Bəzən insanın ən böyük faciəsi yanlış yola düşməsi deyil, özünü doğru yolda hesab etdiyi halda başqalarına haqsızlıq etməsidir. Çünki insan öz səhvini səhv kimi görəndə dəyişmək imkanı qazanır, lakin səhvini müqəddəs hesab etdiyi düşüncələrin arxasında gizlətdikdə özünü islah etmək ehtiyacını belə hiss etmir. Ən təhlükəli mənəvi korluq da elə budur: insanın özünü yaxşı hesab etməsi, amma davranışlarının başqalarının həyatında ağrı, haqsızlıq və məyusluq yaratması. Təsəvvür edin, bir insan hər gün müqəddəs sözlərdən danışır, ibadət edir, dini mərasimlərdə iştirak edir, başqalarına doğru yolu göstərməyə çalışır. Ancaq eyni insan işçisinin haqqını vermir, ailə üzvlərinə qarşı kobud davranır, özündən fərqli düşünənləri təhqir edir, ehtiyacı olanın əlindən tutmur, başqasının uğuruna sevinə bilmir. Belə bir vəziyyətdə qarşımıza çox mühüm sual çıxır: insanın dilindəki inanc onun davranışında niyə görünmür? Əgər insanın mənəvi dünyası onu daha ədalətli, mərhəmətli və vicdanlı etmirsə, onda o, inandığı dəyərlərin mahiyyətini nə dərəcədə dərk edib? Əslində, insanın mənəvi səviyyəsini müəyyənləşdirən onun nə qədər dini ifadə işlətməsi, hansı mərasimlərdə iştirak etməsi və özünü hansı mənəvi qrupa aid etməsi deyil. Əsas məsələ həmin insanın güc sahibi olduğu zaman necə davrandığı, haqlı olduğu halda nə qədər ədalətli qaldığı, heç kimin görmədiyi yerdə nə etdiyi və öz maraqları ilə başqasının haqqı toqquşanda hansı seçimi etməsidir. Çünki əxlaq insanın nümayiş etdirdiyi görüntü deyil, heç bir tamaşaçı olmadığı zaman da qoruduğu daxili prinsipdir. Burada çox incə bir fərq var: dini kimliyə sahib olmaq başqa, mənəvi məsuliyyət daşımaq tamam başqa məsələdir. İnsan müəyyən bir dinə inana bilər, lakin bu, onun avtomatik olaraq yüksək əxlaqa sahib olması demək deyil. Eyni zamanda, dini inancı olmayan bir insan da son dərəcə mərhəmətli, dürüst, vicdanlı və ədalətli ola bilər. Çünki insanlıq keyfiyyətlərini yalnız bir dini mənsubiyyətin sərhədlərinə sığışdırmaq mümkün deyil. Fəlsəfənin ən mühüm suallarından biri də budur ki, insanı yaxşı edən nədir — inandığı həqiqətlər, yoxsa həmin həqiqətlərə uyğun yaşamaq bacarığı? Aristotelin əxlaq fəlsəfəsində bu məsələyə xüsusi diqqət yetirilir. O, əxlaqı sadəcə nəzəri bilik kimi deyil, vərdişlər və davamlı davranışlar vasitəsilə formalaşan xarakter kimi izah edirdi. Başqa sözlə, ədalətli olmaq haqqında danışmaq insanı ədalətli etmir; ədalətli davranmaq lazımdır. Səxavətdən bəhs etmək insanı səxavətli etmir; ehtiyacı olanla bölüşmək lazımdır. Mərhəməti tərifləmək insanı mərhəmətli etmir; başqasının ağrısını hiss etmək və ona laqeyd qalmamaq lazımdır. Bu yanaşma bu gün də öz aktuallığını qoruyur: insanın xarakteri söylədiyi fikirlərlə deyil, təkrar etdiyi davranışlarla formalaşır. Psixologiyada "mənəvi lisenziyalaşdırma" adlanan maraqlı bir anlayış var. Bu anlayış insanın əvvəllər etdiyi yaxşı bir davranışı sonradan özünə mənəvi güzəşt kimi qəbul etməsini ifadə edir. Məsələn, insan özünü xeyirxah hesab etdiyi üçün başqa bir məsələdə haqsız davranışına bəraət qazandıra bilər. 2015-ci ildə dərc edilmiş və 91 tədqiqatı, 7 397 iştirakçını əhatə edən meta-analizdə bu psixoloji təsir araşdırılıb. Bu düşündürücü bir həqiqəti üzə çıxarır: insan bəzən özünün yaxşı insan olduğuna dair təsəvvürünü qorumaq üçün pis davranışlarını belə izah etməyə çalışır. Dini kimlik də bəzi insanların şüurunda yanlış mənəvi təminat hissinə çevrilə bilər. Sanki insan müəyyən ibadətləri yerinə yetirməklə başqalarına qarşı etdiyi haqsızlıqları kompensasiya etdiyini düşünür. Halbuki bir sahədə yaxşı davranmaq başqa sahədə pis davranmaq üçün verilmiş icazə deyil. Bu məsələnin ən ağrılı tərəfi insanın özünə qarşı dürüst olmamasıdır. Başqasının səhvini görmək asandır, öz səhvini etiraf etmək isə cəsarət tələb edir. İnsan başqasının bir cümləsini günlərlə müzakirə edə, geyimini, düşüncəsini, inancını və həyat tərzini mühakimə edə bilər. Ancaq özünün bir insana vurduğu mənəvi zərəri görməməzliyə vura bilər. Çünki başqasını ittiham etmək insana müvəqqəti üstünlük hissi verir, özünü sorğulamaq isə eqonu narahat edir. Məhz buna görə də mənəvi inkişafın başlanğıcı başqalarının qüsurlarını saymaq deyil, insanın öz daxilindəki qüsurlarla üzləşməsidir. Qurani-Kərimin "Əl-Maun" surəsi bu baxımdan olduqca düşündürücüdür. Surədə yetimi itələyən, yoxsulun yedizdirilməsinə təşviq etməyən, ibadətini nümayişə çevirən və ən kiçik yardımı belə əsirgəyən insanların davranışı tənqid olunur. Diqqət yetirin, burada söhbət yalnız insanın ibadət edib-etməməsindən getmir. Onun cəmiyyətə, ehtiyac sahibinə və köməyə möhtac insana münasibəti də mənəvi qiymətləndirmənin mərkəzinə gətirilir. Bu surənin verdiyi mesaj son dərəcə dərindir: insanın mənəviyyatı onun başqalarının həyatına necə təsir göstərməsindən ayrı qiymətləndirilə bilməz. Quranda Nəhl surəsinin 90-cı ayəsində ədalət, yaxşılıq və yaxınlara yardım etmək əmr olunur. Hucurat surəsinin 11-ci ayəsində isə insanların bir-birini ələ salması, alçaltması və təhqir etməsi qadağan edilir. Bu ayələrə diqqətlə yanaşdıqda görürük ki, dini mənəviyyat yalnız insanın Yaradanla münasibətindən ibarət deyil, eyni zamanda digər insanlarla münasibətini də əhatə edir. Başqasını alçaldan, haqqını yeyən, qeybət edən, böhtan atan, insanları özündən aşağı görən şəxsin dini ifadələr işlətməsi onun davranışındakı ziddiyyəti aradan qaldırmır. Burada vacib bir məqamı vurğulamaq istəyirəm ki, ibadət və əxlaq bir-birinə rəqib anlayışlar deyil. Onları qarşı-qarşıya qoymaq da düzgün deyil. İbadət edən insanın əxlaqlı olması gözlənilən mənəvi nəticələrdən biridir. Ancaq ibadəti əxlaqın əvəzedicisi hesab etmək böyük yanılğıdır. İnsan namaz qıla, oruc tuta, dua edə bilər, lakin bunların heç biri ona başqasının haqqını tapdalamaq, insanları təhqir etmək və haqsızlıq etmək hüququ vermir. Əksinə, insan öz ibadətinin mənasını daha dərindən düşündükcə davranışlarına da daha çox diqqət yetirməlidir. Konfutsi insan münasibətlərində qarşılıqlı hörmətin, insafın və humanist davranışın əhəmiyyətini vurğulayırdı. Sokrat insanın özünü sorğulamasını müdrikliyə aparan mühüm yol hesab edirdi. Aristotel isə yaxşı xarakterin gündəlik seçimlər və vərdişlər vasitəsilə formalaşdığını izah edirdi. İstər qədim yunan fəlsəfəsində, istər Şərq müdrikliyində, istərsə də dini-etik təlimlərdə ortaq bir məsələ diqqəti cəlb edir: insanın mənəvi dəyəri yalnız iddia etdiyi həqiqətlərlə deyil, həmin həqiqətlərə uyğun davranışı ilə ölçülür. Kantın əxlaq fəlsəfəsini də xatırlamaq yerinə düşər. Onun etik düşüncəsinin əsas prinsiplərindən biri insanı heç vaxt yalnız bir vasitə kimi deyil, həm də özlüyündə məqsəd kimi qəbul etməkdir. Bu yanaşma bizə mühüm bir həqiqəti göstərir: qarşımızdakı insan bizimlə eyni düşünməyə, eyni inanca sahib olmağa və həyatımızı bizim kimi yaşamağa məcbur deyil. Onun da ləyaqəti, seçimi və hüquqları var. İnsanların fərqli düşüncələrinə görə onları alçaltmaq, təhqir etmək və təzyiq göstərmək mənəvi üstünlük deyil. Əksinə, başqasının insanlıq ləyaqətinə hörmət edə bilməmək əxlaqi çatışmazlığın göstəricisidir.
Daha bir mühüm məsələ dinin cəmiyyət daxilində necə təqdim olunmasıdır. Bəzi insanlar dini yalnız qadağalar, qorxular, cəzalar və başqalarının həyatına müdaxilə etmək vasitəsi kimi təqdim edirlər. Onların danışığında insanın səhvləri, günahları və nöqsanları çoxdur, amma mərhəmət, bağışlamaq, vicdan, ədalət və insan sevgisi azdır. Halbuki mənəvi dəyərlərin məqsədi insanları bir-birinə düşmən etmək deyil, insanın öz davranışını daha yaxşı istiqamətə yönəltməsinə kömək etməkdir. Din insanı təkəbbürə, nifrətə və ayrı-seçkiliyə aparırsa, burada ilk növbədə həmin dini öz maraqlarına uyğun şərh edən insanın düşüncəsinə sual vermək lazımdır. Əxlaqın ən mühüm sınaqlarından biri də güc və mənafe məsələsidir. İnsan özündən güclü birinin qarşısında nəzakətli davranmağa məcbur qala bilər. Bəs özündən zəif olanla necə rəftar edir?, İşçi ilə, xidmətçi ilə, yaşlı insanla, uşaqla, maddi imkanı olmayan şəxslə necə danışır?, Onun hüququnu qoruyur, yoxsa öz üstünlüyündən istifadə edir? Əsl xarakter məhz bu münasibətlərdə üzə çıxır. Çünki insanın kim olduğunu onun özündən güclülərə göstərdiyi hörmət deyil, özündən zəiflərə göstərdiyi münasibət daha aydın ifadə edir. Bəzən bir insanın dini kimliyi onun üçün sosial nüfuza çevrilir. O, başqalarının gözündə hörmət qazanmaq, özünü daha təmiz və üstün göstərmək üçün dini görünüşdən və ifadələrdən istifadə edir. Lakin unudulmamalıdır ki, mənəviyyat səhnə deyil, insan da özünü nümayiş etdirmək üçün yaradılmış obraz deyil. Əgər insanın yaxşılığı yalnız başqaları onu görəndə ortaya çıxırsa, bu yaxşılığın nə qədər səmimi olduğu barədə düşünmək lazımdır. Həqiqi əxlaq alqışa, tərifə və mükafata möhtac deyil. İnsan heç kimin görmədiyi yerdə də başqasının haqqını qoruyursa, heç kim onu məcbur etmədiyi halda dürüst davranırsa, deməli, onun daxilində vicdan adlı bir ölçü var. Bununla yanaşı, əxlaqı yalnız dini inancın nəticəsi kimi təqdim etmək də elmi və fəlsəfi baxımdan doğru deyil. İnsanların empatiya, mərhəmət, əməkdaşlıq və ədalət hissləri psixoloji, sosial və mədəni inkişafla da əlaqəlidir. İnsan cəmiyyətində etimadın yaranması üçün qarşılıqlı məsuliyyət, dürüstlük və qaydalara hörmət vacibdir. Bir cəmiyyətin inkişafını yalnız insanların hansı dini mərasimləri yerinə yetirməsi ilə ölçmək mümkün deyil. İnsanların bir-birinə necə davrandığına, qanun qarşısında nə qədər bərabər olduğuna, zəiflərin hüquqlarının necə qorunduğuna və ictimai etimadın səviyyəsinə də baxmaq lazımdır. Təsəvvür edin, bir cəmiyyətdə hamı dini ifadələrdən istifadə edir, amma insanlar bir-birinə etibar etmir; hamı yaxşılıqdan danışır, amma haqsızlıq qarşısında susur; hamı mənəviyyat dərsi verir, amma başqasının haqqını qorumağa gələndə geri çəkilir. Belə bir cəmiyyətin problemi dini sözlərin azlığında deyil, mənəvi prinsiplərin gündəlik həyata keçirilməməsindədir. Çünki cəmiyyətin əxlaqı insanların dilindəki şüarlarla deyil, bir-birinə qarşı göstərdikləri davranışlarla formalaşır.
Mənim üçün insanın ən böyük mənəvi göstəricilərindən biri fərqli düşünən insana münasibətidir. Səninlə eyni inanca sahib olmayan birini alçaltmırsansa, səninlə razılaşmayan insanın fikrini dinləyə bilirsənsə, başqasının şəxsi seçiminə hörmət edirsənsə, onun haqqını qoruyursansa, bu, ciddi mənəvi yetkinlik göstəricisidir. İnsanların fərqli inanclara sahib olması onların bir-birinə düşmən olmasını tələb etmir. Əksinə, fərqliliklərin olduğu yerdə hörmət və ədalət daha böyük əhəmiyyət qazanır. Əlbəttə bu hər bir düşüncənin və davranışın tənqiddən kənarda qalması demək deyil. İnsanların fikirlərini müzakirə etmək, yanlış hesab etdiyimiz düşüncələrə etiraz etmək, zərərli davranışları tənqid etmək mümkündür. Ancaq tənqidlə təhqir, fikir ayrılığı ilə düşmənçilik, əqidə ilə insan ləyaqətini alçaltmaq arasında ciddi fərq var. Əxlaqlı insan öz fikrini müdafiə edərkən belə qarşısındakının insan olduğunu unutmur. Bəzən düşünürəm ki, insanın özünə verə biləcəyi ən çətin sual budur: mənim varlığım başqa insanların həyatına nə əlavə edir?, Mənim yanımda insanlar özlərini təhlükəsiz hiss edirlər, yoxsa daim mühakimə olunmaqdan qorxurlar?, Mənim sözlərim insanlara ümid verir, yoxsa onların qəlbində yara açır? Mənim inancım məni daha mərhəmətli edir, yoxsa başqalarını mühakimə etmək üçün mənə bəhanə verir? Bu suallara səmimi cavab vermək bəzən yüzlərlə dini mübahisədən daha faydalıdır. İnsan bir gün anlayır ki, həyatın sonunda onun haqqında deyilən ən qiymətli söz hansı dini ifadələri bildiyi deyil, necə insan olduğu olacaq. Kiminsə haqqını qoruyub-qorumadığı, çətin günündə yanında olub-olmadığı, zəifə zülm edib-etmədiyi, etibarını doğruldub-doğrultmadığı xatırlanacaq. İnsanların yaddaşında qalan yalnız söylədiyimiz sözlər deyil, onlara yaşatdığımız hisslərdir. Bəzən bir ehtiyac sahibinə uzadılan əl, bir məzlumun haqqını müdafiə etmək, bir uşağın qəlbini qırmamaq, bir insana qarşı ədalətli olmaq ən uzun nəsihətlərdən daha böyük mənəvi məna daşıyır. Din insanın inanc dünyasına, əxlaq isə onun davranış dünyasına toxunur. Bunlar bir-birini tamamlamalı olan dəyərlərdir. İnsanın dini kimliyini onun mənəvi toxunulmazlıq sənədinə çevirmək olmaz. Heç kim inancına görə başqasından üstün deyil və heç kimin dini mənsubiyyəti ona haqsızlıq etmək imtiyazı vermir. İnsan özünü nə qədər dindar hesab edirsə etsin, vicdanının qarşısında məsuliyyətdən azad deyil. Mənə görə, insanın ən böyük ibadətlərindən biri başqasının haqqına girməmək, ən böyük mənəvi zənginliyi vicdanını itirməmək, ən böyük üstünlüyü isə özünü başqalarından üstün görməməkdir. İnsanın inancı onunla Yaradanı arasındakı münasibətdir, əxlaqı isə digər insanlarla münasibətində özünü göstərir. Bir insanın inancına hörmət etmək olar, amma onun haqsız davranışlarına göz yummaq məcburiyyətində deyilik. Çünki müqəddəs hesab etdiyin dəyərləri müdafiə etməyin ən gözəl yolu onları dilində daşımaq deyil, həyatında yaşatmaqdır.
İnsan əvvəlcə yaxşı insan olmağı bacarmalıdır. Çünki başqalarına mərhəmət göstərməyən, ədaləti qorumayan, vicdanını susduran və insanları alçaldan birinin mənəviyyat haqqında söylədiyi sözlər öz davranışları ilə ziddiyyət təşkil edir. İnam insanı xeyirxahlığa çağırmalı, əxlaq isə həmin çağırışın insan həyatında gerçəkləşdiyini göstərməlidir.
Həsən Nağıyev, filosof