mühafizə olunan zona olduğunu bildirən bələdiyyə tikililərin lazımi icazələr alınmadan inşa edildiyini bildirərək prokurorluğa şikayət edib.

Prokurorluğun hazırladığı ittiham aktında müğənninin “Mədəni və təbii sərvətlərin qorunması haqqında” qanunu pozmaq və şəhərsalma qaydalarına zidd hərəkətlər etməkdə ittiham olunduğu bildirilib. Onun barəsində 3 ildən 10 ilədək həbs cəzası tələb olunur.

Emre isə ittihamları qəbul etməyib. O, bələdiyyənin qərarının ona qanunsuz şəkildə təqdim edildiyini və bundan xəbər tutduqdan sonra qərarın ləğvi üçün məhkəməyə müraciət etdiyini bildirib.

Sənətçi həmçinin Dövlət Su İşləri Baş İdarəsindən alınan rəydə tikinti ilə bağlı hər hansı maneənin olmadığının qeyd edildiyini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada