Krım tatarlarına muxtariyyət veriləcək: Türkiyənin rolu nə olacaq?

Krım tatarlarına muxtariyyət veriləcək: Türkiyənin rolu nə olacaq?
12:49

Krımın gələcək siyasi statusu ilə bağlı müzakirələr yeni mərhələyə qədəm qoyur. Yarımadanın Ukraynanın nəzarətinə qayıdacağı təqdirdə necə idarə olunacağı, Krım tatarlarının bu prosesdə hansı hüquqlara sahib olacağı və onların siyasi təmsilçiliyinin necə təmin ediləcəyi yenidən gündəmə gəlib. Krım tatarlarının milli lideri Mustafa Abdülcemil Kırımoğlunun Ukrayna rəhbərliyi ilə muxtariyyətin gələcək modeli üzrə razılıq əldə edildiyini açıqlaması isə məsələyə diqqəti daha da artırıb.

Kırımoğlunun sözlərinə görə, Krım Muxtar Respublikasının yeni idarəetmə modelinin yaradılması ilə bağlı hazırlıqlar başa çatıb. Lakin davam edən müharibə və hərbi vəziyyət səbəbindən Ukrayna Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi hazırda mümkün deyil. O, zərurət yaranacağı təqdirdə sürgündə respublika elan edilməsi variantının da nəzərdən keçirilə biləcəyini bildirib.

Mövzu ilə bağlı News365.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Kırımoğlunun açıqlaması Krımın gələcək statusu baxımından diqqətçəkən məqamları ehtiva edir.


Onun sözlərinə görə, Krım əvvəllər də Ukraynanın tərkibində muxtar respublika statusuna malik olub. 1996-cı il Ukrayna Konstitusiyasının 134–139-cu maddələri yarımadanın muxtariyyət statusunu, səlahiyyətlərini və idarəetmə institutlarını müəyyənləşdirib. Buna görə də hazırda müzakirə olunan məsələ sıfırdan yeni muxtariyyət yaratmaqdan daha çox, mövcud modelin siyasi və milli mahiyyətinin dəyişdirilməsi ilə bağlıdır.

Politoloq qeyd edib ki, əvvəlki idarəetmə sistemi ərazi prinsipi üzərində qurulmuşdu və yarımadada yaşayan bütün əhali bu muxtariyyətin subyekti sayılırdı. Krımın öz parlamenti və hökuməti olsa da, Krım tatarlarının milli özünüidarə hüquqları həmin modeldə ayrıca siyasi mexanizm kimi nəzərdə tutulmamışdı.

Turan Rzayevin fikrincə, indi gündəmə gətirilən yanaşma Krım tatarlarının yarımadanın yerli xalqı kimi hüquqlarının daha geniş şəkildə təmin edilməsini nəzərdə tutur. Bu, onların dövlət idarəçiliyində təmsilçiliyinin artırılması, Milli Məclisin hüquqi statusunun möhkəmləndirilməsi, ana dilinin və mədəniyyətinin qorunması, eləcə də özünüidarə mexanizmlərinin yaradılması kimi məsələləri əhatə edə bilər.

Politoloq vurğulayıb ki, burada söhbət Ukraynadan ayrılaraq müstəqil Krım tatar dövlətinin yaradılmasından getmir. Təklif olunan yanaşma Ukraynanın ərazi bütövlüyü çərçivəsində milli-ərazi muxtariyyətinin formalaşdırılmasına əsaslanır. Belə bir model Krım tatarlarının yalnız mədəni hüquqlarını deyil, həm də tarixi torpaqlarının idarə olunmasında siyasi iştirak imkanlarını genişləndirə bilər.

Krımın gələcəyində tarixi amil

Turan Rzayev diqqətə çatdırıb ki, Krım tatarlarının milli muxtariyyət məsələsi tarixi hadisələrlə də sıx bağlıdır. 1944-cü ildə Stalin rejimi tərəfindən Krım tatarlarının kütləvi deportasiyası xalqın öz doğma torpaqlarından zorla uzaqlaşdırılması ilə nəticələnib. 2014-cü ildə Rusiyanın Krımı işğal etməsi isə onların tarixi vətənlərinə qayıdışı ilə bağlı problemləri daha da dərinləşdirib.

Politoloqun qənaətinə görə, bu baxımdan milli muxtariyyət ideyası yalnız idarəçilik məsələsi deyil. Burada deportasiyanın nəticələrinin aradan qaldırılması, tarixi ədalətin bərpası və Krım tatarlarının siyasi gələcəyinin təmin edilməsi kimi mühüm məsələlər də var.

O hesab edir ki, Kırımoğlunun açıqlamasının diqqətçəkən tərəflərindən biri də onun Rusiya-Ukrayna müharibəsinin mümkün siyasi həlli ətrafında müzakirələrin davam etdiyi bir vaxtda səslənməsidir. Çünki Krımın statusu müharibənin ən mürəkkəb və həssas məsələlərindən biri olaraq qalır. Rusiya yarımadanı öz ərazisi hesab etsə də, Ukrayna Krımı dövlətinin ayrılmaz hissəsi kimi tanıyır və onun geri qaytarılmasını tələb edir.

Türkiyənin rolu arta bilər

Turan Rzayev Krımın gələcək statusu məsələsində Türkiyənin roluna da diqqət çəkib.

Onun sözlərinə görə, Ankara 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsini tanımayıb və Krım tatarları ilə tarixi, etnik və mədəni əlaqələrə malikdir. Krım tatarlarının böyük diasporunun Türkiyədə yaşaması da bu məsələnin Ankara üçün əhəmiyyətini artırır.

Politoloq hesab edir ki, Türkiyə Ukrayna ilə əməkdaşlıq çərçivəsində Krım tatarlarının gələcək muxtariyyət modelinin beynəlxalq səviyyədə dəstəklənməsinə töhfə verə bilər.

O əlavə edib ki, Krımın gələcəyi Türkiyə üçün yalnız tarixi və mədəni məsələ deyil, həm də Qara dənizdə təhlükəsizlik və regional geosiyasi maraqlarla bağlıdır. Bu baxımdan Krım tatarlarının milli muxtariyyət əldə etməsi Ankaranın regiondakı siyasi və diplomatik roluna da təsir göstərə bilər.


Sizin reklam burada
Sizin reklam burada